Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
15.12.2023 / Məqalə

Səyyad Salahlı: "Milli-dini birlik həm də güclü millət və dövlət olmağın əsas şərtidir"

Çağımızda din sahəsində istər dövlətin, istərsə də cəmiyyətin qarşısında duran ən ümdə vəzifələrdən biri münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif inanc və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fundamentalizm, terror, məzhəbçilik, xurafat, cəhalət, radikalizm, fanatizm və dindən siyasi məqsədlərlə istifadə meylləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar.

Dinimizi araşdıranlar isə yaxşı bilirlər ki, İslam sülhü, əmin-amanlığı, ətrafla mötədil - mülayim, yumşaq, aşırılığa varılmadan davranmağı təbliğ edir. "İslam" kəlməsinin bir mənası məhz sülhdür. Bu kəlmə elə öz özlüyündə sülhün carçısıdır. Sülh dininin radikalizm, o cümlədən, terrorla necə əlaqəsi ola bilər? Bu baxımdan dinimizin qətllə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki Qurani-Kərimdə bir insanın öldürülməsi bütün bəşəriyyətin məhvi ilə müqayisə olunmuşdur: "...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur..." (Maidə, 32).

Müqəddəs Kitabımız Qurani-Kərimin "əl-Bəqərə" surəsinin 256-cı - "Dində məcburiyyət yoxdur" ayəsində isə lakonik, lakin tam mənada dini dözümlülüyü ortaya qoymuş, müsəlmanları tolerant olmağa, zorakılıqdan qaçmağa, insanları inanclarında sərbəst buraxmağa dəvət etmişdir. Uca Yaradan Həzrət Məhəmmədə (s) "İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!" (Yunus, 99) deməklə, peyğəmbərlərin belə, insanların inanclarını dəyişdirmək iqtidarına malik olmadığını bildirmişdir. 

İslamın əsas qaynaqları olan ayə və hədislərə nəzər salsaq, belə əxlaqi düsturla qarşılaşırıq: özünə qarşı görmək istəmədiyin münasibəti başqasına qarşı etmə. Qısası dinimiz bizə digər inancları anlayışla qarşılamağı öyrədir. Əslində İslam sevgidir, səbrdir, hörmətdir, qarşılıqlı anlayışdır.

Bəhs etdiyimiz ayələrdən, eləcə də hədislərdən anlaşıldığı kimi, İslam mülayimlik, ölçülülük, balanslılıq - bir sözlə, mötədillik dinidir. Bu baxımdan söz və davranışlarımız mötədilliyin mülayimlik, ölçülülük, balanslılıq prinsiplərinə uyğun olmalı, ifrat və təfrid arasında balansı qorumalı, əsla həddi aşmamalıyıq. Allah-Təala Quranın bir neçə ayəsində müxtəlif məsələlər, o cümlədən, dini mövzuda həddi aşmamaqla bağlı bizə xəbərdarlıq etmişdir. Həmin ayələrin birində belə buyurulmuşdur: "Ey kitab əhli! Öz dininizdə həddi aşmayın!" (Nisa, 4).

Çünki həddi aşmaq və ya aşırılığa varmaq insanlara və cəmiyyətə ancaq zərər vurmaqdadır. İfrat və təfrid arasında həddi gözləyərək balansı saxlamağı bacaran şəxs isə heç şübhəsiz, İslamı ən yaxşı anlamış kamil iman sahibidir. Peyğəmbərimiz (s) də məsələ ilə bağlı hədislərinin birində bizə xitab etmiş və belə buyurmuşdur: "Ey İnsanlar! Dində ifrata getməkdən çəkinin. Çünki sizdən əvvəlkiləri dində ifrata varmaq həlak etmişdir (İM 3029 İbn Macə, Mənasik, 63, N 3059 Nəsai, Mənasikul-həcc, 217).

Möminlərin əmiri Həzrət Əli (ə) isə mübarək kəlamlarının birində mötədilliyə həvəsləndirərək buyurmuşdur: "(Həyatda) mötədilliyi öz peşəsi edən kəs yoxsul olmayıb" ("Nəhcül-Bəlağə", s. 741).

