Şriftin ölçüsü:

Saytın rəngi:

18.01.2024 / Bölgə xəbərləri

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılır

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri müvafiq qurumlarla birgə regionlarda anım tədbirləri həyata keçirir.


Yanvarın 17-də Ucar şəhər 5 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Yanvarın 17-də Ağdaşda da analoji anım tədbiri keçirilib. Tədbir DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Asif Ədilov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, din xadimləri, eləcə də gənclərin iştirakı ilə baş tutub.
***
Yanvarın 17-də Zaqatala rayonunun Maqov kənd tam orta məktəbində də 20 Yanvar şəhidləri anılıb. Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, müvafiq qurumların əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak ediblər. “20 Yanvar faciəsi və gerçəklər” sənədli film nümayiş edilib, iştirakçılara maarifləndirici ədəbiyyat təqdim edilib.
***
Daha bir anım tədbiri Quba rayonunda keçirilib. Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, din xadimləri, həmçinin şəhid ailələrinin üzvləri iştirak ediblər.

***

Kürdəmirdə keçirilən anım tədbiri DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.


Çıxışlar zamanı 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğu vurğulanıb. Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışılaraq bildirilib ki, bu hadisə Azərbaycan xalqının yaddaşına qürur günü kimi yazılıb. Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.