AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2021-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABAT

Müzəffər Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində Azərbaycanın bütün sahələrində tərəqqi təmin edilir, o cümlədən dövlət-din münasibətləri demokratik prinsiplərə uyğun olaraq tənzimlənir, dini etiqad və vicdan azadlığı, dini müxtəliflilik və milli-mənəvi dəyərlər qorunur, dinlərarası dialoq inkişaf edir. Milli-etnik qrupların və dinlərin  nümayəndələri azərbaycançılıq məfkurəsi ətrafında birləşir. Müxtəlif dinlərə məxsus dini ibadət yerləri sərbəst fəaliyyət göstərir. Müsəlman və qeyri-müsəlman dini icmaların fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi dini tolerantlığın inkişafına böyük töhfə verir. Dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanan dövlət siyasətinin sayəsində ölkəmizdə dini sabitlik möhkəmlənir. Azərbaycanda  tolerant və multikultural dəyərlərin inkişafı  sahəsində əldə olunmuş nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işləri aparılmağa başlanılmış, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası və yaxud yenidən qurulması sahəsində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Daşaltı və Hadrutda məscidin təməlinin qoyulması, Zəngilan “İmam Hüseyn”, Ağdam “Cümə” və “Qiyaslı” məscidlərinin yenidən qurulması işlərinə start verilməsi, Şuşa “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa” və “Saatlı” məscidlərinin və “Qazançı” kilsəsinin bərpa edilməsi və s. Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərləri yüksək qiymətləndirdiyini göstərir. 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada  ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi bütün dinlərə tolerant yanaşmanın parlaq ifadəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Komitə) 2021-ci ildə öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə müvafiq olaraq qurmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş məqsədlərə nail olmağa çalışmışdır. Komitə, tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərarlarından irəli gələn tələbləri nəzərə almaqla fəaliyyətini davam etdirmişdir.  

Hesabat dövründə Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Komitənin Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutaraq, Komitə 2021-ci ilin İş planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.  

 

Dini etiqad azadlığının təmin edilməsi, sağlam dini mühitin qorunub saxlanılması və dini konfessiyalarla işin təşkil edilməsinə dair

 

Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirmişdir.

Ölkədəki sağlam dini mühitin qorunub saxlanılması məqsədilə dini durumun öyrənilməsi, qeyri-ənənəvi cərəyan mənsublarının, məzhəbçiliyi, dini dözümsüzlüyü təbliğ edən qüvvələrin fəaliyyətinin müəyyən edilməsi, bu yöndə zərərli tendensiyaların, eləcə də ölkəmizə yönəlmiş kənar dini təsirlərin araşdırılması istiqamətində müvafiq işlər görülmüş, dövlət-din münasibətlərinə, ölkədə mövcud olan tolerantlıq mühitinə zidd fəaliyyətə qarşı aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Regionda baş verən siyasi proseslərin izlənilməsi, həmin proseslərdə din amilinin rolu, din adı altında fəaliyyət göstərən silahlı birləşmələrin fəaliyyəti, bu hadisələrin ölkəmizə göstərdiyi təsirlər və vətəndaşlarımızın qeyd edilən məsələlərə münasibətinin öyrənilməsi daim diqqətdə saxlanılmışdır.

Cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsi məqsədilə Komitə dini icmalarla mövcud əlaqələrin inkişaf etdirilməsinə və qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət vermişdir.

Ötən ildə Komitə tərəfindən dini qurumların qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dövlət reyestrinin aparılması, təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilməsi təmin olunmuş, fəaliyyətlərini Nazirlər Kabinetinin qərarlarına uyğun təşkil etmələri ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Xüsusilə pandemiya dövründə müsəlman icmalarla yanaşı, qeyri-müsəlman icmalar da qaydalara əməl etməklə cəmiyyətimizin maariflənməsində fəallıq göstərmiş, koronavirusla mübarizədə həmrəylik nümayiş etdirmişlər.

Son statiskaya görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-də ayinlər Ramazan ayında və dəfn mərasimlərində icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Fəaliyyət göstərən məscidlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən 1650 nəfərdən çox rəsmi din xadimi təyin edilmişdir.

Komitədə ümumilikdə 978 dini icma dövlət qeydiyyatına alınmış, 7-si ləğv olunmuşdur. Fəaliyyət göstərən 971 dini qurumdan 934-ü İslam təmayüllü, 37-si  (xristian – 26; yəhudi – 8 ; krişna – 1 ; bəhai – 2 ) qeyri-İslam təmayüllü dini qurumlardır.

Hesabat dövründə 16 İslam təmayüllü dini icma dövlət qeydiyyatına alınmışdır. Hazırda 9 dini icmanın sənədləri yoxlanılır.

Komitə ötən ildə dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də dini bayram və mərasimlərin mövcud qanunvericiliyin tələblərinə uyğun formada həyata keçirilməsinə nəzarətin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Hesabat dövründə müsəlmanların Ramazan, Qurban bayramları və Məhərrəmlik mərasimləri, eləcə də xristian dini icmaların Pasxa, Milad, yəhudilərin Pesax, Roş-Ha-Şana, Hanuka bayramları, Bəhailərin Əbdül-Bəhanın vəfatının yüzilliyi mərasimləri koronavirus pandemiyası ilə bağlı Operativ Qərargahın qərarlarına uyğun keçirilmişdir.  

2021-ci ildə Ramazan ayı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilərək, ay boyunca dini durum nəzarətdə saxlanılmış, mütəmadi monitorinqlər aparılmışdır.

Eyni zamanda, həmin ayda icra olunacaq ibadətlərin vaxtları barədə QMİ ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası tərəfindən astronomik hesablamalara uyğun birgə xüsusi təqvim hazırlanmışdır.

