Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
19.04.2023 / Məqalə

Heydər Əliyevin siyasəti: dövlət-din münasibətləri

Azərbaycan dövləti öz vətəndaşları üçün Konstitusiyada təsbit olunmuş bütün azadlıqların, o cümlədən vicdan azadlığının təmin edilməsini öz siyasətinin əsas tərkib hissəsi hesab edir. Azərbaycanda formalaşmış dövlət-din münasibətləri beynəlxalq aləmdə bu sahədə səmərəli və əlverişli model kimi qəbul edilir.

Ümummilli Lider Heydər Əliyev

 

Azərbaycan dünyada zəngin milli-mənəvi dəyərlərə malik olan dünyəvi dövlət kimi tanınır. Müxtəlif tarixi dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və digər dinlərin Azərbaycanın ərazisində yayılması ölkəmizdə tolerant mühitin yaranmasında böyük rol oynamışdır. Xalqımız ən keşməkeşli, siyasi-ideoloji qadağaların mövcud olduğu dövrlərdə belə milli-mənəvi dəyərlərini və onun tərkib hissələrindən biri olan dini ənənələri qorumuşdur. Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi respublikamızda dini münasibətlərin demokratik prinsiplər əsasında inkişafı üçün əlverişli imkanlar yaratdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərində də inkişaf mərhələsinin bünövrəsi qoyuldu. Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ölkəmizin dövlət-din münasibətləri modelinin dünyəvilik prinsipi əsasında formalaşması üçün hüquqi təminat yaratdı.  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin vətəndaşları dini baxışlarından asılı olmayaraq azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi və onlar milli həmrəyliyin möhkəmlənməsində, müstəqil dövlət quruculuğu proseslərində fəal iştirak etməyə başladı. Azərbaycanda yaşayan dini-etnik qruplar özlərinin dini-mədəni dəyərlərini və etnoqrafik ənənələrini qoruyub saxladılar. Dini-mədəni müxtəlifliyin təmin olunması Heydər Əliyevin apardığı siyasətin əsas məqsədlərindən birini təşkil etmişdir. Azərbaycanın dövlət-din münasibətləri modelinin möhkəmləndirilməsi məqsədilə dövlət maraqlarının müdafiəsi, vicdan və dini etiqad azadlığına dair konstitusion normaların təmin olunması, dövlət orqanları ilə dini qurumlar arasında münasibətlərin hüquqi tənzimlənməsi, dövlət orqanları ilə dini qurumlar arasında münasibətlərin hüquqi tənzimlənməsi, dini konfessiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması, dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dini maarifləndirə işinin təşkili, dini müxtəlifliyin qorunması və dinlərarası dialoqun inkişaf etdirilməsi, dini fəaliyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,  dini qurumların əsaslandırılmış təklif və tövsiyələrinin nəzərə alınması, dini qurumların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə nəzarət olunması və s istiqamətlər üzrə məqsədyönlü siyasətin aparılmasına başlanıldı.

Bu sahədə əldə olunan uğurlar Azərbaycana dünya birliyində multikulturalizmin və tolerantlığın inkişaf etdiyi dünyəvi dövlət kimi böyük nüfuz qazandırdı. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə dünyəvi dövlət-din münasibətlərinə dair qanunvericilik sistemi təkmilləşdirildi. Ölkəmizdə dövlət orqanları ilə dini qurumlar arasındakı münasibətlərin demokratik normalar çərçivəsində tənzimlənməsinə başlanıldı. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.

