Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Müsahibələr
13.03.2024 / Müsahibələr

Səyavuş Heydərov: "İslamofobiya bəzi dövlətlərin, beynəlxalq təsisatların siyasətinə çevrilib"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Səyavuş müəllim, bu gün dünyada dini mühitdə cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?

- Bu gün birmənalı olaraq deyə bilərik ki, din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Tarixin müxtəlif dövrlərində olduğu kimi, təəssüf ki, bu gün də bəzi dairələr tərəfindən geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün dindən vasitə kimi istifadə edildiyinin şahidi oluruq. Təcrübə göstərir ki, iddialı dövlətlər, beynəlxalq güc mərkəzləri hədəf seçdikləri ölkələri iqtisadi təzyiqlərlə öz maraqları istiqamətində yola gətirə bilmədikləri təqdirdə, etnik mənsubiyyəti, xüsusilə dini siyasi alətə çevirir, bundan yararlanmağa çalışırlar. Bu səbəbdən dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik prizmasından da dəyərləndirmək zərurəti yaranıb. Müasir dövrün çağırışları fonunda milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir. Bu baxımdan ölkəmizin dini təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan ilk addım real təhdidləri, dövrün şərtlərini və dünyadakı mövcud şəraiti nəzərə almaqdır. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür. Azərbaycanın qlobal maraqların və iddiaların toqquşduğu bir regionda yerləşməsini nəzərə alaraq sözügedən məsələ prioritet olaraq daim diqqət mərkəzində saxlanılır.

- Bəs Azərbaycana dini mövqedən olan təzyiqlər barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, ölkəmiz uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiqdir. Şübhəsiz, bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edən, ictimai-siyasi sabitliyi təmin edən, günü-gündən müasirləşən, işğalda olmuş torpaqlarını öz gücü ilə azad edən və nüfuzu artan bir ölkə kimi Azərbaycanı istəməyən qüvvələr də az deyil. Bunu son vaxtlar Qərb dairələrinin niyyət və məqsədlərində sezmək mümkündür. Azərbaycanın islamofobiyaya qarşı qətiyyətlə mübarizə aparması ona qarşı beynəlxalq dairələrin təhdid və təzyiqlərinin artması ilə nəticələnib.

Eyni zamanda təəssüf doğuran məqamlardan biri də siyasiləşmiş İslam ideologiyalarının Azərbaycana ixrac edilməsi cəhdləridir. Bütün bu proseslərin fonunda cəmiyyətdə milli-mənəvi, tolerant, multikultural dəyərlərin qorunub saxlanılması ilə yanaşı, gənclər arasında təbliğ edilməsi, eləcə də hazırda dünyada gedən qloballaşma prosesindən geri qalmamaq olduqca vacibdir.

- Ötən həftə keçirilən, Azərbaycanın mədəni, dini həyatında yeni çalarlara yol açan “Dinlərarası harmoniya” festivalı barədə təəsüratlarınızı bilmək istərdik.

- Azərbaycan dövlət-din münasibətlərinin inkişafı baxımından nümunəvi ölkədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri modeli cəmiyyətin sağlam inkişafı, milli-mənəvi dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır. İstər qanunvericilik müstəvisində təsbit edilən din və vicdan azadlığı, istərsə də dövlətin siyasi xəttində din və dindarlara olan qayğıkeş münasibət ölkəmizin dinamik inkişafına, milli birlik və həmrəyliyə böyük töhfə verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində növbəti dəfə gənclərin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsini mühüm vəzifələrdən biri kimi qarşımıza qoydu. Bu vəzifənin icrası fonunda Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşəbbüsü ilə keçirilən festival vasitəsilə ölkəmizdəki dinlər və icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirmək, həmçinin cəmiyyətdə xüsusilə gənclər arasında mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin təbliği imkanı əldə etmiş olduq. Dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər sayəsində azalığına qovuşan dini abidələrin işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən “Qarabağ stendi” böyük rəğbətlə qarşılandı. Auditoriya müxtəlif mənşəli, fərqli maraq dairəsi olan insanlardan ibarət idi. Festival “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransına qatılan xarici qonaqlarda da böyük maraq doğurdu. İlk festivala çoxsaylı iştirakçının qatılması bu layihənin davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir. Həmçinin belə bir festivalın təşkili ilə Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, bütün dinlərin daşıyıcılarına bərabərhüquqlu münasibətin göstərilməsi, eləcə də dinlərarası harmoniyanın inkişafına dəstək verilməsi bir daha nümayiş olundu.

- Qeyd etdiyiniz “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransında bildirdiniz ki, islamofobiyaya qarşı mübarizə metodları konkretləşdirilməlidir. Bu barədə ətraflı şərh verə bilərsinizmi?

