Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
19.10.2023 / Məqalə

Amil Cavadov: "Milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır"

II Yazı

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bu gün dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Hazırda cəmiyyətdə müxtəlif xalqların nümayəndələrinin vahid ailədə dinc və yanaşı yaşayıb işləmələri ölkəmizin əsas mənəvi sərvətlərindən biridir. Azərbaycandakı möhkəm multikultural əsaslara malik olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verir. Bu mənada ölkəmizdə müasir dövrdə multikulturalizmə münasibətdə mövcud həyatın reallıqları ilə aparılan məqsədyönlü dövlət siyasəti bir-birini tamamlayır. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini və həmrəyliyini ehtiva edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Hamımızın bir vətəni var. Bu, Azərbaycandır” ifadəsi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların hamısının eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Bu müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla və ardıcıllıqla davam etdirilir. Azərbaycandakı sabit və dinamik həyat, inkişaf edən cəmiyyət həmin siyasətin konkret əməli nəticəsidir. Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”.
Ölkəmizin bu sahədə qazandığı mükəmməl təcrübə artıq dünyanın öyrəndiyi modeldir. Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Respublikamızda yaşayan hər bir etnik azlığın və hər bir xalqın təmsilçilərinin mədəniyyəti, mənəvi dəyərləri müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit olunur. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada mehriban, dostluq, qardaşlıq mühitində yaşayırlar. Azərbaycan Respublikasının dövlət siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında qurulub. Milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə əsrlər boyu tolerantlığı ilə nümunə olan Azərbaycan ölkə daxilinə yönəlik fəaliyyətin hüdudlarını aşaraq ölkə xaricində yeni hədəfləri müəyyənləşdirir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar təşkil edib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib.
Təsadüfi deyil ki, bu gün ölkəmiz mədəniyyətlərarası və dinlərarası dialoqun reallaşmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Prezident İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması istiqamətində əsasını qoyduğu “Bakı prosesi” bu sahəyə diqqət göstərən dövlətlərin önəm verdiyi platformaya çevrilib. Proses çərçivəsində Azərbaycanın paytaxtı 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Bakı prosesi çərçivəsində bugünədək keçirilmiş və bundan sonra da mədəniyyətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsində dialoqun təşkili, təbliği yolunda keçiriləcək tədbirlər mədəniyyətlərin toqquşmasından və milli ədavətlərdən əziyyət çəkən cəmiyyətlər üçün çıxış yolu tapmaqda olduqca faydalı platformanın əsasını təşkil edir. Bu proses çərçivəsində keçirilən Dünya dini liderlərinin II Bakı sammiti dövlətimizin beynəlxalq arenada sülməramlılığın tərəfdarı, tolerant və multikultural ənənələrin, ümumbəşəri dəyərlərin və mütərəqqi ideyaların müdafiəçisi olduğunu bariz şəkildə bir daha göstərmiş oldu.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun da əvəzolunmaz xidmətləri vardır. Fond xaricdə bu istiqamətdə həyata keçirilən bir çox layihələrin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb.
Multikulturalizmin müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır.
ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil respublikamızın hər bir sahəsində - siyasətdə, iqtisadiyyatda, təhsildə, humanitar həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma qədim kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir.
Milli-mənəvi dəyərlərimizin qüdrətli mühafizəçisi ölkə başçısı İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu müasirlik və dini-mənəvi dəyərləri uzlaşdıran din siyasətini layiqli şəkildə davam etdirir. Ölkə başcısı İslamın müqəddəs bayramları münasibətilə ölkəmizdəki müsəlmanlara, Pasxa, Milad bayramları münasibətilə pravoslav xristian icmasına, yəhudi vətəndaşlarının Yeni il bayramı Roş-Ha-Şana münasibətilə yəhudi icmasına təbriklər ünvanlayır. Azərbaycan Respublikasının Prezidenti Ramazan ayında təşkil olunan iftar sürəsində ölkədə fəaliyyət göstərən müxtəlif konfessiya rəhbərləri ilə birlikdə əyləşir, ölkədə inşa olunan yeni ibadət yerlərinin açılışında iştirak edir, din sahəsində təşkil olunan konfransları dəstəkləyir.
Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur. Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir.

 

Amil CAVADOV,

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri

"Yeni Azərbaycan" qəzeti