Ötən il Qurban bayramı 20 iyula təsadüf etmişdir. Bu barədə QMİ-nin Qazılar Şurası dindarlara müvafiq tövsiyələr vermiş, bayram günü karantin rejiminin qaydalarına uyğun olaraq namaz qılınmış, neqativ faktlar qeydə alınmamışdır.

2021-ci ilin avqust ayının 10-dan hicri təqvimi ilə Məhərrəm ayı başlamışdır. Bu münasibətlə 9 avqust 2021-ci ildə QMİ tərəfindən Komitə nümayəndələri, QMİ-nin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin iştirakı ilə onlayn formatda iclas keçirilmişdir. QMİ-nin Qazılar Şurasının müraciətində Nazirlər Kabinetinin Qərarlarına və Ümumdünya Səhiyyə Təşkilatının protokollarına riayət olunması tövsiyə edilmiş, din xadimlərinə təşkilati məsələlərlə bağlı bır sıra göstərişlər verilmişdir.

Hesabat dövründə nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 4 müraciət daxil olmuşdur. 3 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, hüquq mühafizə orqanlarının rəyi əsas tutulmaqla 1 ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar razılığın verilməsindən imtina olunmuşdur.

Komitə ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı müvafiq profilaktik və inzibati tədbirləri davam etdirmişdir.

Radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini cərəyanların təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini sahədə gedən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülmüşdür.

Ümumilikdə idxalla bağlı 2021-ci ildə Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 5847 adda dini məzmunlu ədəbiyyata baxılmışdır.

Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 260 adda dini ədəbiyyata baxılmışdır.

Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir. 

Hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılmışdır.

 

Milli-mənəvi və dini dəyərlərin, tolerant və multikultural ənənələrin qorunub saxlanılması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə aparılan dini maarifləndirməyə dair

 

Komitə ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği üçün hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

Komitənin strukturları tərəfindən dini maarifləndirmə istiqamətində tədbirlər koronavirus pandemiyası ilə əlaqədar olaraq əsasən onlayn konfrans, seminar, vebinar, seminar-treninq, görüş və s. formatlarda, eyni zamanda, televiziya verilişləri, “Cəmiyyət və Din” qəzeti, “Dövlət və Din” jurnalı, elmi məqalə və mövqe tipli müəllif yazıları, media və sosial şəbəkələr vasitəsilə həyata keçirilmişdir. Ötən ilin son iki ayından etibarən dini maarifləndirmə tədbirləri pandemiya ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla ənənəvi formada da təşkil edilmişdir. 

Dini maarifləndirmə işi dini maarifçiliyin yönəldiyi hədəf qruplarının xüsusiyyətləri nəzərə alınmaqla dolayı və ya birbaşa formada həyata keçirilmişdir. Dolayı formada dini maarifləndirmə işinə əhalinin həssas qrupları ilə birbaşa təmasda olan icra hakimiyyəti və hüquq mühafizə orqanları əməkdaşlarının, eyni zamanda, təhsil müəssisələri, xüsusilə orta ümumtəhsil məktəblərinin pedaqoji heyətinin iştirakı ilə keçirilən tədbirlər aid olunur. Bu istiqamətdəki tədbirlər risk qrupuna daxil olan sosial qrupların dini fanatizm, radikalizm və ekstremizm meyillərindən qorunması, eləcə də xalqımızın multikultural dəyərlərinin, tolerantlıq keyfiyyətlərinin təbliği və təşviqi istiqamətində müxtəlif qurumların birgə və ayrıca fəaliyyətlərinin effektivliyinin artırılmasına hesablanmışdır. Bu kateqoriyaya daxil olan tədbirlərin digər xüsusiyyəti risk qrupuna daxil olan qrup və ya şəxslərlə müvafiq işin həyata keçirilməsi üsulları, həmçinin bu sahədə mövcud qanunvericilik bazası, təcrübə mübadiləsi üzrə məsləhətləşmələrin aparılmasıdır.

Dini maarifləndirmə işinin təşkilində forma baxımından digər istiqamət dini icmalar, din xadimləri, eləcə də dini fanatizm, radikalizm və ekstremizmə meyilli həssas dini qrup və şəxslərlə birbaşa görüşlərin keçirilməsi olmuşdur. Bu tədbirlər ölkə, regional, rayon, qəsəbə və kənd miqyasında həyata keçirilmişdir. Tədbirlərin keçirilməsində qarşıya qoyulan əsas məqsədlər kimi Azərbaycanın dövlət-din münasibətlərinin mahiyyəti, xarici ölkələrdəki dini dairələrin ölkəmizdə dini duruma təsir göstərmək cəhdlərinin əsas səbəbləri, dini fanatizm, radikalizm və ekstremizmin xüsusiyyətləri, eləcə də müxtəlif radikal qruplar tərəfindən dini mətnlərin kontekstdən çıxarılaraq fəaliyyətlərinin “legitimləşdirilməsi”, dindarların dini hisslərindən öz maraqları naminə istifadə etmələri kimi mövzularda əhalinin müvafiq kontingenti arasında izahat və maarifləndirmə xarakterli təbliğat işinin aparılması olmuşdur. Maarifləndirmə işinin məzmunu yönəldiyi hədəf qrupuna uyğun olaraq müəyyənləşdirilmişdir.

Ümumilikdə 2021-ci ildə Komitə tərəfindən ölkə vətəndaşlarının cəlb olunduğu 630-dan artıq dini maarifləndirmə xarakterli tədbir təşkil edilmişdir. Tədbirlərin keçirilməsində yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub icmalar, QHT-lər, Heydər Əliyev mərkəzləri, Mədəniyyət, o cümlədən Gənclər və İdman Nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, Silahlı Qüvvələr, hüquq mühafizə orqanları və s. qurumlarla əməkdaşlıq edilmişdir.