Çağımızın çağırışlarından olan cəhalət və xurafata qarşı mübarizə məsələsinə gəlincə, əvvəla onu bildirək ki, maarifin fanatizm üzərində zəfər çaldığı tarixdən yaxşı məlumdur və bilik mövhumata qarşı bir sipər, bəşəriyyəti zülmətdən çıxardan və insanlığın yolunu aydınlatan bir nurdur. Yalnız təhsil sayəsində bəşər övladının müstəqil düşünməsi, dünyadakı və cəmiyyətdəki prosesləri doğru qiymətləndirməsi mümkündür. Yalnız savad fərdi dar düşüncə tərzindən qurtararaq dünyaya geniş üfüqdən baxmağa imkan verir. Çoxsaylı sosioloji sorğular da təsdiqləyir ki, radikal və ekstremist meyllər, dini-etnik münaqişələr, terror aktları daha çox savadsızlığın hökm sürdüyü ölkələrdə yayılmışdır. Orta təbəqənin formalaşdığı, təhsil səviyyəsi yüksək və kasıbçılıq göstəricisi aşağı olan dövlətlərdə isə vətəndaşlar liberal dəyərlərə, mötədil dini əqidələrə üstünlük verirlər. Təhsilli cəmiyyət zəmanənin nəbzini tutmağa, dünyada söz sahibi olmağa qadirdir. Onsuz cəmiyyət isə etnik-dini fanatizmin fonunda baş verən münaqişələrin ağuşuna yuvarlanmağa, haqqının çeynənməsinə, ideoloji işbazların oyuncağına çevrilməsinə, bir sözlə, geri qalmışlığa məhkumdur. İntellektual şəxs isə geniş düşüncəli, şübhəcil və hərtərəflidir. O, hər şeyi təhlil edir, ölçüb-biçir və planetimizdəki rəngarəngliyə təbii yanaşır. Bəşəriyyətdəki fərqlilik, yad fikirlər və adət-ənənələr savadlı adamda qorxu yaratmır. Onun zehin pəncərəsi müasir ideyalara daim açıqdır. Əsl təhsilli şəxsi nəyəsə inandırmaq, kiminsə əlində oyuncağa çevirmək, absurd ideya naminə insanları öldürməyə, yaxud kor-koranə intihara yollamaq müşkül məsələdir.

Bu baxımdan İslam elm öyrənməyi ən vacib əməllərdən saymış və bu zəruri məşğuliyyət sahəsi VII əsrdən başlayaraq getdikcə genişlənən boşluğu doldurmağa başlamışdır. Həmin dövrdə Mesopotamiya, Misir, Yunan və Roma mədəniyyətlərinin təsiri azalmışdır. Hindistanın mədəni nüfuzu və təsir dairəsi isə demək olar ki, yox olmuşdur. Həmin dövrdə Çin mədəniyyəti İslamın yaranmasından on il sonra, Tanq Sülaləsi dövründə parlamışdır. İslama qədər Çinin təsiri yalnız qonşuları ilə məhdudlaşırdı. Xüsusən, orta əsrlərdə Abbasilər tərəfindən Bağdadda qurulan "Beytül-Hikmə" adlı tərcümə və araşdırma mərkəzi tərəfindən çağımızdakı müasir elmlərin, xüsusən dəqiq elmlərin əsası qoyulmuşdur. İslamın "Qızıl Çağı" adlanan həmin dövrlərdə İslam mədəniyyəti dünya elm və düşüncəsinə meydan oxumaq dərəcəsinə gəlib çatmışdır.

Görkəmli alman şərqşünası Frans Rozentalın "Elmin zəfəri" adlı kitabında açıq şəkildə ifadə etdiyi kimi, öyrənmə və öyrətmə İslamla vəhdət yaratmışdır (Franz Rosenthal, Knowledge Triumphant, s. 70).

Qurani-Kərimdə təqribən 750 yerdə elm kökündən törəyən sözlər mövcuddur. Qurani-Kərimdə elmin hər növü təriflənmiş, bilənlərlə bilməyənlərin bir ola bilməyəcəyi açıqca ifadə edilmiş, ancaq ağıl sahiblərinin ibrət alacaqlarına diqqət çəkilmişdir: "Heç bilənlərlə bilməyənlər bir olarmı? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar" (əz-Zümər, 9).

İslam elmin, alimin və elm yolçusunun da dəyərini yüksəltmişdir. Qurani-Kərimdə "Allah içinizdən iman edənlərlə özlərinə elm verilənlərin dəyərini yüksəldər" (əl-Mücadələ, 15) deyə buyurulur. Məsələ ilə bağlı onu xüsusən qeyd edək ki, elmlə bağlı vəhy  olmuş bu ayələr Qurani-Kərimin ilk nazil olan ayələridir.

Elmin anlamı, əhəmiyyəti və funksiyası hədislərdə də vurğulanmışdır. İslam ümmətinin qəbul etdiyi dəyərlər sisteminin davamlılığı elmə bağlı olduğu üçün Həzrət Peyğəmbər (s) də elmi uca tutmuş və təşviq etmiş, elmin nafilə ibadətdən daha üstün olduğunu söyləmiş, elm öyrənmək istər kişi, istərsə də qadınlara vacib buyurulmuşdur (Tirmizi, Elm, 19; İbn Macə, Müqəddimə, 17,19).