- Hazırda Fransa və bəzi Avropa ölkələrində islamofobiyanın vüsət alması olduqca narahatedici məqamdır. Bu, qısa müddətdə baş verən bir hadisə deyildir. Uzun müddət müəyyən maraqlı dairələr, dövlətlər tərəfindən sistemli şəkildə alt qatlarda aparılan “işlər”in, planların nəticəsidir. Məhz buna görə bu neqativ təzahürün fəsadları ilə yanaşı, səbəbləri üzərində düşünmək lazımdır. Günümüzdə bu təhlükəli tendensiyanın getdikcə kəskinləşməsi gələcəkdə bəşəriyyəti dinlərarası münaqişə ilə üz-üzə qoya bilər. İslamofobiya tendensiyasının daha da güclənəcəyi, nəticədə dinlərin mahiyyətinin və funksiyalılığının itirilməsi, yaxud xristianofobiya ilə nəticələnəcəyi proqnozu özünü doğrultmaqdadır. Bu məqamda bəzi siyasi güclərin hansısa dini düşüncə daşıyıcılarının destruktiv, radikal hərəkətlərini ümumiləşdirib bütöv bir icmaya, bəzən dövlətə aid etməsi onların məkrli planlarının üzdə görünən hissəsidir. Belə bir halda, bəşəriyyətin təhlükəsizliyi, birliyi üçün qlobal təsisatların funksiyalarının əsasında duran konsepsiyalara yenidən baxılması, bu təsisatların ədalət prinsipinə sadiq qalmaqla gücləndirilməsinin qaçılmaz olması üzə çıxır. İslamofobiyanın “Fransa nümunə”sində insan hüquqlarının pozulması gözardı edilə bilməz. Yaxın Şərqdə baş verən proseslər də ciddi siqnal olmalıdır. Bu artıq lokal, etnik münaqişə xarakteri daşımır. Dünya birliyi, beynəlxalq təşkilatlar səviyyəsində buna adekvat reaksiya verməlidir. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur. Əgər BMT səviyyəsində "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" elan edilibsə, ona qarşı mübarizə metodologiyası da müəyyənləşdirilməlidir. Daha çox söz formatında yox, əməli – yol xəritəsi formatında ərsəyə gətirilməlidir. Biganəlik və sadəcə sözdə qalan addımlar atmaqla bu təhlükənin qarşısını almaq qeyri-mümkündür. Bu məqamda Azərbaycanda formalaşmış strategiyaya diqqət çəkmək istərdim. Elə “Dinlərarası harmoniya” festivalında da bir daha bu platforma sərgilənmiş oldu. Azərbaycanda bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarının, dini qurumların fəaliyyətlərinə yaradılan şəraitin şahidi olduq.

Azərbaycan daim İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Cənab Prezident İlham Əliyev qeyd etdiyiniz konfransın iştirakçılarına müraciətində növbəti dəfə islamofobiya ilə bağlı narahatçılığını ifadə edərək, islamofobiyanın mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin vacibliyini gündəmə gətirdi. Bütün iştirakçılar arasında müzakirələr aparılmasına yol açan bu müraciətdə, xüsusilə çox incə və həssas məsələlərə toxunuldu. Biz islamofobiyanı əvvəllər yalnız aşağı səviyyədə müşahidə edirdiksə, cənab Prezident bu tendensiyanın artıq beynəlxalq təşkilatlar – Avropa Parlamenti, Avropa Şurası səviyyəsində təbliğ və təşviq edilməsini dilə gətirdi. Dünya ölkələrinin, xalqların istinad etdiyi, ümid bağladığı bu təşkilatlar artıq insanları sülhə birliyə aparmaqla deyil, dağıdıcılıqla məşğuldurlar. Cənab Prezidentin müraciətində göründü ki, bu proses olduqca təhlükəlidir, gecikmədən dərhal mübarizə tədbirlərinə, əməli fəaliyyətə keçməyin zamanı çatmışdır.

Amma bir reallığı da vurğulamalıyam ki, İslami baxışlardakı boşluqlar bəzi Qərb dairələrinin islamofobiyanı siyasətə çevirməyə və onun əsasında ideologiya formalaşdırılması işini daha da asanlaşdırır. Bu baxımdan İslami dəyərlərin dəyişən, (İslamda təhsil, dünyəvi təhsilə münasibət, uşaqların təhsildən uzaqlaşdırılması, qadına verilən hüquq, təqlid, təqiyyə və s.) və dəyişməz prinsiplərinin ayırd edilməsinin zamanı çatmışdır. İslamın meydana çıxdığı dövrlə müqayisədə bugünkü sosial münasibətlər də xeyli dəyişikliyə məruz qalıb. Müasir dövrün çağırışları, əksər İslam ölkələrindəki tənəzzül və durğunluq, həmçinin elmi, innovativ texnologiyaların sürətli sıçrayışı nəzərə alınmaqla din və elmin vəhdətinin, İslamın dünyəvilik prinsiplərinin islami dəyərlər əsasında aktuallaşdırılması zərurəti araşdırma mövzusu olmalıdır.