Ölkəmizdəki dini dözümlülük mühiti dini konfessiyalar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin etdi. Azərbaycanda dini müxtəlifliyin və dinlərarası dialoqun möhkəmlənməsi üçün mühüm addımlar atıldı. Dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, müxtəlif dini etiqadları təmsil edən dini qurumlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsi, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycanın dövlət-din münasibətləri modeli xalqımızın milli-mənəvi dəyərləri ilə sıx şəkildə bağlıdır ki, bunun da ciddi tarixi-siyasi əsasları vardır. Belə ki, tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün milli-mənəvi dəyərlərini qoruyub saxlamışdır. Heydər Əliyev Azərbaycanın əhalisinin çoxmilli tərkibə malik olmasını xalqımızın milli sərvəti, üstünlüyü kimi qiymətləndirmişdir. Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bunun nəticəsində milli mənlik şüuru inkişaf etmiş, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yaranmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərə azərbaycançılıq məfkurəsinin tərkib hissələrindən biri kimi yanaşaraq bildirmişdir: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycanda dini sabitlik möhkəmləndi. Dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların ölkəmizdə təbliği cəhdlərinin qarşısı alındı. Dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dövlət siyasətinin mühüm məqsədləri müəyyən edildi. Ümummilli Lider səmavi dinlərin, o cümlədən İslam dininin zorakılığa qarşı olduğunu bildirərək vurğulamışdır ki, bəzi dairələr qərəzli siyasi məqsədlərinə nail olmaq üçün dindən vasitə kimi istifadə edir. Həmişə sülh, əmin-amanlıq, qardaşlıq kimi humanist prinsiplərin carçısı olan İslam dini ona etiqad edən insanlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirir. Bu baxımdan, demək olar ki, öz cinayətkar əməllərini dini şüarlarla pərdələməyə çalışan bəzi terrorçu qrupların, ayrı-ayrı adamların fəaliyyətinin İslam dini ilə heç bir əlaqəsi yoxdur, onların əməlləri İslamın humanist prinsiplərinə tamamilə ziddir. Heydər Əliyevin əsasını qoyduğu dünyəvi dövlət-din münasibətlərinin mühüm tərəflərindən birini dinlərarası dialoq təşkil edir. Bu dialoq cəmiyyətdə sabitləşdirici faktor rolunu oynayır və onun vasitəsilə insanlar özlərinin dini-mədəni təcrübəsini, tələbatlarını və arzularını bölüşür. Dinlərarası dialoq müxtəlif dinlərin nümayəndələri arasında dini həmrəylik yaradan vacib amillərdən biridir. Elmi nəşrlərdə və beynəlxalq təşkilatların materiallarında “dinlərarası dialoq” ifadəsi müxtəlif aspektlərdən izah edilir. Hesab olunur ki, bu dialoq öz mahiyyətinə görə: dinlərarası əlaqələrin açıqlığına, dini müxtəlifliyə, tolerant dəyərlərə əsaslanan sosial prosesdir; tolerant şəraitdə dini-mədəni qarşılıqlı təsiri ifadə edən sosiomədəni praktikadır; dərk edilmiş və məqsədyönlü fəaliyyətə söykənən, müxtəlif dini dünyagörüşü olan insanlar arasında tolerant münasibətləri təmin edən strategiyadır; dini ünsiyyət formasıdır və s. Dinlərarası dialoq fərqli dini dəyərlərə hörmətlə yanaşmaq deməkdir.