Qeyd edək ki, müxtəlif illərdə dövlət səviyyəsində müəyyən bəndlər üzrə Komitənin də icraçı kimi nəzərdə tutulduğu fəaliyyət planı, strategiya və dövlət proqramları qəbul olunmuşdur. Həmçinin Komitə ənənəvi olaraq müəyyən dövlət qurumları ilə birgə illik tədbirlər planları imzalayaraq icra edir. Bunlar nəzərə alınaraq, Komitə tərəfindən 2021-ci il üçün dini maarifləndirmə istiqamətində fəaliyyətin təmin olunması məqsədilə müxtəlif tədbirlər və iş planları hazırlanmışdır. Həmin iş planları əsasında 2021-ci ildə aşağıdakı tədbirlər təşkil olunmuşdur:

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası çərçivəsində Komitə 76 tədbir təşkil etmişdir. “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları”, “Azərbaycan gəncliyi: vətənpərvərlik, dövlətçilik bir amal kimi”, “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət”, “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi”, “Erkən nikah problemləri və ona qarşı mübarizə yolları”, “Erkən nikah və onun fəsadları” və s. mövzularda təşkil olunmuş tədbirlərə əsasən gənclər cəlb edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası çərçivəsində 2021-ci ildə Komitə aidiyyəti qurumlarla birgə ümumilikdə 44 tədbir təşkil etmişdir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq Komitə tərəfindən 46 tədbir həyata keçirilmişdir. Tədbirlər “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər”, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti”, “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliyimiz”, “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri”, Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?”, “Uşaq hüquqlarına əməl edək və erkən nikahlara yox deyək!” və s. mövzularda təşkil olunmuşdur.

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində məişət zorakılığının qarşısının alınması və onunla mübarizə istiqamətində 35 tədbir keçirilmişdir. Onların əksəriyyətinə ali təhsil və peşə təhsili müəssisələrinin tələbə və müəllim heyəti cəlb olunmuşdur.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq Komitə tərəfindən müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə biri respublika miqyaslı olmaqla 8 tədbir həyata keçirilmişdir. Bu tədbirlərin keçirilməsində aparıcı istiqamətlər qızların təhsildən yayınma hallarının qarşısının alınması, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi olmuşdur.

“İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupun 2021-2025-ci illər üzrə” Fəaliyyət Planına uyğun olaraq Komitənin təşkilatçılığı ilə “İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda 2 seminar-treninq keçirilmişdir. Bakı və Sumqayıt şəhərlərini əhatə edən həmin tədbirlərdə Təhsil, Gənclər və İdman Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun mütəxəssisləri iştirak etmişlər. Tədbirlərə əsasən orta ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, psixoloqlar, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavinləri cəlb olunmuşdur. Tədbirlərdə intihar problemləri ilə bağlı diskussiyalar aparılmış, həll yolları müzakirə edilmişdir.

2021-ci il üçün dini ekstremizmə qarşı mübarizə, dini etiqad azadlığının təmin edilməsi ilə bağlı aşağıda adları qeyd olunmuş qurumlarla birgə tədbirlər planları hazırlanmışdır:

  • Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin “2021-ci ildə dini ekstremizmə qarşı mübarizəyə dair” birgə Tədbirlər Planı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Ordusunda dini radikalizmlə mübarizəyə dair” 2021-ci il üçün birgə Tədbirlər Planı;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə istiqamətində birgə işin təşkilinə dair” 2021-ci il üçün Tədbirlər Planı;
  • Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin “Dini radikalizmə qarşı mübarizənin səmərəliliyinin artırılması” məqsədilə 2021-ci il üçün Tədbirlər Planı;
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “2021-ci il ərzində Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlıqları ilə bağlı maarifləndirmə işinin təşkilinə dair” Tədbirlər Planı.

Koronavirus pandemiyası ilə əlaqədar qüvvədə olan məhdudiyyətlərə görə hesabat dövründə Müdafiə Nazirliyi ilə 1, Dövlət Sərhəd Xidməti ilə 1 və Penitensiar Xidməti ilə 2 tədbir keçirilmişdir.

Komitə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti arasında “2021-ci ildə dini ekstremizmə qarşı birgə mübarizəyə dair” Tədbirlər Planı çərçivəsində Bakı şəhəri üzrə “Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusunda, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Tərtər şəhər və rayonları üzrə “Dini məbədlərin qorunması – mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbirlər təşkil olunmuş, bu tədbirlərə müvafiq mərkəzi və yerli icra hakimiyyətlərinin nümayəndələri də qoşulmuşlar.

Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə 10 tədbir, o cümlədən dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda ənənəvi yazı müsabiqəsi təşkil olunmuşdur. Müsabiqəyə 60-a yaxın yazı təqdim olunmuş, münsiflər tərəfindən onlardan üçü müvafiq olaraq 1-3-cü yerlərə, üçü isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.

Eyni zamanda, Komitə (əsasən bölgə şöbələri) tərəfindən müvafiq dövr ərzində 20 Yanvar faciəsi ilə əlaqədar 11, Xocalı faciəsi ilə bağlı 19, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 19, “Nizami İli” çərçivəsində 10, 28 May – Müstəqillik Günü münasibətilə 5, Ramazan ayı ilə bağlı 7, İnsan hüquqları aylığı (18 may-18 iyun) çərçivəsində 7, “Sülh aylığı” (21 avqust-21 sentyabr) çərçivəsində 15, 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə 4 tədbir keçirilmişdir.

Həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunmuş qaydalara riayət edilməsi istiqamətində 30-a yaxın tədbir təşkil olunmuşdur. Bu tədbirlərin əsas məqsədi pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin mahiyyəti ilə bağlı izahat işinin aparılması və bir sıra destruktiv qüvvələrin bu kontekstdə hər hansı sosial narazılıq yaratmaq cəhdlərinin qarşısının preventiv addımlar atmaqla vaxtında alınması olmuşdur.

