Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
28.02.2024 / Xəbərlər

Bu il yeni yaradılmış Bakı İlahiyyat Kollecinə qəbul aparılacaq

Ötən ilin sonunda Bakı İlahiyyat Kollecinin yaradılması ilə bağlı qərar verilib. Hazırda tədris ocağının fəaliyyətinin təşkili istiqamətində hansı işlər həyata keçirilir, Bakı İlahiyyat Kolleci bina ilə təmin olunubmu?

Bununla bağlı sualı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova cavablandırıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda kollecin dövlət qeydiyyatına alınması istiqamətində işlər görülür: “Bildiyiniz kimi, dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Nazirlər Kabineti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması haqqında 8 dekabr 2023-cü ildə qərar qəbul edib. Həmin qərara əsasən, İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Hazırda kollecin dövlət qeydiyyatına alınması istiqamətində işlər görülür”.

Bu il kollecə qəbulun aparılıb-aparılmayacağına gəlincə, qurum rəsmisi bildirib ki, təhsil ocağına bu il qəbul nəzərdə tutulub: “Kollecə bu il qəbul aparılması nəzərdə tutulub. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Bakı İlahiyyat Kollecində həm dünyəvi, həm də dini fənlər tədris olunacaq. Kollecdə qiyabi təhsil olmayacaq. Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək. Azərbaycan İlahiyyat İnstitutunda olduğu kimi, Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin, əlavə edim ki, qızlar və oğlanlar birlikdə təhsil alacaqlar”.

Elnarə Kərimova onu da vurğulayıb ki, Bakı İlahiyyat Kollecinin filialının yaradılması nəzərdə tutulmur: “Bu məsələyə kollecin fəaliyyətinin növbəti mərhələlərində baxıla bilər”. (TNS)