Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Müsahibələr
11.12.2023 / Müsahibələr

Səyavuş Heydərov: "ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir"

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının 5 dekabr 2023-cü il tarixli Azərbaycanla bağlı hesabatı barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü il üzrə hesabatında da həmişə olduğu kimi Azərbaycanda “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş son illərdəki dəyişikliklər, o cümlədən din xadimi təyinatının Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilməsi, əqidəyə görə həbslərin aparılması, qeyri-müsəlman dini icmaların dövlət qeydiyyatına alınmaması və dini etiqadı yol vermədiyi halda “Yehovanın şahidləri”nin xidmətə aparılması ilə bağlı fikirlər yenidən gündəmə gətirilir.

Sizcə hesabatda Azərbaycan reallıqlarının təhrif edilməsinin əsl səbəbləri nə ilə bağlıdır?

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası (bundan sonra Komissiya) tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir. Əvvəla onu bildirim ki, beynəlxalq səviyyədə dini azadlıqların pozulmasını monitorinq edərək Prezidentə, Dövlət katibinə və Konqresə müvafiq tövsiyələr verməklə məşğul olan bu qurum 1998-ci ildə ABŞ-də müstəqil federal hökumət komissiyası kimi təsis edilmişdir. Yəni ölkəmizin onlar qarşısında cavab vermək kimi hər hansı bir öhdəliyi yoxdur. Ona görə bizim deyəcəklərimiz sadəcə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Komissiyanın hesabatında bəzi məqamların araşdırılmadığı, özlərinin ənənəvi və köhnəlmiş mənbələrindən istifadə edərək, hadisələrə yanlış izahatlar verilməsi görünür. Bu, hesabatın obyektivliyinə şübhə doğurur, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir. Məsələn, 2022-ci ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə edilmiş dəyişiklik nəticəsində İslam dininə aid yerlərə din xadimi təyin edilməsinin Dövlət Komitəsinin səlahiyyətinə verilməsini dini etiqad azadlığının məhdudlaşdırılması və dövlətin dinə müdaxiləsi kimi təqdim olunub. Halbuki, ölkəmizdəki İslam dini icmalarının mərkəzi qurumu olan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həmin dəyişiklikləri dəstəklədiyinə dair bəyanat vermişdir.

Həmçinin sözügedən dəyişiklik Konstitusiyaya da uyğundur. Çünki “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə din xadimləri yenə də dini məsələlərdə QMİ-yə tabedirlər. Eyni zamanda, dini icmaların dövlət qeydiyyatına alınması, onların təsisçilərinin sırasında dəyişikliklərin edilməsi proseduru asanlaşdırılmışdır. Artıq müsəlman icmalardan bunun üçün dini mərkəzlərindən təqdimat alınması tələb olunmur.

Hesabatda iddia edilir ki, dini icmaların, xüsusilə də xristian dini icmalarının dövlət qeydiyyatına alınmasında guya problemlər, məhdudiyyətlər olduğu üçün 2023-cü ildə müsəlman icması qeydiyyata alınıb, amma xristian qurumları alınmayıb.

Rəsmi olaraq bildirirəm ki, cari il ərzində Dövlət Komitəsinə qeydiyyatla bağlı yalnız müsəlman icmaları müraciət etmişdir ki, onlardan da 2-si (müsəlman) qeydiyyatdan keçmişdir. İndi qeyri-müsəlman icmalarından müraciətlərin yoxluğundan çıxış edərək bizi məhdudiyyətlər yaratmaqda və ya ayrı-seçkilik etməkdə günahlandırmaq yumşaq desək məntiqsizlikdir.

Mənsublarının sayı 50-dən az olan icmalar da öz dini etiqad azadlıqlarından irəli gələn vəzifələri yerinə yetirə bilər. Ancaq həmin birliklər dini qurum və hüquqi şəxs statusuna malik olmayacaqlar. Yeri gəlmişkən vurğulayaq ki, icmaların qeydiyyatdan keçməsi üçün 50 təsisçinin olması məsələsinin mütəmadi olaraq Azərbaycanda hüquq və azadlıqların məhdudlaşdırılması kimi təqdim olunmasını təəssüflə qarşılayırıq. Belə ki, elə ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq üzrə Ofisinin hesabatına əsasən, dünya ölkələrinin bir çoxunda, o cümlədən Xorvatiya (500 nəfər), Rumıniya (300 nəfər), Serbiya (100 nəfər), Yunanıstan (300 nəfər), Bosniya və Herseqovina (30 nəfər), o cümlədən Ermənistanda (200 nəfər) tətbiq olunan bu təcrübənin yalnız Azərbaycan timsalında qabardılmasını ayrı-seçkilik kimi qiymətləndiririk.

