Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
28.09.2023 / Məqalə

Qarabağda yeni mərhələnin başlanğıcı: Azərbaycanın birgəyaşayış təcrübəsi

Qədim və zəngin tarixə malik olan, Şərqlə Qərbin qovşağında yerləşən  Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkandır. Ölkəmizdə ta qədim dövrlərdən müxtəlif etnik-dini köklərə mənsub olan insanlar heç bir diskriminasiyaya məruz qalmadan birgəyaşayış ənənələrini günümüzədək qoruyub saxlamışdır. Birlikdə yaşamaq ənənəsinin dövlət tərəfindən qayğı ilə əhatə olunmasının məntiqi nəticəsidir ki, bu gün ölkəmiz dünyada ən yaxşı nümunələrdən biri kimi qəbul olunur.  

Həm demokratik dəyər, həm də multikultural cəmiyyətin ən ali keyfiyyətlərindən olan birgəyaşayış təcrübəsi dövlətimiz tərəfindən müasir dövrün çağırışlarına, tələblərinə uyğun istiqamətdə daha da inkişaf etdirilir. Çünki birgəyaşayış sağlam ictimai münasibətlər mühitinin formalaşması, fərdi və sosial planda təhlükəsizliyin təmin olunması baxımından əvəzedilməz dəyərdir. Xüsusilə, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dini etiqad azadlığının bərqərar olunması, dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər hüquqların tanınması bütün dini icmalar, konfessiyalar qarşısında geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif dinlərin, etnik qrupların nümayəndələri dinc birgə yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Azərbaycan dünyada məscid, kilsə və sinaqоqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Bundan başqa, bir çox dini tədris müəssisələri də ölkə ərazisində sərbəst şəkildə fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir.

Sözsüz ki, ölkəmizdə müxtəlif millətlərə və dinlərə mənsub insanların hüquqlarının, o cümlədən onlar arasında dözümlülük mühitinin, birgəyaşayış ənənəsinin dövlət səviyyəsində qorunub-saxlanılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çoxkonfessiyalılığı Azərbaycan xalqının sərvəti kimi dəyərləndirən Heydər Əliyev bu reallığı belə ifadə etmişdir: “Azərbaycan milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətənidir. Onlar həmişə mehriban qardaşlıq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq şəraitində yaşamış, vətənin sevincini də, kədərini də birgə bölüşmüşlər. Öz tarixi ənənələrinə sadiq qalan müstəqil, demokratik Azərbaycan dövlətində bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmadan bütün vətəndaşların vicdan azadlığı, dini etiqad sərbəstliyi təmin  edilmişdir”.

Günümüzdə ölkədə mövcud olan tolerant və birgəyaşayış mühitinin daha da möhkəmlənməsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəni daha da inkişaf etdirərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir: “Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir”.

Qeyd edim ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da Qarabağda Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasından sonra erməni sakinlərinin reinteqrasiyası məsələsi daha da aktuallaşıb. Sentyabrın 21-də Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda, eləcə də sentyabrın 25-də müzakirələrin davam etdirilməsi məqsədilə Xocalıda keçirilən görüşdə Azərbaycanın gələcəkdə birgəyaşayışla bağlı baxışları onlara çatdırılıb. Dövlətimiz tərəfindən bu proseslərin tənzimlənməsi ilə bağlı müvafiq Komissiya yaradılıb. Əslində, erməni separatçıları uzun illər belə bir fikir formalaşdırmağa çalışırdılar ki, guya “Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə aqressiv münasibət sərgiləyir, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirəcəkdir. Bu səbəbdən də Qarabağda yaşayan erməni sakinlərinin Azərbaycana reinteqrasiyası mümkün deyil”. Ancaq Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, çoxmillətli, çoxkonfessiyalı dövlət olan Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Dövlət başçımız antiterror tədbirlərinin dayandırılması ilə bağlı xalqa müraciətində bu məqama xüsusi diqqət yetirərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir. Deməli, Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən erməni sakinləri də eyni hüquqlardan faydalanacaqlar. Çünki tarix boyu öz multikultural və birgəyaşayış dəyərləri ilə seçilən Azərbaycan xalqı bu ənənələrə hər zaman olduğu kimi, bu gün də böyük əhəmiyyət verir. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin reinteqrasiyası məsələsi daha çox qarşı tərəfin necə addım atacağından asılıdır. Əgər ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri birgə yaşamağı bacarırlarsa, yalnız Qarabağda yaşayan erməni sakinlər bundan imtina edirlərsə, deməli, problemi illərdir yanlış ideologiya ilə zəhərlənmiş düşüncələrində görməlidirlər. Onlar düşmənçiliyə, kinə, nifrətə son qoya bilsələr, birgəyaşayışın mümkün olacağı şübhəsizdir və bu, Cənubi Qafqazda sülhün bərqərar olmasına ciddi töhfə verəcəkdir. Azərbaycan ərazisində yaşayan bütün xalqların və dinlərin nümayəndələrinə yaradılan yüksək şəraitin Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən erməni sakinlərə də şamil olunacağını Azərbaycan Prezidenti dəfələrlə bəyan edib. Dövlət başçımız sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: “Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar. ...Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik”.

Nəticə etibarilə, dövlətimiz milli mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların təhlükəsiz həyat şəraitini necə təmin edirsə, Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən erməni sakinlərinin də bütün hüquqlarının qorunmasına və təhlükəsiz yaşamasına təminat verəcəkdir. Çünki Azərbaycan tarix boyu multi-etnik və çoxkonfessiyalı ölkə olduğu üçün onun tarixin sınağından çıxmış birgəyaşayış təcrübəsi bütün dünyada nümunə kimi göstərilir. Təsadüfi deyil ki, Qarabağda yaşayan erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan Teleziyasına müsahibə verərkən, vaxtilə azərbaycanlılarla mehriban yaşadıqlarını, birgəyaşayış ənənəsinin mövcud olduğunu açıq etiraf etdilər. Bu baxımdan Azərbaycan vətəndaşlığını qəbul edən və xalqımızla dinc yanaşı yaşamağı seçəcək ermənilərin reinteqrasiyası və təhlükəsiz yaşaması üçün hər cür şəraitin yaradılacağı şübhəsizdir. Artıq Qarabağın erməni sakinləri də Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolunun olmadığını və onlar üçün azərbaycanlılarla birgə yaşamağın daha yaxşı gələcək vəd edəcəyini dərk etməyə başlayıblar.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov

"Azərbaycan" qəzeti