Komitə tərəfindən Vətən müharibəsi kontekstində milli birlik və vətənpərvərlik duyğularının gücləndirilməsi, şəhidlik və qazilik məqamlarının uca tutulmasının təbliği istiqamətində, eləcə də 8 noyabr - Zəfər Günü münasibətilə ümumilikdə 100-dən artıq tədbir həyata keçirilmişdir. Bu tədbirlərdə şəhid ailələri və qazilərin iştirakı ilə müxtəlif etnoslara və inanca mənsub ölkə vətəndaşlarının Vətənin ərazi bütövlüyü uğrunda əsl milli birlik nümunəsi yaratdıqları barədə söhbətlər aparılmış, onların fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bu istiqamətdə təşkil olunan tədbirlərdə Vətən müharibəsi dövründə milli birliyimizin gücləndirilməsi, Azərbaycan xalqının vahidliyi, bir məqsəd ətrafında birləşməsi, müxtəlif dinlərə mənsub ölkə vətəndaşlarının vahid amal uğrunda mübarizəsi, döyüş ruhunun qaldırılması, humanist prinsiplərin qorunması və s. oxşar yöndə təbliğat və təşviqat işlərinin effektiv qurulmasına çalışılmışdır.

Həmçinin Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminarlar keçirilmiş, eyni zamanda, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən kitabların sərgisi təşkil olunmuşdur.

Bununla yanaşı, “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda Şəmkirdə, “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda Bərdə, Quba, Cəlilabad və Gəncədə, “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda Şəkidə, “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda Yevlaxda, “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda Şamaxıda, “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda Lənkəranda seminarlar, “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda Salyan rayonunda konfrans keçirilmişdir. Həmçinin ötən ilin dekabr ayının 22-də Bakı şəhərində “Prezident İlham Əliyev siyasəti: Biz birlikdə güclüyük!” mövzusunda konfrans təşkil olunmuşdur.

Maarifləndirmə sahəsində işlər Komitənin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında efirə gedən “İnam”, “Mədəniyyət” kanalındakı “Haqqın dərgahı” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir.  Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin isə 12 sayı çap olunmuşdur.  

 

Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq modeli və zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dair

 

Hesabat dövründə Komitə Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliğ edilməsi, Azərbaycan, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın aradan qaldırılması, qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar məsələlərdə xariclə əlaqələrin düzgün tənzimlənməsi, xarici ölkələrlə ikitərəfli münasibətlərin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

Ötən ilin fevral ayının 18-də BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü keçirilmişdir. ECOSOC-un prezidenti Münir Əkrəmin moderatorluğu ilə keçirilən, dünyanın 20-dən çox ölkəsindən nümayəndənin iştirak etdiyi videokonfransda Komitə sədri Mübariz Qurbanlı çıxış etmiş, Azərbaycanda İslam, Xristian, Yəhudi və s. dinlərin, eləcə də 30 mindən çox erməni millətinin nümayəndələrinin də sərbəst yaşadığını, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğunu hamıya məlum fakt kimi vurğulamışdır. Eyni zamanda, sədr Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı zamanı törədilmiş cinayət faktlarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.  

May ayının 26-da Komitə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda 9 ölkəni – Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva, Gürcüstan və Azərbaycanı təmsil edən araşdırmaçı alimlər iştirak etmişlər. Tədbirdə çıxış edən M.Qurbanlı Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmasına, azərbaycanlıların etnik təmizləmə və soyqırımına məruz qalmasına, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgahın dağıdılmasına və ya təhqir predmetinə çevrilməsinə, eləcə də alban xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılmasına və dağıdılmasına, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsinin ermənilər tərəfindən talan edilməsi faktına diqqət çəkmişdir.

Komitə sədrinin müavini Səyavuş Heydərov fevral ayının 18-də Özbəkistanın təşkilatçılığı ilə keçirilmiş “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq videokonfransda iştirak etmişdir. BMT, ATƏT, Aİ və s. beynəlxalq təşkilatların, eləcə də dünyanın bir çox ölkəsinin dövlət qurumlarının nümayəndələri və ekspertlərinin iştirak etdiyi videokonfransda sədr müavini “Terrorizm, ekstremizm və radikalizmin qarşısının alınması və mübarizə sahəsində beynəlxalq əməkdaşlıqla bağlı əsas vəzifə və prioritetlərin müəyyən edilməsi” mövzusunda çıxış etmişdir. S.Heydərov çıxışı zamanı 30 ildən çox müddətdə ölkəmizin erməni vandalizmi, terrorizmi, ekstremizminin qurbanı olduğunu və Ermənistan tərəfinin təcavüzkar siyasətini və əməllərini gizlətmək üçün bu müharibəyə dini don geyindirməyə çalışdığını, onu müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, o cümlədən Xristian dinini siyasiləşdirməyə cəhd göstərdiyini, lakin qısa vaxtda zəfər qazanan Azərbaycan ordusunun səyləri nəticəsində bu siyasətin iflasa uğradığını diqqətə çatdırmışdır.

S.Heydərov həmçinin 26-27 apreldə onlayn formatda keçirilən Avropa İttifaqı-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 9-cu iclasında  iştirak etmişdir.

7 dekabrda Komitənin təşəbbüsü və təşkilatçılığı ilə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda beynəlxalq videokonfrans  keçirilmişdir. Videokonfrans Azərbaycan Respublikasının nümunəvi dövlət-din modelinin, xalqımızın zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərinin, eyni zamanda, uzunmüddətli işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən dağıdılmış və erməniləşdirilmiş, xalqımızın qədim mənəvi irsini əks etdirən dini-mədəni abidələrimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə təşkil olunmuşdur. Videokonfransda Azərbaycanda, Avropa Şurası və Avropa İttifaqının 10-a yaxın üzv ölkəsində (Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, Rusiya, Türkiyə) fəaliyyət göstərən dini qurumların rəhbər və nümayəndələri iştirak etmişlər.

