Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Müsahibələr
17.04.2023 / Müsahibələr

Millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Xalq" qəzetinə müsahibəsini təqdim edirik:

 

– Mübariz müəllim, bildiyimiz kimi, din təkcə mənəviyyat mövzusu deyil, həm də təhlükəsizlik məsələ­sidir. Xüsusilə Azərbaycan kimi həs­sas geostrateji regionda yerləşən ölkələr üçün bu məsələ olduqca əhəmiyyətlidir. Siz necə düşünürsü­nüz?

– Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, din­lərin qovuşduğu, qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb ara­sında körpü rolunu oynayan məkan olması burada yaşayan əhalinin di­ni-etnik tərkibinin və dini inanclarının formalaşmasında mühüm rol oynamış­dır. Azərbaycanın ərazisində tarixən müxtəlif xalqların və dinlərin nümayən­dələri birgə, yanaşı yaşayıblar, arala­rında daim dostluq əlaqələri olub. 

Azərbaycanda milli, irqi və dini zə­mində ayrı-seçkilik halları olmamış, dini-mədəni müxtəliflik tolerant və multikultural dəyərlərin inkişafına tə­kan vermişdir. Təbii ki, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxla­nılması bizdən xüsusi mənəvi məsu­liyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-isti­fadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hege­monluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalı­şıblar. Bu proses müasir dövrdə də da­vam etməkdədir. Nəticədə isə insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiy­yəti təhrif olunur və din müxtəlif siyasi oyunların alətinə çevrilir. 

Son illərdə Yaxın Şərqdə baş verən hadisələrin bu coğrafiyada yerləşən ölkələrə və onların vətəndaşlarına zərər vurmaqla yanaşı, region dövlət­ləri üçün də ciddi təhlükə yaratdığının şahidi olduq. Bunun əsas qaynağı isə dinin siyasiləşməsi və terror vasitəsinə çevrilməsidir ki, nəticədə yüz minlərlə insan həlak olub, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb. Bir sözlə, din siyasiləşəndə çox təhlükəli silaha çevrilir. Hazırkı dövrdə dini təh­lükəsizlik milli təhlükəsizliyin, o cümlə­dən qlobal təhlükəsizliyin əsas kompo­nentlərindən biridir. 

 

– SSRİ dövründə mövcud olmuş ideoloji qadağalar xalqımızın di­ni-mədəni dəyərlərinə bağlılığını sı­radan çıxara bilmədi. Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsindən sonra istər müsəlman, istərsə də xristian ölkələrindən res­publikamıza missioner təşkilatlar ayaq açıb zərərli fəaliyyət göstər­məyə çalışdılar. Ümumiyyətlə, qey­ri-ənənəvi dini cərəyanların ölkə­mizin dini durumuna təsiri hansı səviyyədədir? 

– Məlumdur ki, sovet hakimiy­yəti dövründə mövcud olan ideoloji qadağalara baxmayaraq, xalqımız özünün milli-mənəvi dəyərlərini və adət-ənənələrini qorumuş, bəzən giz­li, bəzən də aşkar şəkildə milli və dini bayramları qeyd etmişdir. Yaxın tarixi dövrü əhatə edən, mürəkkəb ictimai-si­yasi və sosial-iqtisadi şəraitdə baş verən hadisələrin təhlili ölkəmizin tale­yüklü sınaqlardan necə uğurla çıxdığı­nı bir daha göstərir. 1990-cı ilin əvvəl­lərində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan artıq vətəndaşımızın doğma yurdlarından qaçqın və məcbu­ri köçkün düşməsi, müstəqilliyini yeni bərpa etmiş dövlətin iqtisadi və sosial dayaqlarının zəif olması həmin dövrdə Azərbaycanı böyük humanitar fəlakət­lə üz-üzə qoydu. Belə çətin sosial-iq­tisadi şəraitdə humanitar yardım adı altında müxtəlif ölkələrin fondları, yar­dım təşkilatları respublikamıza ayaq açdı. Onlar ölkəmizdəki sosial-iqtisadi böhran vəziyyətindən və Qarabağda ağır döyüşlərin getməsindən istifadə edərək dini durumu gərginləşdirmək, radikal dini cərəyanların Azərbaycanda yayılması istiqamətində geniş fəaliyyət göstərirdilər. Hətta qonşu ölkələrdə fəaliyyəti qanunla qadağan edilmiş bir sıra qeyri-ənənəvi dini cərəyanların, qeyri-səmavi dinlərin mənsublarının zərərli dini təbliğatı genişlənirdi. Lakin bu cür əməllərlə məşğul olanlar müəy­yən vaxtdan sonra qanunsuz fəaliyyət­lərinin qarşısının alınacağını öncədən düşünərək gələcəkdə onların missiya­sını yerinə yetirə biləcək davamçılar yetişdirirdilər. 

