Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
13.11.2023 / Xəbərlər

Qəbələdə dini konfessiyaların birgə ibadət mərasimi keçirilib

Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən Qəbələnin Nic kəndində əsaslı bərpa edilən və Vətən müharibəsi günlərində istifadəyə verilən Məryəm Ana kilsəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin birgə iştirakı ilə ibadət həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Bu mənada Qəbələnin Nic qəsəbəsi təkcə ölkəmizdə deyil dünyada tolerant mərkəzlərdən biri kimi tanınır. Dünyada yaşayan udilərin ana vətəni məhz Nic qəsəbəsidir. Bu qəsəbədə iki məscid və üç kilsə fəaliyyət göstərir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Qəsəbədə Azərbaycan Udi Ocağının yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirilir.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, alban məbədlərinin, eləcə də ölkəmizdəki digər dini mərkəzlərin vaxtaşırı təmiri tolerantlığa gözəl nümunədir.

Robert Mobilinin sözlərinə görə sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.

İcma sədri bildirib ki, hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Dünyada yaşayan on min udinin 3700-ü burada məskunlaşıb. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

O da diqqətə çatdırılıb ki, hazırda Nicdə udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir.

İbadət mərasimindən əvvəl dini konfenssiya nümayəndələrinə Məryəm Ana kilsəsi barədə məlumat verilib. Onun bərpa müddətində həyata keçirilən işlərdən danışılıb.

Daha sonra kilsənin daxilində şamlar yandırılıb, birgəyaşayış mövzusunda sərgiyə baxış keçirilib.

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri öz ana dillərində ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidlərin xatirəsini hörmətlə anıb, qazilərə şəfa diləyib.