Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
24.11.2023 / Məqalə

Heydər Əliyev və multikulturalizm siyasəti

Ölkəmizin ən güclü dövrünü yaşadığı, adını qalib dövlət kimi tarixə yazdırmasının üçüncü ildönümünü misilsiz bir məmnunluq hissi ilə yaşayırıq. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlarla yanaşı, həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin nəticəsi idi. Bu birlik və həmrəyliyin nümayişi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uğurla və uzaqgörənliklə həyata keçirdiyi multikulturalizm siyasətinin təntənəsi idi.

Multikulturalizmin fəal şəkildə dəstəklənməsi Azərbaycanın siyasi və sosial-mədəni tarixində silinməz iz qoyan Ulu öndər Heydər Əliyevin siyasi strategiyasının əsas aspektlərindən birini təşkil edirdi. Çünki mədəni və etnik fərqliliklərin qovşağında yerləşən Azərbaycanda sabitliyin təmin olunması xüsusi yanaşma gərəkdirirdi. Ümummilli lider hesab edirdi ki, mədəniyyətlərin müxtəlifliyinə hörmət ölkədə sabitliyin və birliyin təmin edilməsində əsas amillərdən biridir. Ona görə də fərqli mədəniyyətlərin qorunub saxlanılması ideyasını fəal şəkildə dəstəkləyir, etnik parçalanma və münaqişə mövzusuna həssaslıqla yanaşırdı. Nəticədə müstəqil Azərbaycan üçün ən həlledici anlarda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev ölkəmizi bəladan, faciədən, vətəndaş müharibəsindən qurtara bildi. Ulu öndərin 1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimində səsləndirdiyi bu fikirlər onun bütün hakimiyyəti dövründə və sonrakı illərdə öz təsdiqini tapdı, Azərbaycanın güclü inkişafının təməl dayaqlarından birinə çevrildi: "Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır. Bu gün bizim İslam dininin Qafqaz müsəlmanlarının rəhbəri, xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə gəlmək münasibətilə təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır".

Azərbaycanda harmonik sosial-mədəni məkan yaratmağa çalışan Heydər Əliyev multikulturallığın əsas şərtlərindən olan tolerantlıq ideyasını da dəstəkləyirdi. Tolerantlıq prinsipi onun siyasətinin əsas elementinə çevrilmişdi. Buraya təkcə müxtəlifliyin rəsmi tanınması deyil, həm də müxtəlif etnik qrupların mədəniyyətlərinə, dillərinə və adətlərinə fəal dəstək və hörmət daxil idi. Yeri gəlmişkən, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi regionda ilk dəfə Azərbaycanda qeyd edilmişdir. 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi də məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə olmuşdur. O bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi ənənənin yaranması üçün zəmin hazırlamışdır.

Bu ənənənin davamı kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciət edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Heydər Əliyev müxtəlif qrupların mədəni irsini qorumaqla yanaşı, onları bir-birinə daha da yaxınlaşdırmağa çalışırdı. Bu, ümummilli kimliyin formalaşmasına töhfə verən müxtəlif icmaların nümayəndələri arasında dialoq və qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılmasında özünü göstərdi. Bunun sonrakı nəticələrini, məsələn, 2016-cı il 15 yanvar tarixində Heydər məscidində şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazının timsalında görə bilərik. Yaxud da fərqli dini konfessiyaların dəfələrlə ölkəmizə qarşı yönəlmiş təxribatlara dair birlikdə bəyanatlar hazırlaması, 44 günlük müharibə zamanı müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək 30 illik işğala son qoyması da bunun ən bariz nümunələrindəndir.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti ölkədə sabitliyə töhfə verməklə yanaşı, onun gələcək inkişafı üçün də zəmin yaratdı. Bəs multikulturalizm siyasətinin uğurunun sirri nədə idi? İlk növbədə, onun bərabərlik və ədalət prinsiplərinə sadiqliyi - bu siyasət etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqlar ideyasını dəstəkləyirdi. Buraya təhsil, səhiyyə və digər sosial müavinətlərə bərabər çıxış üçün şərait yaradılması daxil idi. İkincisi, multikulturalizm siyasəti müxtəlif etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi tədbirlərini əhatə edirdi. Buraya isə dillərə, adət-ənənələrə və tarixi məkanlara dəstək daxil idi. Üçüncüsü, multikulturalizm siyasəti müxtəlif etnik qrupların nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə daxil edirdi. Bu, ictimai həyatda daha geniş iştiraka, ümummilli kimliyin formalaşmasına şərait yaratdı.

Multikulturalizm siyasəti, tolerantlıq prinsiplərinin təşviqi ictimai şüura mühüm təsir göstərdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq", - deyən Ulu öndər çoxmillətlilik anlayışını mədəni maneələr məsələsindən cəmiyyətdə zənginlik və güc məsələsinə çevirə bildi. Bu da öz növbəsində müxtəlifliyə dəyər verən millətin müsbət imicinin formalaşmasında rol oynadı. Onun bu siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, vahid və inklüziv cəmiyyətin qurulması üçün təməl prinsip kimi qalır. İnklüziv cəmiyyətdə etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş özünü həmin cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edir, bu da onların ölkənin sosial, iqtisadi və siyasi həyatında iştirakını stimullaşdırır. "Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər", - deyən Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, milli maraqlara söykənən daxili və xarici siyasət kursunu müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirir. Bu da ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.

"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasətdə bunu sübuta yetirən Prezident İlham Əliyevin bu işdə ən böyük dəstəkçisi Birinci vitse-prezidentimiz, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanılması, təbliği, həmçinin mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin təkcə ölkə daxilində inkişafına deyil, həm də bütün dünyada tanınmasına xidmət göstərir.

Sonda bir məsələni də xüsusi qeyd etmək istərdim ki, multikultural dəyərlərin qorunması ilə yanaşı, onun gələcək nəsillərə düzgün çatdırılması, öyrənilməsi və mahiyyətinə varılması olduqca önəmlidir. İstənilən sahədə Azərbaycan gerçəkliyinin gənclərə aşılanması, xalqın zəngin multikultural keçmişinin, dövlətin mədəni müxtəlifliyin qorunması istiqamətində atdığı addımların təbliği multikultural gələcəyin təminatıdır. Bu, həm də gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşmasının, onların adət-ənənələrimizə zidd davranışları mənimsəməsinin, zərərli axın və vərdişlərin tələsinə düşməsinin qarşısını almaq baxımından da önəmlidir.

 

Səyyad Salahlı, 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini 

"525-ci qəzet"