Hesabat dövründə Komitə əməkdaşı Macarıstanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində həmin ölkənin Baş naziri Ofisinin Kilsə və Milli Azlıqlarla Əlaqələr üzrə Dövlət Katibliyi tərəfindən 13-15 oktyabr tarixlərində Macarıstanın Debretsen şəhərində “Müasir Avropanın sütunları: dini icmaların birgəyaşayışı” mövzusunda keçirilən konfransda iştirak etmiş, 15 oktyabrdakı əsas sessiya və müzakirədə “Avropa Şurasına üzv ölkə nümunəsində din və dövlət: Azərbaycan” mövzusunda məruzə və təqdimatla çıxış etmişdir.

Həmçinin 14-18 dekabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik, İslam məsələləri sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti 6-cı iclasında Komitə əməkdaşı iştirak etmişdir.

Eyni zamanda, oktyabrın 27-də Komitə və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında Memorandum videokonfrans formatda keçirilmiş tədbir təşkil edilməklə imzalanmış və imzalı nüsxələr qarşılıqlı şəkildə tərəflər arasında mübadilə edilmişdir. Dini sahədə əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək məqsədilə tərəflər arasında imzalanan Memorandumda qarşılıqlı maraq doğuran məsələlər barədə konfranslar, dəyirmi masalar və digər bu kimi tədbirlərin təşkil edilməsi, zərərli dini ideologiyanın və dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması, dini təhsil müəssisələri arasında əməkdaşlığın dəstəklənməsi kimi müddəalar öz əksini tapmışdır.

2021-ci ildə Komitə sədri M.Qurbanlı bir sıra xarici qonaqlarla görüşmüş, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərini, diplomatik korpus nümayəndələrini qəbul etmişdir. Belə ki, M.Qurbanlı ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku, Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyə Respublikasının yeni təyin olunmuş Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Xristian Liderlər Konqresinin prezidenti,  ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının keçmiş müvəkkili Conni Mur, Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov, ABŞ-ın bir qrup İslam, Xristian və Yəhudi dini icma rəhbərləri, İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalamla görüşmüşdür.

Həmçinin hesabat dövründə sədr müavini S.Heydərovun ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə şöbəsinin müdiri Conatan Hayes, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Avropa İttifaqının Bakı nümayəndəliyinin birgə tvininq layihəsi çərçivəsində Bakıda səfərdə olan ekspertlər Dr. Auşra Raisite-Daukantiene (Avropa İttifaqının Bakı nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin sabiq müdiri) və Laurinas Totoraitis ilə görüşü olmuşdur. Bütün görüşlərdə Azərbaycanla ikitərəfli əlaqələr, qarşılıqlı əməkdaşlıq və ölkəmizlə bağlı həqiqətlərin düzgün təbliğ edilməsi məsələləri müzakirə olunmuşdur.   

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Komitənin əməkdaşları xarici mətbuatda, eləcə də xarici internet resurslarında məqalələrlə çıxış etmişlər.

Hesabat dövründə Komitə sədrinin müəllifliyi ilə “Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərdə "mədəni cinayətlər" törətmək barədə əsassız iddiaları” başlıqlı məqalə Türkiyənin TRT Media qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platforması olan “www.nex24.news” xəbər portalında,  ABŞ-ın “The Washington Outsider” portalında, eləcə də Hindistanın ingilis dilli siyasi və xarici məsələlərə dair həftəlik “Siyasi hadisələr” (“Political events”) adlı jurnalında işıq üzü görmüşdür.

Həmçinin Komitənin əməkdaşları tərəfindən yazılmış “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqalə TRT Media qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platforması olan “www.nex24.news” xəbər portalında, “Erməni vəhşilikləri: Xocalı soyqırımı cəzasızlığın 29-cu ili”  başlıqlı məqalə Pakistanda fəaliyyət göstərən geniş oxucu auditoriyasına malik ingilis dilli “Daily İslamabad post” elektron qəzetində, DNA-Diplomatic News Agency, CENTRELINE elektron portallarında, “Dinlərarası tolerantlıq və həmrəylik: Azərbaycandakı yəhudilər” başlıqlı məqalə ABŞ-ın “The Washington Outsider” portalında dərc edilmişdir.

Eyni zamanda, Komitə sədri Xorvatiyanın “Veçerniy List” qəzetinə, İsrailin www.jewishpress.com portalının müxbiri Raşel Avrahama, Argentinanın “Canal-a” televiziyasının jurnalisti Sautel Santiaqoya müsahibə vermişdir.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) ekspertinin müəllifliyi ilə Azərbaycanda dini durumla bağlı 18 mart 2021-ci ildə dərc edilmiş məqalə və BDAK-ın 21 aprel tarixində dərc edilmiş 2020-ci illə bağlı hesabatının ölkəmizlə əlaqədar hissəsinə dair Komitə tərəfindən ingilis dilində şərhlər hazırlanmışdır. Eyni zamanda, BMT Baş Assambleyasının 76-cı sessiyasına təqdim ediləcək hesabatın hazırlanması üçün “Dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik etmə və insanlara qarşı din və əqidə əsasında zorakılıq halları ilə mübarizə” adlı qətnamə ilə bağlı görülən işlər barədə və BMT insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in yenilənməsi məqsədilə Azərbaycan və rus dillərində hazırlanan müvafiq məlumat, həmçinin BMT-nin İnsan Hüquqları Şurasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi Ahmed Şahid tərəfindən BMT Baş Assambleyasının 76-cı sessiyasına “Düşüncə azadlığı hüququna hörmət, müdafiəsi və yerinə yetirilməsi” mövzusunda təqdim ediləcək hesabatla bağlı üzv dövlətlərə ünvanlanan sorğu vərəqəsindəki suallara cavablar hazırlanmışdır. Bunlardan başqa, ABŞ-ın yeni administrasiyasının dünyada irqi və etnik zəmində baş verən zorakı ekstremizm və onun transmilli komponentlərinə qarşı mübarizə ilə bağlı təcrübəni öyrənməsi məqsədilə “Etnik zəmində baş verən zorakı ekstremizmlə mübarizə sahəsində Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda müvafiq məlumat hazırlanaraq qarşı tərəfə təqdim edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə göndərilmişdir. Həmçinin Avropa Şurası çərçivəsində fəaliyyət göstərən “İrqçilik və dözümsüzlük əleyhinə” Avropa Komissiyasının ölkəmizlə bağlı hesabatı, BMT Baş Assambleyasının 75-ci sessiyasına təqdim ediləcək hesabatın hazırlanması üçün “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüyə qarşı mübarizə” adlı qətnaməsinə dair görülən işlər barədə məlumat, eləcə də “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə beşinci dövri məruzəyə müvafiq cavablar hazırlanmış, şərhlər verilmişdir. 

