Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
07.11.2023 / Xəbərlər

Bakıda “Qalibiyyətin təntənəsi” adlı konfrans təşkil edilib

Noyabrın 7-də Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və dini icmaların birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Qalibiyyətin təntənəsi” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi qaziləri, mədəniyyət xadimləri, eləcə də dini icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, şəhid atası Mürvət Əsgərov, Vətən müharibəsi qaziləri Həşim Mədətov və Sənan Həsənov, şəhid qızı Mustafayeva Göyçək çıxış ediblər. Natiqlər Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərən şəhidlərin və qazilərin göstərdikləri şücaətdən və fədakarlığından söhbət açıblar. Diqqətə çatdırılıb ki, xalqımız tarixi Zəfərin ildönümünü artıq 3-cü ildir böyük qürurla və təntənə ilə qeyd edir.

Daha sonra tanınmış sənətçilərin, həmçinin şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupunun ifasında vətənpərvərlik mahnıları səsləndirilib.