Quran və Həzrət Məhəmmədin (s) hədislərinin işığında yola çıxan müsəlmanlar sözügedən xüsusda bir çox yenilik və kəşflərə imza atmış və beləliklə, VIII-XIII əsrlərdə İslam mədəniyyətinin yüksəliş dövrü başlamışdır.

Onlar Cəbr (ərəbcə "əlcəbr" - hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu, dahiyanə fərziyyə hesab olunurdu.

Müsəlman səyyahlar Hindistan və Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın içərilərinədək gedib çıxmışdılar. İslam dünyasında təbabət də uğurla inkişaf edirdi. Belə ki, İbn Sina (980-1037) dünyada təbib kimi böyük şöhrət qazanmışdır. Onun yüzdən çox elmi əsəri vardır. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar. İbn Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə ideyası ilə tibb elminin ehkamlarının əsasını qoydu. Onun "Tibb elminin əsasları" kitabı tam 5 əsr boyunca Avropanın ən məşhur universitetlərində dərslik kimi istifadə olunmuşdur.

Müasir dövrdə təəssüf ki, bəzi qruplar dindən və milli mənsubiyyətdən öz siyasi məqsədləri üçün istifadə edir, məzhəbçiliyə can atır, hətta milli və dini kimliyimizi qarşı-qarşıya qoyaraq cəmiyyətdə qarşıdurma yaratmağa can atırlar. Bu baxımdan qarşıda duran ən ümdə vəzifələrdən biri ölkəmizdəki sabitliyin qorunub saxlanılmasıdır. İslama gəlincə, əslində o,  cəmiyyətin milli-dini birliyini sarsıtmağa yönələn hər cür təfriqəçiliyi qadağan etmişdir. Çünki xalqların inkişaf və tərəqqisi vəhdət halında yaşamaqdan asılıdır. Birlik və həmrəyliyin olmadığı cəmiyyətlərdə isə parçalanma, kin, nifrət və düşmənçilik hökm sürər. Uca Rəbbimiz Qurani-Kərimin "Ali-İmran" surəsinin yüz üçüncü ayəsində bu xüsusa diqqət çəkmiş, düşmənçilik və çəkişməni oddan olan uçurumun kənarında olmaq kimi xarakterizə etmişdir: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi..."

Milli-dini birlik həm də güclü millət və dövlət olmağın əsas şərtidir. Buna görə də milli-dini birliyə yönəlmiş hər cür mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır. Belə zərərli ideyaların yayılmasında söz və vicdan azadlığından sui-istifadə isə yolverilməzdir. Çünki söz və vicdan azadlığı əslində hər ağıla gələnin söylənilməsi deyil, cəmiyyət üçün faydalı ideyaların irəli sürülməsidir. Bu səbəblə də müsəlman Allah Rəsulunun (s) buyurduğu kimi ya xeyir söyləməli, ya da susmalıdır. Uca Yaradan Qurani-Kərimin "əl-İsra" surəsinin 53-cü ayəsində Həzrət Məhəmmədə (s) xitab edərək buyurmuşdur ki, "bəndələrimə de, gözəl sözlər söyləsinlər, yoxsa şeytan onların arasına fitnə-fəsad salar".

Milli müxtəlifliyə gəlincə, bəşər övladının müxtəlif qəbilə və xalqlara ayrılması bir gerçəklikdir. Məsələnin hikmətini isə Allah-Təala Qurani-Kərimdə belə açıqlamışdır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" (Hucurat surəsi 13).

Anlaşıldığı kimi, insanlar bir-birini tanısınlar deyə müxtəlif millət və qövmlərə ayrılmış və hər xalqın da öz ünsiyyət vasitəsi, mənsubiyyəti, mədəniyyəti və digər dəyərləri vardır. İrqlərin və millətlərin olması, həmçinin, onlar arasında fərqlilik ixtilafa gətirib çıxarmamalıdır. Bu müxtəliflikdəki hədəf Uca Yaradanın da buyurduğu kimi ancaq tanışlıqdır. Həzrət Məhəmmədin (s) səhabələrinə nəzər yetirdikdə onların içərisində müxtəlif millət və irqlərin nümayəndələrinin olduğunu görərik. Məsələn, fars mənşəli Salman əl-Farsi, yunan mənşəli Süheyb, Efiyopiya mənşəli - qara dərili Bilal Həbəşi. Həzrət Peyğəmbər (s) həmin şəxslərə olduqca böyük hörmət və ehtiramla yanaşmış, onları yüksək dəyərləndirmiş, ərəb mənşəli səhabələrdən heç fərqləndirməmişdir.