 

İctimaiyyətlə əlaqələrin genişləndirilməsi və Komitənin fəaliyyətinin şəffaflığının təmin olunmasına dair

 

Komitənin ölkə ictimaiyyəti və media qurumları ilə əlaqələrinin genişləndirilməsi, rəhbərliyinin və əməkdaşlarının KİV-də fəal iştirakının təmin edilməsi,  Komitənin rəsmi internet saytı və sosial şəbəkələrdəki fəaliyyətinin daha da operativləşdirilməsi, səhifələrin populyarlığının artırılması, qurumun “Elektron hökumət” portalına inteqrasiyasının sürətləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. 

Hesabat dövrü ərzində Komitənin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanaraq yayımlanmışdır.

Rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmanın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi depozitar proqram təminatlarından “İnsan resurslarının idarəolunması” və “Elektron sənəd dövriyyəsi” sistemlərinin Komitədə aidiyyəti üzrə istifadəsinin təmin olunması üçün lazımi addımlar atılmışdır.

Hesabat dövründə Komitə “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə ikinci dəfə başlatdığı “Könüllü fəaliyyət” layihəsini yekunlaşdırmışdır.

Pandemiya şəraiti ilə əlaqədar olaraq onlayn formatda Komitə könüllülərinin Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi ilə görüşü təşkil edilmiş, bu qurumların iş prinsipi ilə tanış olmaları təmin edilmişdir. Layihənin sonunda Komitənin sədr müavini G.İsmayılovun Komitədə təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin 21 nəfər iştirakçısı ilə videoformatda görüşü təmin edilmişdir. Eyni zamanda, 3-cü “Könüllümüz ol” layihəsinin icrasına başlanılmışdır. 200-ə yaxın müraciətin içərisindən 16 nəfər gənc seçilərək onlarla görüş keçirilmiş, “Könüllü fəaliyyət” proqramı barədə gənclərə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 5.5-ci bəndinə əsasən Komitə yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesi çərçivəsində Şuraya seçkilər keçirilmişdir.

Komitənin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, rəsmi veb səhifəsi olan www.scwra.gov.az saytında, sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “Instagram”, “Telegram”, “Youtube”) operativ şəkildə işıqlandırılmışdır. Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilmişdir.   

3 dildə - Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənmişdir. Rəsmi saytda vətəndaşlar üçün “Jivochat” onlayn müraciət proqramı vasitəsilə birbaşa, asan müraciət imkanı yaradılmışdır.

Eyni zamanda, saytın “Əsir abidələr” adlı bölməsi “Vandalizmə məruz qalmış abidələr” şəklində dəyişdirilmiş və məlumatlar yenilənmiş, “Elektron hökumətin inkişafı indeksi” üzrə Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması üçün mərkəzi icra hakimiyyəti orqanları qarşısında qoyulan tələblərə uyğun olaraq saytda “Tez-tez verilən suallar”, “Təhlükəsizlik”, “Saytın xəritəsi” funksionallıqları yaradılmış, qurumun illik hesabatları yerləşdirilmişdir.

Hesabat dövründə “Facebook” üzərindən paylaşılan film və videoçarxları ümumilikdə 200 mindən çox (maksimum 55.963, minimum 1648 baxış) sosial şəbəkə istifadəçisi izləmişdir.

Komitənin “www.scwra.gov.az” rəsmi saytının “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət cavablandırılmış, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları təmin edilmişdir.

 

Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlığın aparılmasına dair

 

Komitəyə daxil olmuş müraciətlər və məktublar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. Belə ki, 2021-ci ildə Komitəyə 2505 məktub, 180 qanunvericilik sənədi daxil olmuşdur. “Nəzarətə götürülmüş” qriflə daxil olmuş 4 sənədin hamısı icra olunmuş, müxtəlif instansiyalara 562 məktub göndərilmişdir. Hesabat dövründə Komitənin elektron poçt ünvanına 393 vətəndaş müraciəti daxil olmuş, 127 məktub icra prosesindədir. 

 

 

Komitənin tabeliyində olan qurumların fəaliyyətinə dair

 

Mənəvi Dəyərlərin Təbliği Fondu

 

Dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və təbliği, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək məqsədi ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) 2021-ci ildə bu istiqamətdə fəaliyyətini davam etdirmişdir.  

Fondun fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, hər il QMİ tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1070 nəfər din xadiminə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən maddi dəstək göstərilir. 