Azərbaycan dünyada dinlərarası dialoqun inkişaf etdiyi məkan kimi tanınır. Heydər Əliyevin dinlərarası dialoqla bağlı apardığı siyasətə görə, müxtəlif dini ənənələrə bir-birindən təcrid olunmuş şəkildə baxıla bilməz. Bəşəriyyəti narahat edən qlobal problemlərin aradan qaldırılması üçün dinlərarası dialoqun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dialoqun möhkəmlənməsində ölkəmizin maddi-mədəni potensialı, əlverişli coğrafi mövqeyi və dini-etnik mühiti vacib rol oynayır. Dini təhlükəsizlik bütün dövrlərdə olduğu kimi, hazırda da dünya ölkələri üçün vacib əhəmiyyət daşıyır. Məlumdur ki, XX əsrin sonlarından etibarən dünyanın geosiyasi mənzərəsində mühüm dəyişikliklər baş verdi. Münaqişələrin, lokal müharibələrin sayı artdı, dini təhlükəsizliyə siyasi-ideoloji, dini-etnik və s. xarakterli təhdidlər yarandı. Aydın oldu ki, dünya dövlətlərinin birgə mübarizəsi nəticəsində onların qarşısı alına bilər. Bütün bunlardan irəli gələrək ölkəmizdə dini sabitliyin qorunub saxlanması və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması dövlət siyasətinin əsas vəzifələrindən birini təşkil etdi. Azərbaycan xalqının dini-mədəni kimliyinin qorunması Heydər Əliyevin apardığı siyasətdə özünə mühüm yer tutmuşdur. Dini-mədəni kimliyin möhkəmlənməsinə ölkəmizin yerləşdiyi coğrafi ərazi, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri, əhalinin dini-etnik tərkibi və s. mühüm təsir göstərir. Qeyd edək ki, dini-mədəni kimlik müxtəlif komponentlərdən ibarətdir. Onun birinci komponentinə keçmiş, indi və gələcək arasındakı varislik prinsipi daxildir. İkinci komponenti mənəvi-əxlaqi dəyərlər təşkil edir. Üçüncü komponent isə özündə milli-dini inkişafa dair baxışları ehtiva edir. Heydər Əliyev xalqımızın dini-mədəni kimliyinin qorunmasında dini adət-ənənələrin böyük rol oynadığını bildirmişdir. Ramazan bayramı münasibətilə Ümummilli Lider çıxışlarının birində qeyd etmişdir: “Ramazan bayramı müsəlmanların müqəddəs bayramlarından biridir. Bu bayram həmişə müsəlmanlara xeyir-bərəkət gətirib, sülh, əminamanlıq gətirib, dostluq-mehribanlıq gətiribdir. Təəssüflər olsun ki, biz Azərbaycanda bu bayramı yalnız son illər ümummilli bayram, xalq bayramı kimi qeyd edirik. Yəni son illərə qədər belə bayram etməmişik, indi edirik. Keçmiş illərdə Sovet ittifaqının hər yerində olduğu kimi, Azərbaycanda da din yasaq edildiyinə görə, bu bayramlar qadağan olunduğuna görə insanlar bunları öz ailəsində, evində, qəlbində bayram ediblər”.

Ümumdünya tarixindən məlumdur ki, dini-mədəni kimliklə uzlaşmayan, hətta bəzən ona zidd olan mənfi təsirlər dini-etnik zəmində problemlərin yaranmasına gətirib çıxarmışdır. Bu cür xoşagəlməz halların qarşısının alınmasında multikulturalizmin böyük əhəmiyyəti vardır. Çünki multikulturalizmin, eləcə də tolerantlığın əsas xüsusiyyəti dini-mədəni kimliyə və dini-etnik müxtəlifliyə hörmət etməkdən ibarədir. Buna görə də Heydər Əliyevin siyasətində müxtəlif millətlərin və xalqların din-mədəni ənənələrinə, özünəməxsusluğuna hörmətlə yanaşılmış, ümumbəşəri dəyərlərin zənginləşməsinə onların verdiyi töhfələr yüksək qiymətləndirilmişdir. Heydər Əliyevin Azərbaycanda dünyəvi dövlət-din münasibətlərinin inkişafı istiqamətində apardığı siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə nailiyyətlərin əldə olunmasında dini müxtəlifliyin qorunması və dinlərarası dialoq mühüm rol oynayır. Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi, Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”. Prezident İlham Əliyevin siyasətində qloballaşma ilə milli-dini kimlik arasındakı qarşılıqlı təsirə mühüm diqqət yetirilir. Nəzərə alınır ki, milli-dini kimlik ölkəmizin davamlı inkişafında və onun dünya birliyində böyük nüfuz qazanmasında əhəmiyyətli rol oynamaqla yanaşı, özündə dünyəvi dövlət-din münasibətləri modeli ilə bağlı baxışları ehtiva edir.

Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinin hüquq bərabərliyini təmin edir. Ölkəmizdə dini qurumların fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda 993 dini qurum dövlət qeydiyyatından keçmişdir ki, onların 956-sı İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 748 pir və ziyarətgah müəyyən edilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-i məscid, 139-u məbəd, 192-i ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Azərbaycanın dövlət-din münasibətləri modelinin əhəmiyyətini ictimai fikrə çatdırmaq üçün dini maarifləndirmə işinin səmərəli şəkildə təşkili istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması mənəvi dəyərlərin qorunması və dövlət-din münasibətlərinin inkişafına dair proqramların hazırlanaraq həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini-mənəvi dəyərlərin qorunub saxlanılması və zənginləşməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi onların fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır ki, bu da dövlət-din münasibətlərinin inkişafına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Ölkəmizdə müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, həmçinin dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparılır. Müasir dövrdə dinin geosiyasi proseslərə təsirinin güclənməsi bir sıra səbəblərdən irəli gəlir. Belə ki, ölkələrin dini təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik xarakterli təxribatlar törətməyə çalışırlar. Onlar dini ayrı-seçkiliyə və ekstremizmə əl atmaqla din pərdəsi altında sabitliyi pozmağa cəhd göstərir, iddia edirlər ki, guya dinlərarası dialoq dini-mədəni kimliyə xələl gətirir. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bu yanaşma dini ekstremizmin və ksenofobiyanın güclənməsinə rəvac verir. Nəzərə alınmalıdır ki, bəşəriyyətin mütərəqqi inkişafını dini-etnik müxtəliflik olmadan və sivilizasiyalararası dialoqsuz təsəvvür etmək çox çətindir. Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dinlərarası dialoq cəmiyyətin harmonik inkişafı üçün zəmin yaradan meyarlar formalaşdırır, dini-mədəni dəyərlər arasında bağlılığı təmin edir.

