Hesabat 2020

 

 

AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA

İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2020-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ

 

HESABAT

 

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi Azərbaycanda bütün sahələrin, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsinə, dini etiqad və vicdan azadlığının təminatına, milli-mənəvi, dini dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsinə dərin əsaslar yaratmışdır. Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına da xüsusi diqqət yetirmişdir.  

Müasir dövrdə Azərbaycan hökumətinin din siyasəti Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrəyə əsaslanır. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin qurduğu uğurlu strategiya nəticəsində ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr inkişaf etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) 2020-ci ildə fəaliyyətini Ulu Öndərin müəyyən etdiyi din siyasətinə uyğun istiqamətdə qurmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün çalışmışdır. Mövcud pandemiya şəraiti bütün sahələrdə olduğu kimi, dini qurumların da fəaliyyətinə mənfi təsirini göstərmişdir. Buna baxmayaraq, Dövlət Komitəsi resurs və imkanlarını səfərbər edərək pandemiya dövründə dini etiqad azadlığı üçün münasib şəraitin yaradılması, dini maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatına alınması, dini radikalizm və ekstremizmlə mübarizədə dinşünaslıq ekspertizasının keçirilməsi və s. ilə bağlı fəaliyyətini davam etdirmişdir. Görülən işlərin nəticəsidir ki, pandemiya dövründə və 44 günlük Vətən müharibəsində istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstərdilər.

Eyni zamanda, pandemiyaya qarşı mübarizəyə dəstək məqsədilə Dövlət Komitəsinin Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları mövcud şəraitin tələblərindən irəli gələrək sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparmış, Azərbaycan dövlətinin pandemiya ilə bağlı həyata keçirdiyi siyasəti təbliğ etmişlər. Bundan başqa, Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində ölkənin bölgələrində karantin qaydalarının tələblərinə riayət olunması istiqamətində tədbirlər görmüş və pozuntu hallarının dərhal qarşısı alınmışdır.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizədə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmuş, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə məqsədilə könüllü olaraq bu günə qədər Dövlət Komitəsi 14 334 (on dörd min üç yüz otuz dörd) manat, Mənəvi Dəyərlərin Təbliği Fondu 40784 (qırx min yeddi yüz səksən dörd) manat, Azərbaycan İlahiyyat İnstitutu 5866 (beş min səkkiz yüz altmış altı) manat pul vəsaiti köçürmüşlər.

Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstək göstərdiyi din xadimləri də bu aksiyada fəal iştirak edərək, aldıqları maddi vəsaitin bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlamışlar. Karantin dövrü və Ramazan ayında dini icmalar yardım kampaniyaları ilə də diqqəti cəlb etmişlər. Dövlət Komitəsinə daxil olan məlumatlara görə dini icmalar tərəfindən 14623 ailəyə yardım paketi paylanılmışdır.

Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması üçün müzəffər Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək məqsədilə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürmüşdür. Eyni zamanda, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də bu aksiyada fəal iştirak etmişlər. Bundan başqa, Mənəvi Dəyərlərin Təbliği Fondundan aylıq maddi yardım alan din xadimləri ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumilikdə 39 627 (otuz doqquz min altı yüz iyirmi yeddi) manat məbləğində vəsait köçürmüşlər.

 

Dini durumun tənzimlənməsi və dini qurumlarla iş üzrə

 

Dövlət Komitəsinin fəaliyyətində əsas hədəflərdən biri vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və tolerantlıq münasibətlərinin qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması və bu istiqamətdə dini qurumlarla sıx əməkdaşlığın qurulmasıdır.

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirilmiş, dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr verilmiş, çağırışlar edilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 mart 2020-ci ildən ölkədəki ibadət evləri və ziyarətgahların fəaliyyəti dayandırılmış, dəfn mərasimləri istisna olmaqla, mərasim zalları, çadırlar və digər qapalı məkanlarda dini ayinlər və yas mərasimlərinin keçirilməsi qadağan olunmuşdur.

Həmin dövrdən etibarən bütün ibadət evlərində dini ayinlərin icra edilməsi məhdudlaşdırılmış, rəsmi din xadimlərinə dəfn mərasimləri istisna olmaqla, digər dini və ənənəvi tədbirlərdə – yas mərasimləri, ehsan süfrələri və mövlud günlərinin təşkilində iştirak etməmələri barədə tapşırıq verilmişdir.