İslama görə, insanları bir-birindən fərqləndirən meyar zahiri görkəmləri deyil, mənəvi zənginlikləri və təqvadır. Allah Elçisi (s) hədislərinin birində bu cəhətə belə diqqət çəkmişdir: "Ərəbin əcəm üzərində, ağın isə qara üzərində heç bir üstünlüyü yoxdur, üstünlük ancaq təqvaya görədir".

Şübhəsiz ki, millətimizin tarix boyu əldə etdiyi zəfərlərinin təməlində məhz dini və milli birlik dayanmaqdadır. Əsrlərcə xalqımıza hakim olan və əcdədlarımızdan bizə miras qalmış bu qardaşlıq gücümüzə güc qatmış və vətənin hər şeydən üstün tutulmasına səbəb olmuşdur.

Elə 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri də məhz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək dəmir yumruq olmağımızdır.

Çağımızın çağırışlarından biri də radikalizm və fundamentalizmlə bağlıdır. Məsələ ilə bağlı iki fərqli yanaşma mövcuddur. Belə ki, bir qrup radikal düşüncəli şəxslər yeniliyə və  müasirliyə qarşı çıxaraq tarixin çarxlarını geriyə çevirməyə cəhd edirlər (dini fundamentalistlər, xəvariclər, təkfirçilər və s). Başqa bir qrup isə İslam həqiqətlərini bilməyərəkdən və ya ona qərəzli münasibət bəsləyərək dinimizi irticaçı kimi qələmə verərək onu bir kabus halına gətirir, hər fürsətdə müsəlmanları qaralamağa çalışırlar (İslamofobiya).

Əslində isə İslamla irticanı, müsəlmanla mürtəceni eyniləşdirmək doğru deyildir. Belə ki, dinimiz cəhalətə qarşı çıxaraq elm və mədəniyyətin inkişafına təşviq etmişdir və böyük əksəriyyəti təşkil edən saf, təmizqəlbli müsəlmanlarla, İslam adına aşırı hərəkətlər edən kiçik zümrəni də bir-birindən ayırd etmək lazımdır. Çünki din adına cəhalət yayan qisim müsəlmanların çox kiçik hissəsini təşkil edir və onlar İslamın simvolu ola bilməz.

Tarixə nəzər salsaq görərik ki, İslam irticanı ortadan qaldırmaq üçün gəlmiş mədəniyyət və tərəqqi dinidir. O, qaranlıq və mühafizəkar cahiliyyə dövrünə son qoyaraq, bəşər övladına hər iki dünyada xoşbəxt olmağın yollarını göstərmiş, nəinki insanlara, hətta digər canlılara da zülm etməyi qadağan etmişdir. Bu baxımdan hər iki zümrənin iddialarına elmə və həqiqətlərə əsaslanan cavablar verməklə və insanları real düşünməyə sövq etməklə, həm din, həm də cəmiyyət qarşısında üzərimizə düşən vəzifələrimizi yerinə yetirmiş olarıq.

Çağımızda qarşımızda duran ən ümdə, ən vacib məsələlərdən biri qloballaşmanın mənfi təsirlərindən milli-mənəvi dəyərlərimizi qorumaq, onun faydalarından isə bəhrələnməkdir. Belə ki, qloballaşan dünyada cəmiyyət dəyişir, insanlararası münasibətlər tamamilə yeni müstəvidə formalaşır. Təəssüf ki, bu zaman bəzən milli-dini dəyərlərin itirilməsi ilə rastlaşır, istər obyektiv, istərsə də subyektiv səbəblərdən cəmiyyətdə bəzi mənəvi amillərin qiymətinin itirilməsi tendensiyası hiss olunur. Tarix boyu xalqımızın köklü ailə dəyərlərinə, yüksək nəzakət və mədəniyyət potensialına sahib olduğunu bilirik. Allahsızlığın təbliğ edildiyi SSRİ dönəmində belə, böyük-kiçik yeri, xeyirxahlıq, qonaqpərvərlik, başqasının tikəsinə göz tikməmək və s. xüsusiyyətlər xalqımızı "böyük sovet ailəsində" seçilənlərdən etmişdi. Lakin qloballaşma bəzən mədəni özünəməxsusluğun itirilməsi təhlükəsi yaradır.