Eyni zamanda, qanunun tələbini yerinə yetirə bilməyən, yəni 50 nəfərdən az üzvü olan xristian icmalara öz əqidədaşlarının qeydiyyatdan keçmiş icmaları ətrafında birləşmələri və sərbəst fəaliyyət göstərmələri tövsiyə edilib.

“Yehovanın Şahidləri” dini icmasına bağlı olan şəxslərin cəlb edilməsi məsələsinə gəlincə, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə görə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu xidmətin alternativ xidmətlə əvəz olunması təsbit edilib. Lakin geosiyasi durum və bu haldan bəzi saxta icma üzvlərinin “yararlanmaq” cəhdləri nəzərə alınaraq, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin sıravi heyətinin müddətli hərbi qulluqçulardan təşkil edilməsi səbəbindən alternativ xidmətlə bağlı müvafiq qanunun qəbul edilməsi hələlik məqsədəuyğun hesab olunmur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmağa, yəni növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmağa görə cəza müəyyənləşdirilmişdir.

Nəzərinizə çatdırmalıyam ki, hesabatda adıçəkilən 2022-ci ilin sentyabrında Goranboy rayon məhkəməsi tərəfindən həbs edilmiş “Yehovanın Şahidləri” dini icmasına bağlı olan Seymur Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 1 (bir) il sınaq müddəti ilə şərti cəza tətbiq edilərək məhkəmə zalından azad olunub. Bununla da, hüquq sahəsində yeni presedent yarandı. Eyni zamanda, bu fakt göstərir ki, hansısa icmaya qarşı sistematik siyasət deyil, qanunvericiliyin tələbi tətbiq olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Bakı şəhəri “Yehovanın Şahidləri” dini icması arasında mütəmadi olaraq icmanın fəaliyyəti ilə bağlı müzakirələr aparılır. Bu əlaqələr həm icma, həm də icmanın xarici mərkəzləri tərəfindən müsbət qarşılanır. Bununla bağlı “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyası tərəfindən dəfələrlə Dövlət Komitəsinə təşəkkür məktubları ünvanlanmışdır. Üzvlər Bakı şəhəri “Yehovanın Şahidləri” dini icmasının qeydiyyatda olduğu ünvanla yanaşı, Bakıdakı əlavə iki ibadət evində, eyni zamanda, ölkə miqyasında bir sıra ünvanlarda öz dini yığıncaqlarını sərbəst və maneəsiz icra edirlər. Həmçinin, icmanın inanc əsasları ilə bağlı dini ədəbiyyatın ölkəyə idxalına və istifadəsinə heç bir məhdudiyyət tətbiq edilmir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılan vəsaitdən həmin icmaya ötən dörd il ərzində olduğu kimi 2023-cü ildə də müvafiq olaraq maliyyə yardımı edilmişdir.

Hesabat üzərində xüsusi dayanılan məsələlərdən biri də MBH üzvləri sayılan şəxslərin məsələsidir. Onlar “dini fəal” və “vicdan məhbusu” adlandırılır. Həmin həbslərə bu cür yanaşma nədən qaynaqlanır?

Son dövrlərdə Azərbaycanda müxtəlif ittihamlarla həbs olunan şəxslərin dini əqidəsinin qabardılması, bununla da cəmiyyətdə dini-siyasi mübarizənin olması təəssüratının yaradılması meyilləri artmışdır. Artıq mütəmadi olaraq, müəyyən qüvvələr şəxslərin həbs olunanadək aktiv dini fəaliyyətlə məşğul olduğuna dair informasiya olmadığı halda, cinayət məsuliyyətinə cəlb olunan kimi dini əqidələri ilə bağlı məlumatlar yaymaqla özlərinin fəaliyyətlərini pərdələməyə cəhd edirlər.