Belə ki, Fondun maliyyə dəstəyi ilə “Alban-Udi Xristian” dini icmasının üzvləri Pasxa bayramında Laçın rayonundakı “Ağoğlan” monastırını, Kəlbəcər rayonundakı “Xudavəng” məbədini və Xocavənd rayonunun Tuğ kəndindəki Alban məbədini ziyarət etmişlər. Kəlbəcər rayonunda yerləşən “Xudavəng” məbədinə Pasxa bayramı münasibətilə edilən səfərdə digər konfessiya nümayəndələri də iştirak etmişlər. İcma üzvləri Fondun maliyyə dəstəyi ilə “Xocalı soyqırımı - əsrin faciəsi” adlı layihə çərçivəsində Laçın rayonundakı “Ağoğlan” monastırını və Kəlbəcər rayonundakı “Xudavəng” məbədini ziyarət etmişlər.

Fond Ramazan ayı münasibətilə müsəlman dini icmalarla birlikdə “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyasını həyata keçirmiş, aksiya çərçivəsində ölkənin 12 şəhər və rayonunda ümumilikdə 720 nəfər Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilmiş, onların hər birinə 100 (yüz) manatlıq alış-veriş kartı təqdim olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən 6 nəfər dini icma sədri və din xadiminin hər birinə Fond tərəfindən 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir.

Ötən ilin avqustun 13-də Fond Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərmişdir.

Fondun maliyyə dəstəyi və bir sıra müsəlman dini icmalarının təşkilatçılığı ilə ölkənin 25 şəhər və rayonunda ötən ilin Məhərrəm ayı çərçivəsində doğum günü olan ümumilikdə 700 nəfərdən çox Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilmişdir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edilən ziyarətlərdə şəhidlərimizin ailələri ilə görüşlər keçirilmiş, onlara müxtəlif məişət avadanlıqları, o cümlədən Qurani-Kərim hədiyyə edilmişdir.

Ötən ilin oktyabr-noyabr ayları ərzində Fond tərəfindən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-İslam) arasında “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqə elan edilmişdir. 8 noyabr – Zəfər Gününə həsr edilmiş müsabiqədə din xadimləri və dini icma sədrləri şeir, hekayə və məqalə formatında yazılarla iştirak etmiş, qaliblər pul və digər hədiyyələrlə mükafatlandırılmışdır.

Fond tərəfindən 2021-ci ildə təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər görülmüş, Azərbaycan İlahiyyat İnstitutunun 57 tələbəsinə aylıq təqaüd verilmiş, 1 nəfər tələbə üçün adıçəkilən təhsil müəssisəsinin təsis etdiyi 200 manat məbləğində “Heydər Əliyev mükafatı” maliyyələşdirilmişdir.

Fond tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında İlahiyyat fakültəsinin məzunu, şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsi elan edilmişdir. Müsabiqəyə Vətən müharibəsi, İslamda şəhidlik, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzularında, eləcə də Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr qəbul edilmiş, qaliblər pul mükafatı və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Fondun maliyyə dəstəyi və “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə "Mənəvi dəyərləri yaşadanlara bahar sovqatı" adlı layihə həyata keçirilmişdir. Layihə çərçivəsində 50 nəfər özünəqulluq qabiliyyəti olmayan ahıllar ziyarət edilmiş, onların hər birinə 70 manat məbləğində alış-veriş kuponları təqdim olunmuşdur.

Fond 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” adlı aksiya keçirmişdir. Aksiya çərçivəsində ölkəmizin 8 şəhər və rayonunda 127 nəfər şəhidlərin övladları ziyarət edilmiş, onlara müxtəlif hədiyyələr (oyuncaq, məktəbli ləvazimatları və s.) təqdim edilmişdir.

Bundan əlavə, Fondun maliyyə dəstəyi ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Bakı şəhərində 61, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi isə Gəncə, Qazax və Ağstafa rayonlarında 139 nəfər şəhid və qazi ailələrinin övladlarına hədiyyələr təqdim etmişdir. Fondun maliyyə dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək və “Regional İnkişaf” İctimai Birliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı övladları üçün “Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil olunmuşdur.

Fond Qurban bayramı münasibətilə “Bakı Müharibə Əlil və Veteranları” İctimai Birliyinin müraciəti əsasında paytaxtda yaşayan ümumilikdə 70 şəhid ailəsi, müharibə əlili və veteranlara ərzaq yardımı etmişdir.

“Veteran Tankçılar” İctimai Birliyinin təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Balakən rayonundan olan Şindiyev İlqar Məhəmməd oğlunun və İsmayıllı rayonundan olan Muradəliyev Coşqun Ətraf oğlunun məzarları bərpa olunmuşdur.

2021-ci ilin birinci yarısında maddi yardımla bağlı Fonda müraciət edən şəhid ailəsinin üzvü və müharibə əlili olan 5 nəfər aztəminatlı vətəndaşa birdəfəlik maddi yardım göstərilmişdir.

Fond tərəfindən ASAN Radio ilə birgə “Mənəvi dəyərlər” adlı radio veriliş hazırlanaraq hər həftənin cümə axşamı günü dinləyicilərə təqdim olunmuşdur. Həmçinin dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Fond tərəfindən istifadəyə verilən (012) 1845 nömrəli “Dini sorğu xidməti” öz işini davam etdirmişdir. Ötən ildə Fond tərəfindən 6 sənədli film, 7 sosial videoçarx hazırlanmışdır.

Ölkəmizdə sosial şəbəkə istifadəçilərinin çoxluğunu və dəyərlərimizin təbliğində sosial şəbəkələrin əhəmiyyətli vasitələrdən biri olduğunu nəzərə alaraq, Fond tərəfindən sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edilmişdir. Müəyyən edilmiş həştəqlər əsasında paylaşılan, əhatəlilik, tutarlılıq, kreativlik, o cümlədən ictimai rəğbət qazanmış (yazı, şəkil, videoçarx) statuslar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilmiş və qaliblər mükafatlandırılmışdır.

