Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Açıqlama
06.10.2023 / Açıqlama

Məscidlərə təyin olunan din xadimlərinin təhsili ilə bağlı statistik təhlil aparılıb

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı 3 müsahibə keçirilib. Dövlət Komitəsinin Dini təhsil şöbəsi müsahibədən keçərək təyinat alan şəxslərin təhsili ilə bağlı statistik təhlil aparıb. Həmin təhlinin nəticələrinə əsasən, müsahibələrdən uğurla keçmiş şəxslərdən 177 nəfər İslam dininə aid ibadət yerlərinə (məscidlər) imam, imam müavini və qadın dini ayinlərin icraçısı kimi təyinat alıb. Onlardan 46-sı imam, 101-i imam müavini, 12-si dini ayinlərin icraçısı-müəzzin, 18-i qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunub.

Təyinat almış şəxslərdən 159-u kişi, 18-i qadındır. Onlardan 163 nəfər ölkə daxilində, 14 nəfər isə ölkə xaricində dini təhsil almış şəxslərdir. Təyinat almış din xadimlərinin 131-i ali dini, 46-sı isə orta ixtisas dini təhsil alıblar. Ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, 1-i Qafqaz Universitetinin İlahiyyat fakültəsinin məzunlarıdır. Orta ixtisas dini təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu (Milli əxlaq və islamşünaslıq ixtisası), 1-i Lənkəran İslam Kollecini bitirib.

Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universitetinin İlahiyyat fakültəsi, 1 nəfər Marmara Universitetinin İlahiyyat fakültəsi, 1 nəfər Səlcuq Universitetinin İlahiyyat fakültəsi), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (1 nəfər Buynaksk İslam Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), 1-i Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir.

Elnarə Kərimova

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri