Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
08.05.2023 / Məqalə

Ulu Öndərin irsi milli dəyərimizdir

Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq, həqiqi millət ola bilməz.

Heydər Əliyev,

Ümummilli Lider

 

Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı bağlılıq yaradan tarixi məkan kimi tanınır. Azərbaycanın davamlı inkişaf yolunda inamla irəliləməsi Ümummilli Lider Heydər Əliyevin həyat amalının, Vətən sevgisinin təntənəsidir. Atdığı hər bir addımla bu günün güclü, bütöv Azərbaycanı üçün çalışan dahi şəxsiyyət ölkəmizi yox olmaq təhlükəsinin bir addımlığından xilas edərək onu dünyaya yeni simada təqdim edib. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən xalqımızın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başlamış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.

Fövqəldüşüncə sahibi dahi liderin siyasətinin əsas fəlsəfəsi mükəmməl olmaqla bərabər, həm də əhatəli idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirmişdir. Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Ulu Öndər Heydər Əliyev xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirib. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın inkişafına mühüm təsir göstərib. Azərbaycan xalqının tarixində və taleyində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə milli-mənəvi dəyərlərimizə xüsusi əhəmiyyət verib, milli şüurumuzda inqilabi dəyişikliklər edib. Onun milli lider kimi mühüm xidmətlərindən biri də xalqımızın tarixi tərəqqi yolunu, mənəvi dəyərlərini əks etdirən azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmasıdır. Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycanın dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə görülən işlər özünüdərk duyğularını keçmiş ideoloji sistemin buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin edib, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır. Ulu öndər xalqın milli heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Müasir Azərbaycanın memarı olaraq tarixə düşən Heydər Əliyev Azərbaycanı hər zaman özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qətiyyətli addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Ümummilli Liderini sevir, parlaq zəkasını qiymətləndirir və onun yeritdiyi siyasi kursu dəstəkləyirdi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.

Heydər Əliyev müdrik şəxsiyyət kimi bir tarix, salnamə yaradıb, zamanın axarını nizamlamaq qüdrətinə sahib olub. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Ümumiyyətlə, Heydər Əliyevin həyat amalı, uzaqgörən siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1993-cü ilin yayında Azərbaycan çətin mürəkkəb şəraitdə olduğu zaman xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyildi.

Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Ümummilli Liderin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxardı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, habelə ideoloji əhəmiyyəti var idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi.

“Milli-mənəvi dəyərlərin qorunması məsələsi Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərib. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmışdır. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da əslində, Onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqında əsrlər boyu formalaşan milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Onun müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da məhz bu dayanır.”

Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003-cü illərdə) ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda inamla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da artmasını təmin edir.

Məlumdur ki, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunurlar. Elələri var ki, mənsub olduğu xalqın hüdudlarını aşa bilmir, yalnız öz doğma vətənində hörmətlə yad edilir, elə simalar da var ki, onlar öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar fəallığı, strateji hədəflərə nail olması, Azərbaycanın perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirdi.

Azərbaycançılığın inkişafında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, siyasi ideoloq və strateq olaraq da Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər 1969-cu ildə Azərbaycan SSR-in rəhbərliyinə gələrkən respublikada çox fərqli - millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Xalq iqtisadi, mədəni və mənəvi gerilikdən qurtuldu.

Tarixi faktlar da sübut edir ki, müxtəlif dünyagörüşünə, milli-mənəvi dəyərlər sisteminə, dini baxışlara sahib olan xalqların bir-biri ilə dialoq qurmaq, ortaq dil tapmağa çalışmaq kimi nəcib təşəbbüsləri bir çox hallarda bəşəriyyəti fəlakətlərdən, müharibə və toqquşmalardan xilas etmişdir. Təsadüfi deyil ki, müasir dünyada sivilizasiyaların dialoquna, tolerant düşüncə tərzinə, müxtəlif etnomədəni topluluqların birgəyaşayışına nail olmaq demokratik cəmiyyət qurmağın təməl prinsiplərindən biri hesab olunur.

Tarixən başqa millətlərə və dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda bu gün müşahidə edilən tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər sistemindən, düşüncə tərzindən qaynaqlanır. Geostrateji mövqeyinə görə müxtəlif dünyagörüşlərinin, milli-mənəvi dəyərlərin, dini-sakral baxışların qovuşduğu bu torpaqlarda yaşayan insanlar birgəyaşayışın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, fərqli mədəniyyətlərin dialoqunu öz gündəlik həyatında hiss edir.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, xalqımız tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən qoruyaraq saxlayıb və nəsildən-nəsilə ötürüb. Şübhəsiz, bunda dini etiqadın rolu böyük olub. Təsadüfi deyil ki, günümüzədək gəlib çıxan milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Həyatına daxil olan bütün dinlərin, xüsusilə də İslamın əsl mahiyyətini dərk edən, saflığını qoruyan xalqımız onun insanı paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışıb. Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmayıb, əksinə milli-dini dəyərlərinə daha böyük istəklə sarılıb. Ömrünün sonunadək milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onun qorunmasının və inkişafının hamisi olmuş ulu öndər Heydər Əliyev deyirdi ki, "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".

Milli-mənəvi dəyərlərin qorunması məsələsi Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərib. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmışdır. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da əslində, Onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqında əsrlər boyu formalaşan milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Onun müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da məhz bu dayanır. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük və qarşılıqlı hörmət mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də ulu öndər Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə, böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.

Ümummilli Lider həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.

Ümummilli Lider həm də Azərbaycan tarixində görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Müasir Azərbaycanı Heydər Əliyevin müəyyən etdiyi yolla inkişafa, tərəqqiyə aparmaq üçün bu kursa sadiq olmaqla yanaşı, məsuliyyətinin ağırlığını dərk edib onu üzərinə götürməyə hazır olan şəxsiyyət lazım idi. Heydər Əliyevin tarixi vəzifəsi Azərbaycanı qorumaq, onun dönməz inkişafı üçün zəruri zəmin yaratmaq idisə, onu güclü və qüdrətli ölkə səviyyəsinə qaldırmaq missiyasını İlham Əliyev üzərinə götürdü.

Heydər Əliyevin əsasını qoyduğu bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, dövlət maraqlarını, xalqın mənafeyini, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerant ənənələrinin güclənməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsidir.

Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara, beynəlxalq qurumların toplantılarına evsahibliyi edib. Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə töhfə vermək məqsədi daşıyan bu cür tədbirlər dövlət başçısının dövlət-din münasibətlərinin qorunmasına, dinlər, xalqlar və ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə verdiyi dəyərin, yürütdüyü siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu tolerantlıq siyasəti regionda və dünyada belə tərəfdaşlığın möhkəm fundamentini yaratmaqla bölgədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir göstərir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən lider kimi xalqımızın böyük rəğbətini qazanıb.

Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri arasında xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin bütün sahələrindəki davamlı inkişaf Prezident İlham Əliyevin qarşısına qoyduğu məqsədləri uğurla yerinə yetirdiyini göstərir. 44 günlük Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin bir daha şahidi oldu.

Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev irsinə olan sevgisini daha da gücləndirir. Mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan xeyriyyəçilik ənənələrinin dirçəldilməsində layiqli nümunə göstərən Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür.

Ulu öndər 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu uzaqgörənliyini təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana yüksək bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalqımız öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinin sədri, Yeni Azərbaycan

Partiyası İdarə Heyətinin üzvü.

“Respublika” qəzeti