Ulu öndər Heydər Əliyevin Azər­baycanda hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələrində olduğu kimi, dini münasibətlərdə də inkişaf mərhələsinin əsası qoyuldu. Dini ekstremizmə və radikalizmə qar­şı mübarizədə mühüm addımlar atıldı. Müxtəlif adlarla fəaliyyət göstərən mis­sioner təşkilatlar Azərbaycandan çıxa­rıldı və 1997-ci ildə əcnəbilər, vətən­daşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmasına qanunla qadağa qoyuldu. Dövlət-din münasibətlərinin demokratik normalar əsasında tənzim­lənməsi, radikal təriqətlərin və missio­ner təşkilatların fəaliyyətinin nəzarətə götürülməsi, tolerant ənənələrin möh­kəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşı­sının alınması istiqamətində ardıcıl təd­birlərin həyata keçirilməsinə başlanıldı. Dini etiqad və vicdan azadlığına dair ölkə qanunvericiliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təkmilləşdi­rildi. İbadət ocaqlarının və dini icmala­rın fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və ya­yılmasına qoyulmuş qadağalar Heydər Əliyevin məqsədyönlü siyasətinin nəti­cəsində aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. 

Hazırda qeyri-ənənəvi dini cərə­yanların ölkəmizin dini durumuna təsiri məsələsi daim diqqət mərkəzində sax­lanılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə bu istiqamətdə ölkəmizin bütün şəhər və rayonları­nı əhatə edən dini maarifləndirmə işi aparılır. Dini vəziyyətə təsir göstərən neqativ halların aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçi­rilir, radikal dini cərəyanların, qrupların təsir dairəsindəki dini icmalarla lazımi iş aparılır. Burada əsas meyar dini sa­bitliyə mənfi təsirlərin qarşısını almaqla yanaşı, xalqımızın milli-mənəvi dəyər­lərini qoruyub saxlamaqdır. 

Ümummilli liderin dini münasi­bətlərlə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamət­də göstərdiyi fəaliyyət milli-mənəvi dəyərlərin qorunmasına yüksək diqqə­tin ifadəsidir. Onu da qeyd edim ki, mil­li-mənəvi irsimizin, onun tərkib hissəsi kimi dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması qlobal­laşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusilə vacibdir. Çünki bu dəyərlərin tarixən xalqımızın inkişafın­da, milli dövlətçiliyimizin möhkəmlən­məsində xüsusi rolu vardır. 

 

– Vaxtilə Azərbaycanın çox sa­vadlı din xadimləri olmuşdur. Buna görə də ölkəmizin milli ideologiyası­na bağlı olan, eyni zamanda, müsəl­man dövlətlərində tanına biləcək ru­hanilərin ortaya çıxarılması üçün nə etmək lazımdır?

