Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
29.03.2024 / Bölgə xəbərləri

Daxili Qoşunların hərbi hissəsində "Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi" mövzusunda tədbir keçirilib

Martın 28-də “Dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə istiqamətində birgə işin təşkilinə dair 2023-cü il üçün Tədbirlər Planı”na uyğun olaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində "Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi"  mövzusunda seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin müavini polkovnik Elsevər Fətəliyev hərbi hissələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan ictimai-siyasi sabitliyinə görə nümunəvi dövlətlərdəndir və qazandığımız bu uğurları həzm edə bilməyən dairələr zaman-zaman din pərdəsi altında öz ideologiyalarını burada yaymağa, cəmiyyətimizdə dini zəmində ayrı-seçkilik toxumları səpməyə çalışırlar. Ancaq onların bu cəhdləri hər zaman iflasa uğrayıb, çünki Azərbaycan xalqı dinin bölücü deyil, birləşdirici amil olduğunu yaxşı bilir və onu özünün mənəvi dəyəri kimi qoruyur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov milli-mənəvi dəyərlərin hər bir cəmiyyət üçün birləşdirici amil olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinin hüquq bərabərliyini təmin edir. Ölkədə müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, həmçinin dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparılır. Müxtəlif dairələrin Azərbaycanda milli-dini zəmində ayrı-seçkilik yaratmaq cəhdlərinin hər zaman olduğunu deyən natiq Vətən müharibəsinin davam etdiyi günlərdə də bu cəhdlərin müşahidə edildiyini vurğulayıb. Ancaq Azərbaycan xalqı öz müdrikliyini bir daha nümayiş etdirərək sahib olduğu vəhdətin pozulmasına imkan vermədi və öz şanlı ordusuna, Müzəffər Ali Baş Komandanına güvəndi, bir yumruq kimi birləşərək erməni faşizmini, erməni separatizmini məhv etdi. Əlbəttə, müəyyən dairələr Azərbaycanın günü-gündən inkişaf etməsi, regionun əsas söz sahiblərindən birinə çevrilməsini bundan sonra da həzm edə bilməyəcəklər və hər vəchlə onun qüdrətlənməsinə mane olmağa, milli və dini zəmində ayrı-seçkilik salmağa, vəhdətimizi pozmağa çalışacaqlar və bunu əvvəlki dövrlərdən daha geniş miqyasda etmək istəyəcəklər. İndiyədək bu mənfur istəklərinə nail olmayıblar və gələcəkdə də nail ola bilməmələri üçün gecə-gündüz Vətənimizin bütövlüyü üçün çalışmalı, milli-mənəvi dəyərlərimizi qorumalı və vəhdətimizi pozmağa çalışanlara layiqli cavab verməliyik.

Vətənə xidmətin ülviliyindən danışan ilahiyyatçı Ağa Hacıbəyli bu şərəfli missiyanın daşıyıcıları qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan xalqı hər zaman özünün tolerantlığı ilə seçilib, bütün xalqların, dinlərin nümayəndələrinə qucaq açıb, yardım göstərib. Ancaq təəssüf ki, özü hər zaman haqsızlığa, ədalətsizliyə, soyqırımlarına məruz qalıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi, torpaqlarımız işğalda ikən erməni faşizminə qarşı beynəlxalq müstəvidə heç bir addımın atılmaması, bir daha sübut etdi ki, ikili standartlarla idarə olunan müasir dünyada haqlı olmaq hələ hər şey demək deyil, haqqını almaq üçün mütləq güclü olmalısan. İstər 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Zəfər, istərsə də ötən il bir sutkadan da qısa müddətdə uğurla icra olunan anti-terror əməliyyatı, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası çoxlarına dərs oldu və göstərdi ki, Azərbaycan xalqı öz müqəddəratını özü müəyyən edir, qarşısında duran bütün hədəfləri dəf etməyə qadirdir.