Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
16.11.2023 / Xəbərlər

İmişlidə keçirilən üçgünlük regional konfrans yekunlaşıb

İmişli rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusundakı regional konfrans noyabrın 16-da davam edib.

Tədbirin üçüncü günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Kərim Kərimov,  İmişli şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, dinə münasibətindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər. Həmçinin ölkəmizdə dövlət-din münasibətlərində həssas nəzarətlə yanaşı, ölkədə etiqad azadlığı üçün şərait yaradılıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına diqqət və qayğı göstərilir. Ölkədəki dini etiqad azadlığından sui-istifadə edərək xalqımızın yüzillər boyu mühafizə etdiyi tolerantlıq ənənələrinə xələl gətirilməsinin dövlətimiz üçün yolverilməz hal olduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dünyəvi dövlət olan Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə edilməsinə heç bir halda imkan verilmir. Bu kimi mənfi cəhdlərə qarşı həm inzibati, həm də ideoloji müstəvidə kəskin mübarizə aparılır. O da əlavə edilib ki, ölkəmizdə tarixən formalaşmış dini dəyərlər hər zaman radikalizmlə əks qütbdə dayanaraq yad ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olub. Bu baxımdan dini maarifləndirmə və radikalizmlə mübarizə sahələrində din xadimləri aktiv iştirak etməli, mövhumat, xurafat, cəhalət və bu kimi zərərli tendensiyalara qarşı mübarizə aparmalıdırlar.

Həmçinin 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününün əhəmiyyəti barədə söz açılıb.  

Üçgünlük regional konfrans iştirakçıların fikirlərinin dinlənilməsi və suallarının cavablandırılması ilə yekunlaşıb.