– Azərbaycanda müxtəlif vaxtlarda nüfuzlu dini mərkəzlər və din xadim­ləri fəaliyyət göstərmişdir. Mirzə Əbu Turab Axundzadə, Axund Mir Məm­məd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Məmmədzadə, Şeyxülislam Axund Molla Ağa Əlizadə kimi maa­rifçiliyi, yeniliyi, tərəqqini dəstəkləyən din xadimlərimiz olub. Azərbaycanda tarixən müxtəlif ictimai-siyasi quruluş­ların mövcud olması cəmiyyətin bütün sferalarında olduğu kimi, dini sahəyə də mühüm təsir göstərmişdir. Məsələn, Çar Rusiyası Azərbaycanda özünün ictimai dayaqlarını daha da güclən­dirmək üçün dini-etnik vasitələrdən istifadə edirdi. Bu məqsədlə Rusiya müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək üçün xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qu­rumu yaratmaq siyasəti yürüdürdü. Həmin dövrdə ruhanilərin müsəlman əhalisi üzərində böyük təsirə malik olduğu nəzərə alınırdı. Ona görə də müsəlman ruhaniliyini xalqın gözün­dən salmağa çalışılır və Çar hökumə­tinin tapşırıqlarını yerinə yetirən ruhani rəhbərlər vasitəsilə müsəlman əhaliyə təsir göstərilirdi. Bir tərəfdən xalqın dini hisslərini və duyğularını ifadə edə bilən ruhanilər nəzarətdə saxlanılır, digər tərəfdən ali müsəlman təbəqəsindən olan ailələrin övladları rus məktəblə­rində oxumağa məcbur edilirdi. Sovet dövründə müsəlman ölkələrindəki dini mərkəzlərdə təhsil almış ruhanilərin əksəriyyəti repressiya olundu, yas mə­rasimlərində iştirak edən ruhanilərin bir çoxunun dini savadı isə lazımi səviyyə­də deyildi. 

Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsindən sonra xalqımızın dini-mədəni dəyərlərinə qa­yıdışı üçün əlverişli tarixi şərait yaran­dı. Təəssüf ki, ölkəmizin müstəqilliyinin ilk illərində dini inancdan özlərinin geo­siyasi maraqlarını həyata keçirmək va­sitəsi kimi yararlanmağa çalışan xarici qüvvələr gənclərimizi dini təhsil almaq adı ilə xaricə aparırdı. Həmin gənclər­dən bəziləri geriyə qayıdarkən təhsil aldıqları ölkələrin dövlət-din münasi­bətlərinin, habelə həyat tərzinin təb­liğatçısına çevrilmişdilər ki, bunun da cəmiyyətimizə və dini mühitə təsirinin mənfi nəticələrini görürük. 

Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün elmi bazanın formalaşdırılması zə­rurəti yaranmışdı. Belə ki, 1990-cı ilin əvvəllərində Bakı İslam Universiteti, daha sonra Bakı Dövlət Universitetin­də İlahiyyat fakültəsi fəaliyyətə başladı. Amma Bakı İslam Universitetində tədri­sin ödənişli əsaslarla olması müəyyən çətinliklərə səbəb olurdu. 2018-ci ildə dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İns­titutu yaradıldı. Bu təhsil ocağı müasir dünyamızda gedən prosesləri mükəm­məl bilən, qabaqcıl düşüncəyə malik, elmlə dinin qarşılıqlı əlaqəsini təhlil etməyi bacaran, İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkili­yinə yol verməyəcək kadrlar yetişdirir. Bu tələbələr institutda ödənişsiz əsas­larla təhsil alırlar. 

İnstitutda İlahiyyat fakültəsi, Dinşü­naslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir və ali təhsil pilləsinin bakalavriat, magist­ratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Söz­süz ki, bu istiqamətdə bəzi problem­lərlə də rastlaşırıq. Dinlə bağlı kifayət qədər məlumatı olmayan gənclərin tez bir vaxtda din xadimi kimi formalaşma­sı o qədər də asan olmur. Bu baxım­dan gənclərin məhz dini kollec təhsili aldıqdan sonra İlahiyyat İnstitutuna daxil olmasının daha uğurlu nəticələr verəcəyini düşünürük. Qeyd etmək ye­rinə düşər ki, Azərbaycan İlahiyyat İns­titutunun ilk məzun buraxılışı olub və onlardan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitə­si tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələ­rin tutulması üçün elan edilən müsahi­bədə uğur qazanaraq din xadimi kimi təyinat alanlar da var. 

