Şriftin ölçüsü:

Saytın rəngi:

01.04.2024

Bölgələrdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilir

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və  Rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı  ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq  "31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda tədbir keçirilib. Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Fərəcov, İmişli Rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova,  peşə liseyinin şagird və müəllimləri,  gənclər iştirak ediblər. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin  əziz xatirəsi yad edilib. Çıxışlarda natiqlər 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və Soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğulayıblar. Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı  bədii-sənədli film nümayiş olunub.

***

Martın 29-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı və  Saatlı rayonunda fəaliyyət göstərən  dini icma sədrləri,  din xadimlərinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar anım   tədbiri  keçirilib.  Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonunda fəaliyyət göstərən dini icma sədrləri,  din xadimləri  iştirak ediblər. Çıxışlarda 1918-ci ilin mart-may aylarında ermənilərin havadarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində qəddarlıqla həyata keçirdiyi soyqırımı haqqında məlumat verilib. Daha sonra  tədbir iştirakçıları tərəfindən  31 Mart Azərbaycanlıların Soyqırımı xatirə kompleksi önünə gül dəstələri qoyulub və  soyqırımı qurbanlarının ruhlarına dualar edilib.  

***

“31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti anım tədbiri Gədəbəy Heydər Əliyev Mərkəzində DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.  Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Səfərov, Qazax Tovuz Regional  Gənclər və idman idarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov və Gədəbəy şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Zamiq Söyünov və gənclər iştirak ediblər.

***

Martın 29-da DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  "31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi və Ağsu şəhər “Nuran Xatun” məscidinin imamı Nurəddin İslamov, eləcə də rayonun din xadimləri iştirak ediblər. Tədbirin iştirakçıları şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin abidəsi önünə gül dəstələri düzüblər. Çıxışlarda ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri dəhşətli faciələrdən bəhs edilib. Bildirilib ki, 31 mart bəşər tarixinin ən qəddar faciələrindən biri kimi Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb.

***

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax şəhər üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Yevlax şəhəri 2 nömrəli tam orta məktəbdə “31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Valeh Rəşidov, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə əvvəlcə şəhidlərin, Ulu Öndər Heydər Əliyevin və soyqırımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükut ilə yad edilib. Çıxış edən natiqlər ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini bildiriblər. Tədbirdə “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş etdirilib.

***

Martın 29-da Masallı rayonunda keçirilən anım tədbirinə DQİDK-nın bölgə şöbəsinin müdiri Elvin Hüseynli, Şəkidə keçirilən anım tədbirinə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Zərdab rayonunda keçirilən tədbirə isə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin  əməkdaşı Sədi Hüseynov, eləcə də hər üç rayonun din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri qatılıblar.