Azərbaycanın dövlət-din münasibətləri modeli dini ekstremizmə qarşı mübarizədə təsirli mexanizmə malikdir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsasları müəyyən olunmuş, dini ekstremizmə qarşı mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələri təsbit edilmişdir. Azərbaycan dövləti dini ekstremizmə qarşı mübarizə sahəsində fəal siyasət aparır və onun vəzifələri sırasına ölkəmizin konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar, yaxud ləğv edilməsi və s. daxildir. Azərbaycanın dövlət-din münasibətləri modeli dini-mədəni müxtəlifliyin qorunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”, 2017- ci il isə “İslam Həmrəyliyi ili” elan edilmişdir ki, bu da tolerant və multikultural dəyərlərə dövlət səviyyəsində böyük əhəmiyyət verildiyinin bariz nümunəsidir. Azərbaycan dövlətinin bu sahədə apardığı siyasət belə bir prinsipə əsaslanır ki, cəmiyyətin inkişafında dini-mədəni həmrəylik mühüm rol oynayır. Tarixi təcrübələr sübut edir ki, dini-mədəni həmrəylik dünyada dini zəmində münaqişələrin yaranması ehtimalını azaldır və yaxud onların zorakı vasitələrlə deyil, qarşılıqlı anlaşma yolu ilə həllində vacib rol oynayır. Müasir dövrdə dinlərarası dialoq həm də beynəlxalq münasibətlərə təsir göstərən ciddi faktorlardan biridir. Azərbaycan dövlətinin siyasətində dinlərarası dialoqun yalnız milli çərçivədə deyil, həm də beynəlxalq səviyyədə inkişafına böyük diqqət yetirilir. Ölkəmizin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərdə (Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Bakı Sammiti və s.) çıxış edən dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər və başqaları Azərbaycanın dövlət-din münasibətləri modelini, dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirir, bunun dünya ölkələri üçün böyük örnək olduğunu vurğulayırlar. Vicdan və dini etiqad azadlığının təmin olunması, dini konfessiyaların sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması sahəsində 19 Azərbaycanın əldə etdiyi uğurlar Dünya Dini Liderlərinin 2010-cu və 2019-cu illərdə Bakıda keçirilmiş sammitlərində geniş müzakirə olunmuşdur. Tədbirlərdəki çıxışlar zamanı dünyada sülhün və əmin-amanlığın həm də dinlərarası dialoqla bağlı olduğu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, dinlərarası dialoq universal xarakter daşıdığına görə fərqli dinlər arasında anlaşma üçün böyük əhəmiyyət kəsb edir; dinlərarası dialoqun möhkəmlənməsi üçün regional və beynəlxalq səviyyələrdə müzakirələr aparılmalıdır; dini radikalizm və ekstremizm, habelə dini münaqişələrə səbəb olan digər halların qarşısını almaq üçün dini maarifləndirməyə xüsusi diqqət yetirilməlidir və s. Dünyada gedən qloballaşma prosesinin dini-mədəni kimliyə təsirinin öyrənilməsi aktuallıq kəsb edir. Qloballaşma xalqların dini-mədəni kimliyinə müxtəlif xarakterli çətinliklər törətməyə çalışsa da, bu, əks nəticə verir – xarici təsirlərə müdafiə reaksiyası kimi dini-mədəni özünüdərk güclənir. Tədqiqatçıların fikrincə, qloballaşmanın dini-mədəni kimliyə təsiri qaçılmazdır və bu məsələyə dair müxtəlif yanaşmalar mövcuddur. Birinci yanaşmaya görə, dini-mədəni kimlik keçmiş dəyərləri qoruyub saxlamağa çalışmaqla, qlobal kimliyin formalaşmasına çətinliklər yaradır və cəmiyyətdə mənəvi yeniləşmələrin qarşısını alır. Digər yanaşmaya görə, qloballaşma dini-mədəni kimliyə və özünüdərkə mənfi təsir göstərir. Azərbaycanın dövlət-din münasibətləri modeli milli-dini həmrəyliyin möhkəmlənməsində böyük rol oynayır və bu faktor özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Həmin dövrdə müxtəlif dinlərə etiqad edən ölkə vətəndaşları Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həmrəylik nümayiş etdirdilər. Onların müharibədə döyüşlərdə fəal şəkildə iştirakı dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin vətəndaşlarının azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyinin bariz ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafı və təbliği istiqamətində qoyduğu yolun davam etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Fond yarandığı gündən etibarən tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində nəhəng layihələr həyata keçirməkdədir. Ulu Öndərin adını daşıyan Fond dahi şəxsiyyətin  ali məqsədini uğurla davam etdirərək milli-mənəvi dəyərlərimizin hamisi kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun  əldə etdiyi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdəki abidələrimizin, məscidlərimizin bərpası və yenilərinin inşa edilməsi üzrə layihələrə başlamaqla Heydər Əliyev Fondu öz tarixi missiyasına sadiqliyini bir daha göstərir.  Sadalanan bütün bu layihələr, tarixi-dini, mədəni abidələrə qayğı, dini dəyərlərimizə verilən dəyər Ulu Öndərimizə ən böyük etimad nümunəsidir.

Yuxarıda qeyd edilənlərin ümumiləşdirilməsindən aydın olur ki, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək demokratik prinsiplərə əsaslanır. Bu sahədə aparılan dövlət siyasətinin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Milli maraqlara əsaslanmaq, rasionallıq və məqsədyönlülük dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan dövləti regional və beynəlxalq səviyyələrdə dini təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət aparır. Vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dinlərarası dialoqun genişlənməsi və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində ölkəmizdə dini sabitlik qorunur.

 

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

"Azərbaycan" qəzeti