 

– Sirr deyil ki, Azərbaycan məs­cidlərində İranda təhsil almış ruha­nilər az deyil. Şübhəsiz ki, onların içərisində Vətənimizə bağlı olan insanlar da var. Bu məsələ necə tənzimlənir? Çünki bu yaxınlarda açıqlama verdiniz ki, Azərbaycan­dakı məscidlərdə İran öz adamlarını yerləşdirib…

– Dini sahəyə təkcə milli-mənəvi dəyər və vicdan azadlığı prizmasın­dan baxmaq olmaz. Hər bir dövlət bu sahəyə həm də özünün milli, ictimai və ideoloji təhlükəsizliyi kontekstində yanaşır. Azərbaycanın milli maraqla­rı baxımından biz xaricdə dini təhsili məqsədəuyğun hesab etmirik. Çün­ki hər bir ölkənin özünəməxsus döv­lət-din münasibətləri, hər bir xalqın spesifik dini həyat tərzi var. Xaricdə dini təhsil Azərbaycan üçün yad olan dövlət-din münasibətlərinin və dini hə­yat tərzinin ölkəmizə gətirilməsinə və təbliğinə zəmin yaradır. Bu mənada ən doğrusu ölkəmizdə dini təhsil almaqdır. Bunun üçün Azərbaycanda yetərincə şərait var. İrana gəlincə, bu dövlətin əsas məqsədi din pərdəsi altında öz maraqlarını təmin etmək və İrana xas həyat tərzini yaymaqdır. İranda təhsil alanlar arasında təsir altına düşən­lər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iş­tirak edirlər və hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq-mü­hafizə orqanları bununla bağlı müvafiq tədbirlər görürlər. 

İranın regionda həyata keçirdiyi fəaliyyətin təhlili onu deməyə əsas verir ki, İslam, əslində, bu ölkənin öz məkr­li niyyətini gizlətmək üçün vasitədir. İrandakı rejimin əsl məqsədi bu coğ­rafiyada məzhəbçiliyi yaymaq, inkişa­fın qarşısını almaq, öz nüfuz dairəsini genişləndirmək, kənarda molla rejimini dəstəkləyən kontingent formalaşdır­maqdır. Bunun üçün bütün vasitələrə əl atan İran məscidləri dağıdan, təhqir edən Ermənistanı dəstəkləməkdən, öz müsəlman qardaşına qarşı isə terror təşkil etməkdən çəkinmir. Bu cür çirkin fəaliyyətlə məşğul olan İran öz planları­nı reallaşdırmaq məqsədilə adamlarını məscidlərimizə də yerləşdirməyə ça­lışıb. Belə cəhdlərin gələcəkdə də ol­ması mümkündür. Amma biz buna im­kan verə bilmərik. Ərazi bütövlüyümüz qədər mənəvi bütövlüyümüz də bizim üçün önəmlidir. Məscidlər mənəvi bü­tövlüyümüzü qorumaq üçün tikdiyimiz qalalardır. Biz o qalaları nə İranın, nə də başqa bir ölkənin adamlarına etibar edə bilərik. 

Onu da deyim ki, xaricdə, o cüm­lədən İranda dini təhsil almış şəxslərin hamısını qaralamaq olmaz. Onların arasında Vətənini, dövlətini sevən, onun mənəvi sərhədlərini qorumağa hazır olan insanlar da var. Dini kadrlara münasibətdə konkret prinsipimiz var: Millətə, ümmətə xidmət, Vətənə, döv­lətə sədaqət! Millətə xidmət, dövlətə sədaqət göstərməyən ruhani məscid­də fəaliyyət göstərə bilməz. Bunu həm cəmiyyətimizin, həm də dini sahədə fəaliyyət göstərənlərin bilməsi zəruridir.

 

– Azərbaycanda dünyəvi döv­lət-din münasibətləri, multikultural dəyərlər sistemi mövcuddur. İstər­dik bu barədə danışasınız.

– Ölkəmizdə dünyəvi dövlət-din münasibətləri yüksək səviyyədə tən­zimlənir, dini sahədə sabitlik qorunur, konfessiyalar arasında qarşılıqlı anlaş­ma və etimad mövcuddur. Dövlət-din münasibətləri Azərbaycan Respubli­kasının Konstitusiyasına və qanunla­rına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə əsaslanır. Azərbaycan dünyada multikulturalizmin inkişaf etdi­yi dövlət kimi böyük nüfuz qazanmış­dır. Demokratik dəyərlərdən biri olan dini-etnik tolerantlıq cəmiyyətimizdə mühüm yer tutur. Dövlətimiz dünyada dini azadlıqların qorunması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdı­ğı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil edir. Fəxrlə deyə bilərik ki, bu gün dünya birliyində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu for­malaşan və bir çoxlarına örnək olan səciyyəvi xüsusiyyətidir. Azərbaycan­çılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin təbliği və daha da möhkəm­ləndirilməsi, multikultural və tolerant ənənələrin qorunması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa dünyada sülhün və sabitliyin təmin olunmasının mühüm vasitələrindən biri kimi baxır. 

 

– Məlumdur ki, dini maariflən­dirmə işinin səmərəli təşkili həm də ideoloji işin tərkib hissələrindən biridir. Dövlət komitəsi bu sahədə hansı işləri görür? 

– Dini maarifləndirmə işinin dövrün tələblərinə uyğun səmərəli təşkili dini sahədə gedən proseslərin tənzimlən­məsi üçün vacib əhəmiyyət kəsb edir. Burada əsas məqsəd insanlara doğru məlumatlar çatdırmaq, baş verən ha­disələrin mahiyyəti, dini sahəyə təh­didlər barədə onları xəbərdar etməkdir. Xüsusilə milli-mənəvi dəyərlərimizin qorunması üçün dini maarifləndirmə işinin düzgün təşkili zəruridir. Dini Qu­rumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmə qarşı mü­barizə, həmçinin milli-mənəvi dəyərlə­rimizin təbliği istiqamətində kompleks tədbirlər həyata keçirir. 

Dini maarifləndirmə işi onun hə­dəf qruplarının xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bu məqsədlə rayon (şəhər) icra hakimiyyətləri və hüquq-mühafizə orqanları əməkdaş­larının, təhsil müəssisələrinin, xüsu­silə, orta ümumtəhsil məktəblərinin pedaqoji heyətinin iştirakı ilə tədbirlər keçirilir. Bu tədbirlər risk qrupuna daxil olan sosial qrupların dini fanatizm, ra­dikalizm və ekstremizm meyillərindən qorunması, eləcə də xalqımızın multi­kultural, tolerant dəyərlərinin təbliği və təşviqi istiqamətində müxtəlif qurum­ların birgə və ayrıca fəaliyyətlərində effektivliyin artırılmasını nəzərdə tutur. 

Dövlət komitəsi tərəfindən dini ma­arifləndirmə işi konfrans, seminar, ve­binar, seminar-treninq, “dəyirmi masa” və digər formatlarda həyata keçirilir. Dini maarifləndirmə sahəsində işlər dövlət komitəsinin elektron mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekana­lında efirə gedən “İnam”, “Mədəniyyət” kanalındakı “Haqqın dərgahı” verilişləri vasitəsilə də aparılır. Dini maarifləndir­mə işində səmərəliliyin artırılması üçün müvafiq nəşrlərin çap edilməsi böyük əhəmiyyət daşıyır. Dövlət komitəsi və onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən xeyli sayda dini maarifləndirmə xarakterli mate­riallar, kitab, jurnal və qəzet kimi çap məhsulları ilə yanaşı, sənədli filmlər də hazırlanır.