Daxil olan məlumatlara və monitorinqlərin nəticəsinə görə, karantin dövründə ölkədəki ibadətxanalarda kütləvi tədbirlərin keçirilməsi qeydə alınmamışdır. Bəzi müsəlman və xristian din xadimləri tərəfindən onlayn moizələr oxunmuşdur.

Dini konfessiya və icmalar gündəlik ibadətləri kimi, dini bayram və əlamətdar günlərini də ibadət evlərində keçirməmişlər. Müsəlman icmaları Ramazan ayı, xristian icmaları Pasxa, yəhudi icmaları Pesaxla bağlı tədbirlərini sosial şəbəkələr vasitəsilə həyata keçirmişlər.

Ramazan ayı. Qeyd edək ki, QMİ-nin Qazılar Şurası və Elmi-dini Şurasının verdiyi fətvaya əsasən, 2020-ci ilin 25 aprel tarixi Ramazan ayının birinci gününə, Fitr bayramı (Ramazan bayramı) may ayının 24-nə təsadüf etmişdir. Bununla bağlı QMİ ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası tərəfindən xüsusi təqvim hazırlanmış, dini icmalar, din xadimləri və sıravi dindarlara ondan istifadə tövsiyə olunmuşdur.

Qurban bayramı, Məhərrəmlik. 2020-ci ildə Qurban bayramı və Məhərrəmlik mərasimləri karantin rejimi qaydalarına əsasən qeyd edilmişdir. Qurban bayramı 31 iyul 2020-ci ilə təsadüf etmişdir. 24 iyul 2020-ci ildə QMİ dindarlara müraciət ünvanlayaraq, məscidlərdə bayram namazının qılınmayacağını bildirmişdir. Qurban bayramı günü karantin rejiminin pozulması qeydə alınmamışdır. Məhərrəm ayının 1-i 21 avqust, Aşura günü isə 30 avqust tarixinə təsadüf etmişdir. Bu münasibətlə 21 avqust 2020-ci ildə QMİ-nin Qazılar Şurasının iclası keçirilmiş, Məhərrəmlik mərasimlərinin məscid və ziyarətgahlarda keçirilməməsinə qərar verilmişdir.

Xüsusi karantin rejimi dövründə dini ayinlərin icrası, o cümlədən yas mərasimləri ilə bağlı karantin qaydalarının pozulması halları Dövlət Komitəsinin bölgə şöbəsi, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanlarının birgə tədbirləri nəticəsində aradan qaldırılmışdır.

Dövlət Komitəsi müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində zəruri tədbirlər görməklə işini davam etdirmişdir.

Müsəlman icmalarla yanaşı, qeyri-müsəlman icmalar da, xüsusilə pandemiya dövründə qaydalara əməl etməklə cəmiyyətimizin maariflənməsində fəallıq göstərmiş, koronavirusla mübarizədə həmrəylik nümayiş etdirmişlər.

Hesabat dövründə Dövlət Komitəsi tərəfindən qeyri-müsəlman dini icmaların dövlət qeydiyyatından keçməsi, onların fəaliyyətinin qanunauyğun şəkildə tənzimlənməsi və leqallaşdırılması istiqamətində işlər aparılmışdır.

Hesabat dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində 19.06.2020-ci ildə Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin iştirakı ilə “Alban-Udi mədəniyyəti və abidələri” mövzusunda (Azərbaycan dilində), 06.07.2020-ci ildə Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və sinaqoqun baş ravvini Şneor Seqalın iştirakı ilə “Avropa Yəhudilərinin Bakı dini icmasının tarixi və mədəniyyəti” mövzusunda (rus dilində), 09.07.2020-ci ildə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin iştirakı ilə “Bakı dağ yəhudilərinin Azərbaycanda tarixi və rolu” mövzusunda (Azərbaycan dilində), 15.09.2020-ci ildə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumunun sədri, yepiskop Vladimir Feketenin iştirakı ilə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının tarixi və fəaliyyəti” mövzusunda (rus dilində), 22.09.2020-ci il tarixdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun sədri, arxiyepiskop Aleksandr İşeinin iştirakı ilə “Rus Pravoslav kilsəsi Azərbaycanda” mövzusunda (rus dilində) olmaqla 5 videokonfrans keçirilmişdir.

