Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Açıqlama
07.12.2023 / Açıqlama

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov: “Erkən nikahı təbliğ edən rəsmi din xadimi işdən azad ediləcək”

Erkən nikah məsələsinə həm hüquq, həm din, həm də sosial-psixoloji cəhətdən baxıla bilər. Amma əsas olan məsələnin hüquqi tərəfidir. Hüquqi baxımdan isə erkən nikah qanunaziddir. Əslində “erkən nikah” deyimi yoxdur, bu, qanunu pozaraq azyaşlı ilə ailə qurmaq cəhdidir. Odur ki, “erkən nikah” əməli cəmiyyətimizin qırmızı xətti olmalıdır. Dəfələrlə bildirmişik və bir daha bəyan edirik ki, bu məsələdə hansısa güzəştdən və ya laqeydlikdən söhbət gedə bilməz.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci ildə verdiyi fətva var.

“Fətvaya əsasən, “dini nikah” mərasimi nikah əqdi dövlət idarəsində qeydiyyata alındıqdan sonra icra edilə bilər. Bu isə o deməkdir ki, rəsmi din xadimi dövlət nikahı olmayan şəxslərə “dini kəbin” kəsə bilməz. Kəsəcəyi təqdirdə işdən azad olunaraq hüquqi məsuliyyətə cəlb edilməlidir. Çünki “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” var və bu sənəd normativ-hüquqi aktdır.

Həmin Qaydanın 8.1.8 və 8.1.9-cu bəndlərinə görə, hətta erkən nikahı təbliğ edən rəsmi din xadimi işdən azad ediləcək. Dəfələrlə aidiyyəti qurumlardan xahiş etmişik ki, belə faktlar varsa, Dövlət Komitəsinə təqdim edilsin. Biz dərhal araşdırmağa və zəruri tədbirlər görməyə hazırıq. Amma hələ bizə belə bir fakt daxil olmayıb. Bu cür hallara adətən rəsmi din xadimləri yox, “ara mollası” deyilən şəxslər yol verir. Onlara qarşı təəssüf ki, bizim hansısa təsir imkanımız yoxdur. Onlar barəsində qanun çərçivəsində tədbir görülməlidir və görülür də. Məsələn, xatırlayıram ki, rayonlardan birində bu əməlinə görə bir “din adamı” bir neçə ilini həbsdə keçirməli olmuşdu”, - deyə o, əlavə edib.

G.İsmayılov əlavə edib ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri dini maarifçilik işinin təşkilidir.

“Erkən nikahla bağlı da geniş maarifləndirmə tədbirlərimiz var. Bu istiqamətdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumlarla yaxından əməkdaşlıq edirik. Çalışırıq ki, tədbirlərimizi erkən nikahların daha çox olduğu bölgələrimizdə keçirək.

Onu da qeyd edim ki, erkən nikahları dindarlıqla əlaqələndirmək doğru deyil. “Dindarlığın güclü olduğu bölgələrdə erkən nikahlar daha çoxdur” fikri həqiqəti əks etdirmir. Bunu rəsmi statistika da təsdiqləyir. Məsələn, elə rayonlarımızda erkən nikah hallarına rast gəlirik ki, həmin rayonlarda dindarlıq faizi çox aşağıdır. Bu baxımdan erkən nikah probleminə, bəlkə də, daha çox sosial-iqtisadi məsələ prizmasından yanaşmaq lazımdır.

Son bir ildə Dövlət Komitəsi tərəfindən 30-a yaxın məscidə qadın dini ayinlərin icraçısı təyin olunub. Bu məscidlər respublikamızın, demək olar ki, bütün bölgələrini əhatə edir. Qadın dini ayinlərin icraçıları qarşısında erkən nikahlar barədə konkret tələblər qoyulub. Ümumiyyətlə, məscidlərə təyinat verərək din xadimlərimizə ilk tapşırıq və tövsiyələrimizdən biri bu olur ki, dini radikalizm və xurafatla yanaşı, qadın hüquqlarına, ailə dəyərlərinə də xütbə və moizələrində xüsusi diqqət yetirsinlər. Yəqin ki, bunu məscidlərə mütəmadi gedən dindarlar da müşahidə ediblər”, - deyə o, əlavə edib.