Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
01.02.2024 / Xəbərlər

Dövlət Komitəsi rəsmisi: Xaricdə dini təhsil almış 19 nəfər Azərbaycanda din xadimi təyin olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin AZƏRTAC-a müsahibəsi:

Hazırda məscidlərdə vakant yerlər varmı? Qadın dini ayinlərin icraçısı üçün vakant yerlər müsahibəyə çıxarılacaqmı? Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibənin nə vaxt keçirilməsi nəzərdə tutulub?

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 2022-ci ildə edilmiş son dəyişikliklərə əsasən İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyinatı məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) səlahiyyətinə verilib. Eyni zamanda, həmin dəyişikliklərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədilə Dövlət Komitəsinin Kollegiyası tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” (Qayda) təsdiq edilib.

İbadət yerlərinə din xadimlərinin təyinatı və vəzifəsindən azad olması ilə bağlı ilk və əhatəli hüquqi sənəd olan Qaydada din xadiminin təhsili, müsahibə və attestasiyanın keçirilməsinin şərtləri, ibadət yerlərindəki din xadimlərinin vəzifələri və onlar arasındakı əmək bölgüsü müəyyənləşdirilib və ilk dəfə olaraq ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsi təsis olunub. Eləcə də Qaydada dini fəaliyyət sahəsində subyektiv yanaşmaların və boşluqların aradan qaldırılması, o cümlədən şəffaflığın təminatı üçün bəndlər əksini tapıb.

Dövlət Komitəsi tərəfindən 2022-2023-cü illərdə məscidlərdə 102 vakant vəzifənin tutulması üçün 3 müsahibə keçirilib. Müsahibəyə maraq yüksək olub, vakant vəzifələri tutmaq üçün 720 nəfər sənəd verib. Həmin müsahibələrdən 277 nəfər uğurla keçib ki, onlardan 35-i qadın olmaqla, 231 nəfəri 202 məsciddə müxtəlif vəzifələrə təyin edilib. Göründüyü kimi, vakant vəzifələr 102 olsa da, təyinatlar 202 məscidi əhatə edib. Əlavə təyinatlar ehtiyat kadr siyahısı hesabına həyata keçirilib. Qaydaya əsasən müsahibədən keçmiş, lakin təyinat almamış şəxslər ehtiyat kadr siyahısına salınır və onların 2 il ərzində imtahan vermədən məscidlərdəki vakant vəzifələrə təyin olunmaq hüquqları var. Komitə tərəfindən mütəmadi olaraq həmin şəxslərə məscidlərdə yeni yaranmış vakant vəzifələr barədə məlumat verilir, müxtəlif vəzifələr təklif edilir. Razılıqları olduğu təqdirdə, onların təyinatları verilir. Bu prosedur nəticəsində yeni yaranmış 130-dan artıq vakant vəzifəyə təyinat həyata keçirilib. Bu gün ehtiyat kadrlar siyahısında 46 nəfər var.

Hazırda 2023-cü ilin dekabr ayının 13-də elan edilmiş müsahibənin imtahan mərhələsinə hazırlıq işləri davam edir. 1-i qadın dini ayinlərin icraçısı olmaqla, 7 vakant vəzifə müsahibəyə çıxarılıb. Müsahibədə iştirak etmək üçün 185 nəfər sənəd verib. Onlardan 58-i qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq istəyənlərdir.

Eyni zamanda qeyd etməliyik ki, Komitə ilk dəfə olaraq yanvar ayının 30-da İslam dininə aid ibadət evlərində işləyən din xadimlərinin attestasiyasını elan edib. Mart ayının 4 və 6-sı tarixlərində da fəaliyyət dövrünün 5 ili tamam olmuş 64 din xadimi attestasiya ediləcək.

Azad edilmiş ərazilərdəki məscidlərə din xadimləri təyinatı olub?

Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli tikinti-quruculuq işləri aparılır. Həmin ərazilərdəki dini ibadət yerlərinin, eləcə də abidələrin tikintisi və bərpasına xüsusi diqqət yetirilir. Dövlət başçısı Şuşa, Zəngilan və Laçın şəhəri, həmçinin Hadrut və Suqovuşan qəsəbələrində yeni məscidlərin təməlqoyma mərasimlərində iştirak edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşa və Ağdam şəhərlərindəki ibadət evlərinin bərpası həyata keçirilir. Onlardan ikisinin – Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” və “Saatlı” məscidlərinin təmir-bərpası artıq başa çatıb, Prezident və ailəsinin iştirakı ilə ötən ilin may ayının 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə açılışı olub.

Ötən il sentyabr ayında Mirabdulah Həsənli Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” məscidinə imam təyin olunub. Hazırda orada fəaliyyətini davam etdirir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdəki ibadət evlərinə din xadimi təyinatının məskunlaşmaya və ibadət evlərinin fəaliyyətə başlamasına paralel aparılması nəzərdə tutulub.

Ölkəmizdə xaricdə dini təhsil almış dini xadimi varmı? Və ya din xadimləri üçün xaricdə təhsil proqramı varmı, yoxdursa, gələcəkdə belə bir proqram nəzərdə tutulub?

Ali və orta ixtisas dini təhsili olan, o cümlədən xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları din xadimi ola bilərlər. Dövlət Komitəsinin təşkil etdiyi müsahibələrdə onlarla xaricdə dini təhsil almış şəxs iştirak edib. Onlardan 19 nəfəri din xadimi təyin olunub.

Eyni zamanda, qeyd etməliyik ki, bu gün din sahəsi üzrə kadr hazırlığı önəmli məsələlərdəndir. Təsadüfi deyil ki, dövlət başçısının sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ildə Bakı İlahiyyat Kolleci yaradılıb. Fəaliyyəti dövründə İnstitut Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Malayziya və digər ölkələrin müvafiq təhsil müəssisələri ilə əlaqələrini genişləndirib. Türkiyə və Qazaxıstanın ali dini təhsil müəssisələri ilə təbələ mübadiləsi proqramları da həyata keçirilib. Gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi planlaşdırılır.