Fondun maliyyə dəstəyi və “Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhid övladlarının zəfər sədası” adlı layihə həyata keçirilmişdir. Layihə çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladlarından ibarət 30 nəfərlik xor qrupu yaradılmış, onların ifasında sözləri Baba Vəziroğlu, musiqisi Sevinc Tofiqqızına aid olan musiqi səsləndirilmiş və “Şəhid övladlarının zəfər sədası” adlı klip hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur.

 

Azərbaycan İlahiyyat İnstitutu

 

Azərbaycan İlahiyyat İnstitutu (İnstitut) 2021-ci il üzrə fəaliyyətini müvafiq plana əsasən yerinə yetirmiş, İnstitutun işinin qanunvericiliyə əsasən həyata keçirilməsi təmin olunmuşdur.

2021-ci ildə İnstituta bakalavr səviyyəsinə 68 tələbə qəbul olunmuşdur. Onlardan 33 tələbə “Dinşünaslıq”, 35 tələbə isə “İslamşünaslıq” ixtisasları üzrə təhsil alır. Magistratura səviyyəsinə 3 tələbə, onlardan 1 nəfər “İslamşünaslıq”, 2 nəfər “Dinin psixologiyası” ixtisaslaşmalarına qəbul olunmuşdur.

Həmçinin İnstituta 2021-ci il üçün bakalavriat səviyyəsi üzrə 3 əcnəbi tələbə qəbul olunmuşdur. Onlardan 1 tələbə Türkiyə, 2 tələbə Gürcüstan vətəndaşlarıdır. Hesabat dövrü ərzində İnstitutun doktorantura pilləsinə bir nəfər Dinin tarixi və fəlsəfəsi ixtisası (7214.01) üzrə Fəlsəfə doktoru proqramına qəbul edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 2 noyabr 2020-ci il tarixli F-152 nömrəli əmri ilə İnstitutun nəzdində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün BFD 4.03 Birdəfəlik dissertasiya şurası yaradılmışdır.

 Mövcud pandemiya vəziyyəti ilə əlaqədar İnstitutda 2020/2021-ci tədris ilində tədris prosesi distant formada “Microsoft Teams” platforması üzərindən həyata keçirilmiş, 2021/2022-ci tədris ilindən etibarən tədris prosesi əyani formada davam etdirilmişdir.

Hesabat dövründə İnstitut və “Alban-Udi Xristian” dini icmasının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən “Alban-Udi Xristian” dini icması üçün ödənişsiz qaydada xristianlıq tədris kursu fəaliyyətə başlamışdır.

İnstitutun strategiyasının əsas istiqamətlərindən biri də professor-müəllim heyətinin və digər əməkdaşlarının elmi fəaliyyətidir. Yeni dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, proqramların və s.  hazırlanması və nəşrləri prioritet məsələlərdəndir.

Həmçinin İnstitutun akademik heyəti televiziya verilişləri və radio proqramlarda ictimai fəallıq göstərərək, müxtəlif mövzularda efir vasitəsilə çıxış etmişlər.

Hesabat dövründə İnstitutda mövcud pandemiya şəraitinə uyğun olaraq müxtəlif mövzularda ictimaiyyət nümayəndələri, elm xadimləri, eləcə də İnstitut əməkdaşları və tələbələrin iştirakı ilə 40-dan çox tədbir (konfrans/ video konfrans, seminar, vebinar, müsabiqə, görüş və s.) təşkil edilmişdir.

Hesabat dövründə İnstitutun rektoru, dosent Aqil Şirinov “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüş keçirmişdir. Ümumilikdə tələbələrin təhsildə yüksək nəticələr əldə etmələri və dünyagörüşlərinin formalaşmaları məqsədilə tədris müddətində onlarla fərdi və qrup şəklində görüşlər aparılmışdır. Bu görüşlərdə irad və təkliflər dinlənilmiş və onların həll yolları araşdırılmışdır.

2020/2021-ci tədris ilində tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilatçılığı ilə İnstitutda ingilis dili kursları, 2021/2022-ci tədris ilinin payız semestrində İnstitutunun IV tədris ili tələbələri üçün Peşə hazırlığı kursu təşkil olunmuşdur.

İnstitut tərəfindən “Din araşdırmaları” və “İlahiyyat” elmi-publisistik jurnalları, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Bülleten, həmçinin “İlahiyyat nəşrləri” layihəsinə əsasən müəllimlərin kitabları, bukletlər, qeydiyyat kitabları və digər multimedia materialları nəşrə hazırlanmışdır. İnstitutun təşkilatçılığı ilə keçirilən “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunmuşdur.

Milli Mətbuatın yaranmasının 146 illiyi münasibətilə İnstitut ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən mətbuat nümayəndələrini mükafatlandırmışdır.

Xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə İnstitut ilə Pakistan İslam Respublikasının Müsəlman İnstitutu arasında Anlaşma Memorandumu, Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinov,  İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr.Huthaifa Z.Mahmud, Cenevrə Universiteti İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev, Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ,  İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza İnstitutun qonağı olmuş və onlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələr aparılmışdır. Həmçinin hesabat dövründə rektor “Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüşərək, əməkdaşlıq əlaqələrinin qurulması barədə geniş müzakirələr aparmışdır. İnstitut rəhbərliyi Malayziyanın İslam Düşüncəsi İnstitutu (Institute of Islamic Understanding Malaysia) ilə onlayn görüş keçirmişdir. Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, vebinar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, akademik heyətin mübadiləsi müzakirə olunmuşdur.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdikləri “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılmasının təşviqi prosesində inancın rolunun təbliğinə həsr olunan layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində hesabat dövründə genderəsaslı zorakılığın qarşısının alınması və onunla mübarizə mövzusunda İnstitutun 100-dək tələbəsi üçün təlim və infosessiyalar keçirilmişdir.