- İslamda dünyəvilik dedikdə nə nəzərdə tutursunuz?

- Bu gün dünyada gerçəkliyə baxarkən və ittihamedici mövqe seçərkən yalnız gördüklərimiz deyil, həm də necə görünməyimizi nəzərə almalıyıq. Dinin şərhindəki bəzi xətalar, boşluqlar bu kimi mənfi təzahürlərə yol açır. Tarixən müxtəlif dövrlərin siyasi konyukturası və ictimai nizamına uyğun verilmiş dini şərhlər günümüzdə süni şəkildə aktual saxlanılmaqdadır. Dini düşüncə elmi faktlara qarşı olduqda, müasir çağırışlarla ziddiyyət təşkil etdikdə, həyatın ümumi inkişaf qanunauyğunluqları ilə ayaqlaşmadıqda, o da eyni dərəcədə destruktiv olur və əlavə konflikt mənbəyinə çevrilir. Bu səbəbdən, dini baxışlar yenilənməli, canlanmalı, dinamik və proqressiv olmalıdır. Dinin dəyişkən prinsiplərinə əsrlərboyu müxtəlif düzəlişlər edilib, həmin dövrün reallığı nəzərə alınıb. Bu gün isə daim yenilənən dünyada dinin dəyişkən prinsipləri “tabu” elan olunub. Bu yanaşma və baxış bucağı mütləq şəkildə dəyişilməlidir. Əks halda, sadalanan bütün nüanslar birləşib dərin anlaşılmazlıq, ziddiyyət və münaqişə yaratmağa imkan tapacaqdır. Müəyyən zaman və məkana uyğun təlimə çevrilmiş və ya fərdlərin düşüncəsi olmuş bəzi şərhləri nisbilikdən çıxarıb təkəbbürlülüklə hamı və hər zaman üçün gerçək, keçərli elan etmək cəhdləri müasir dövrün reallıqları ilə ziddiyyət təşkil edir. Bu cür təfəkkür isə fanatizmi, bu isə öz növbəsində nifrət və zorakılığı qidalandırır. Fanatizm fundamentalizmlə birləşib mürtəce baxışları gücləndirir, bunlar isə fərqli inanc və düşüncəyə qarşı sərt reaksiya doğurmaqla cəmiyyətin əsaslarını, bütün demokratik dəyərləri, adından çıxış etdikləri dinlərin dəyərlərini heçə endirməklə mənəvi böhranı şərtləndirir. Belə ki, əsrlərboyu adət-ənənələrdən gələrək dinə hopmuş, dini hökmlər kimi insanlara sırınan xüsusiyyətlərlə dinin sabit, dəyişilməz prinsiplərini ayırd etməyin zamanı çatıb. 

Öncə də vurğuladığım kimi, bu gün islamofobiya artıq bir qəzəb, nifrət səviyyəsinə gəlib çatmaqla bəzi dövlətlərin, beynəlxalq təsisatların siyasətinə çevrilib. Görünən olur ki, bunun əsasında formalaşdırıb kütləyə aşılanan ideologiyanın qarşısını almaq mümkün olmayacaq və islamofobiya bütün planeti əhatə edəcəkdir. İslamofobiyanın arxasınca xristianofobiyanın gələcəyi antisemitizm, ksenofobiyanın mövcudluğu fonunda istisna təşkil etmir.

Azərbaycan islamofobiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik münaqişənin uzanmasında beynəlxalq təşkilatların din təəssübkeşliyi də böyük rol oynayıb. Ölkəmiz isə bunun müqabilində həmişə sülhpərvər missiyası, tolerantlıq və multikultural siyasəti ilə fərqlənib. Azərbaycan istər İslam, istər xristian dünyası üçün çox uyğun olan bir strategiya ərsəyə gətirib. Bu gün bizim ölkəmizdə həmrəylik, birlik özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm siyasəti dinc, birgəyaşayış ənənəsi sülhə aparan ən effektiv yol xəritəsi kimi qəbul edilməlidir. Ölkəmiz ərazicə çox böyük olmasa da, onun ərsəyə gətirdiyi platforma sanki dünyanın xilası üçündür. Azərbaycanın bu strategiyası artıq tarixin, qarşıdurmaların, humanitar fəlakətlərin sınağından keçib, özünü tam doğrultmuşdur.