Bildirməliyik ki, din adı altında dindən siyasi məqsədlər üçün istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışan təxribatçı qüvvələr həbs edilmiş şəxslər haqqında “əzabkeş” və “qəhrəman” obrazı yaratmağa, “dini fəal”, “vicdan məhbusu” və digər adlar verməklə cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə dini mənsubiyyət heç kəsi məsuliyyətdən azad etmir, həmçinin də heç kim əqidəsinə görə həbs olunmur. Din təhdid vasitəsi deyil, bu ad altında gizlənən radikal və ekstremist dairələr ifşa olunmalıdır. Ölkəmizdə hüquq-mühafizə orqanlarının qeyd olunan istiqamətdəki qabaqlayıcı və peşəkar fəaliyyəti təqdirəlayiq hesab olunmalıdır.

Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq ifadə olunur...

Fürsətdən istifadə edərək, Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır.

Abidələrlə bağlı sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir.

Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si yararlı vəziyyətdə idi. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik.

Hesabatda Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur.

Sizcə Azərbaycana qarşı belə münasibətin kökündə nə durur?

Azərbaycan qarşı mövqenin kökündə əsasən hegemon qüvvələrin siyasi maraqları dayanır. Onların bəziləri insan hüquq və azadlıqlarının müdafiəçisi, bəziləri də dini qoruyucu adı altında digər ölkələrin daxili işlərinə qarışmaqda maraqlıdırlar. Bizim ölkəyə qarşı isə bunların hər ikisi mövcuddur. Əslində onlar öz maraqlarını təmin etməyə çalışırlar. Düşünürəm ki, insan hüquq və azadlıqları, eləcə də din adı altında digər ölkələrin daxili işlərinə müdaxilə edilməsi yolverilməzdir.

Eyni zamanda, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Komissiyanın heyətinə erməni milliyyətindən olan əməkdaşın cəlb edilməsi onun mahiyyətini bir daha sübut edir.

Burada digər bir məsələyə diqqət yetirməyinizi istəyirəm. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, son illərdə anti-İslam əhval-ruhiyyəsinin artması 28%-ə, yəni həyəcanverici həddə çatıb. Belə olan halda Komissiyaya öz ölkəsində baş verən problemlərə daha çox vaxt ayırmağı tövsiyə edirik.

Reallıqda Azərbaycanda dini vəziyyət necədir? İnsanların dini etiqad azadlığı necə qorunur?

Azərbaycan kifayət qədər həssas regionda yerləşir. Müstəqilliyini bərpa etdiyi dövrdən etibarən xarici dini dairələr ölkəmizdə radikal və ekstremist fikirlərin yayılmasında və ideyalarının daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar.

Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir. Ölkəmizdə rəsmi qeydiyyatda olan 995 dini qurumun (onlardan 958-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür), o cümlədən 2258 məscid, 16 kilsə və 7 sinaqoqun fəaliyyəti üçün hər bir şərait yaradılmışdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Bildiyiniz kimi hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edir, onları dinləyirlər.

Eyni zamanda, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülmüşdür. İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilmişdir. Artıq Şuşada dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilmişdir. Şuşada Yuxarı Gövhərağa məscidinə din xadimi təyin edilmişdir.

Həmçinin bildirməliyik ki, neçə illərdir din xadimlərinə dövlət tərəfindən maddi yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir. Onlarla birgə tolerantlığı, birgəyaşayışı əks etdirən konfranslar və s. tədbirlər təşkil edilir. Cari ildə Bibliya Cəmiyyəti və digər qeyri-islam dini icmaları tərəfindən Azərbaycanda fəaliyyətdə olan dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Quba, İsmayıllı, Kəlbəcər və s. rayonlara səfərlər təşkil olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir.

Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görülür. Xatırladırıq ki, bu məqsədlə Dövlət Komitəsi tərəfindən təkcə ötən il ABŞ-də - Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” və Belçikada - Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi” adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-nin adıçəkilən təşkilatı ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, onların rəhbərləri və mütəxəssisləri ilə müxtəlif səviyyələrdə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.

Fürsətdən istifadə edərək, bir daha həmin hesabat müəlliflərini qərəzdən uzaq olmağa və obyektivliyə çağırır, müzakirələrə daim açıq olduğumuzu bildiririk.