Qloballaşmanın müsbət yönü isə xalqların dünya sisteminə inteqrasiya prosesinin sürətlənməsi, digər millətlərlə mədəni əlaqələrin genişləndirilməsi və vətəndaşların miqrasiyası ilə bağlıdır. Zənnimcə, sözügedən inteqrasiya proseslərindən və mədəni əlaqələrin genişlənməsindən elmi, texniki, eləcə də texnoloji yeniliklərin öyrənilib tətbiq olunması məqsədilə istifadə olunmalıdır.

Qloballaşmanın güclənməsi isə dünya miqyasında həm qlobal cinayətlər (beynəlxalq miqyasda cinayətkarlıq və terrorizm, narkotik, silah və insan qaçaqmalçılığı və s.), həm də bəzi zərərli vərdişlərin yayılması üçün də şərait yaradır. Zərərli vərdişlərin başında isə ağ ölüm - narkomaniya durmaqdadır. Onun ən faciəvi tərəfi isə sözügedən bəlanın xüsusən gənclər arasında yayılmasıdır. Gənclik insanların həyatında inkişaf və yetkinliyin yaşandığı bir dövrdür. Bu dövr onlarda xəyal dünyası və təxəyyüllərinin cücərdiyi, özlərini sübut etmə istəklərinin meydana gəldiyi çağdır. Bu səbəblə də insanlar gənc çağlarında yad təsirlərə daha tez məruz qalırlar. Bu baxımda cəmiyyətin güc qaynağı, gələcəyin qurucuları olan bu ilahi əmanətləri zərərli vərdişlərdən qorumaqla və onları sağlam elmli, əxlaqlı, dürüst, xoş niyyətli və cəmiyyətə faydalı yetişdirməklə çağımızın çağırışlarına ən gözəl şəkildə cavab vermiş olarıq. Gələcəyin ümidi olan elmli, ədəbli və tərbiyəli gənclərə  sahib çıxan millətlər sabaha nikbin baxarlar. Elə isə bu milli xəzinəmizi pis təsirlərdən qoruyaraq, xoşbəxt gələcəyə hazırlanaq.  Peyğəmbərin (ə) bir hədisində buyurduğu kimi, ixtiyarlar kimi düşünən, nəfsinə məğlub olmayan və qəflət içində boğulmayan gənclər yetişdirməklə qarşımızda duran ən ümdə vəzifəmizi yerinə yetirmiş olarıq.

Qarşıda duran digər çağırış vaxtın dəyərləndirilməsi və zamanın boş, faydasız  keçirilməməsi ilə bağlıdır.  Təəssüf ki, bu gün bəzi uşaqlar, yeniyetmələr və gənclər faydasız oyun proqramlarının aludəçisi olur, kafe və internet klublarda mənasız vaxt itkisinə yol verirlər.

Vaxtla bağlı o qədər müdrik deyimlər, atalar sözləri, ifadələr var ki, sayı-hesabı bilinməz. Məsələn, zamanın önəmini bildirmək üçün müdriklərimiz "Vaxtı itirsən hədər, görərsən böyük zərər" deməklə onun nə qədər qiymətli olduğunu ustalıqla vurğulamışlar. Zaman həm də görkəmli alim Tomas Edisonun sözü ilə ifadə etsək, ən böyük sərmayədir. Elə görkəmli müsəlman alimi, coğrafiya, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya və mineralogiyaya aid 150-dən çox əsərin müəllifi Əbu Reyhan əl-Biruni də bu sərmayəni son nəfəsinədək layiqincə qiymətləndirməkdə  sonrakı nəsillərə nümunə olmuşlar. Belə ki, bir gün Əl-Biruni ağır xəstələnir, yaxınları da həkim çağırırlar. Onu müayinə edən həkimlər alimin son günlərini yaşadığını söyləyirlər. Yaxınları vəziyyətinin ümidsiz olduğunu Əl-Biruniyə bildirdikdə o deyir: "Neçə vaxtdır riyaziyyata aid çözə bilmədiyim bir məsələ var. Xahiş edirəm  riyaziyyatçıları çağırın, ömrümün son günlərində də olsa, həmin məsələni birlikdə həll edək və mən bu dünyadan rahat köçüm". Alimin son vəsiyyətini yerinə yetirirlər. Bundan sonra Əl-Biruni yaxınları ilə halallaşaraq, dünyadan təbəssümlə köçür.

İtirdiklərimizi qaytarmaq, qüsurlarımızı düzəltmək üçün bu əmanəti layiqincə dəyərləndirək. Doğumla verilən, ölümlə alınan, dəqiqəsi belə itirilməməsi zəruri olan bu müqəddəs əmanətə sahib çıxaq.

 

Səyyad Salahlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist

 

525-ci qəzet