Qeyd edək ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi Azərbaycanın multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, Azərbaycandakı diaspor təşkilatları, icmalar, eləcə də dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdir.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə dini qurumlara maliyyə yardımı göstərilməsi ənənəsi hər il olduğu kimi, 2020-ci ildə də davam etdirilmişdir. Dövlət başçısının 02 iyun 2020-ci il tarixli Sərəncamına əsasən, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan QMİ-yə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 150 min manat və Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılmışdır.

 

Hüquq və qeydiyyat üzrə

 

Hazırda dövlət qeydiyyatına alınmış 955 dini qurum fəaliyyət göstərir. Onlardan 918-i İslam, 37-si qeyri-islam təmayüllü (26-sı xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır. 

        Hesabat dövründə ümumilikdə 14 dini icma (12 İslam, 2 qeyri-islam təmayüllü) (3 müraciət hesabat dövrü ərzində, 2019-cu ildən qalma – 11 müraciət) dövlət qeydiyyatına alınmışdır. Hazırda 18 (18 müraciət 2019-cu ildən qalma) dini icmanın sənədləri yoxlanılır.

Təsis sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı 16 müraciət daxil olmuşdur. Bunlardan 8 dini qurumun təsis sənədlərində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alınaraq Dini qurumların dövlət reyestrinə daxil edilmişdir (7 İslam təmayüllü dini icma, 1 qeyri – islam təmayüllü dini icma). 7 dini qurumun (4-İslam təmayüllü dini icma, 3 qeyri – islam təmayüllü dini icma) sənədi qanunvericiliyə uyğun tərtib və təqdim edilmədiyinə görə geri qaytarılmışdır. Hazırda 1 dini icmanın (qeyri-islam təmayüllü) sənədləri icradadır.  

4 dini qurum ləğv edilməsi barədə məlumatın dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş və dini qurumların dövlət reyestrinə daxil edilmişdir.

        Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 6 müraciət daxil olmuşdur. Ümumilikdə 3 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar razılığın verilməsindən imtina olunmuş, 3 (hesabat dövrü ərzində 2 müraciət, 2019-cu ildən qalma – 1 müraciət) ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilmişdir.

Dövlət Komitəsi ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı müvafiq profilaktik və inzibati tədbirləri davam etdirmişdir.

Hesabat dövrü ərzində İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsinə əsasən Bakı bölgəsi üzrə şöbədə 3 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmişdir.

Ümumiyyətlə, hesabat dövründə Dövlət Komitəsinin bölgə şöbələri ilə koordinasiyalı şəkildə müxtəlif dini cərəyanlara məxsus radikal yönümlü şəxslərin fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, onların qanunazidd əməlləri aşkarlandığı təqdirdə hüquq mühafizə orqanlarının məlumatlandırılması həyata keçirilmişdir.

 

Dinşünaslıq ekspertizası üzrə

 

Dövlət Komitəsi hesabat dövründə dini və məzhəb zəminində ayrı-seçkilik, tolerant ənənələrə zidd, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan, radikallığı və ekstremizmi təbliğ edən zərərli dini ədəbiyyatın aşkarlanması, onların ölkəyə idxalının və nəşrinin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirmişdir.

Ümumilikdə idxalla bağlı 2020-ci il ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3680 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 211 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-sının çapı məqsədəuyğun sayılmamışdır.   

Hesabat dövründə 487 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün 679 412 ədəd nəzarət markası verilmişdir. 

Hüquq mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi davam etdirilmiş, müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınmışdır.  

Hüquq mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 220 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 63-nün zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.

 

Təhlil və proqnozlaşdırma üzrə

 

Dövlət Komitəsi ölkədə dini sahənin öyrənilməsi, radikal, o cümlədən qeyri-ənənəvi cərəyanların mənsublarının, məzhəbçiliyi, dini dözümsüzlüyü təbliğ edən qüvvələrin fəaliyyət istiqamətlərinin araşdırılması, bu yöndə zərərli tendensiyaların müəyyən edilməsi, ölkəmizə kənardan olan dini təsirlərin və s. təhlili və proqnozlaşdırılması işini həyata keçirir. Hesabat dövründə bu istiqamətdə tədbirlər davam etdirilmiş, mövcud vəziyyət, baş verən hadisələr, nəticələr barədə təhlillər aparılmışdır.

Dövlət Komitəsi təhlil istiqamətində fəaliyyətini yerli şöbələr, müxtəlif qurumlar, yazılı mətbuat, xarici kütləvi informasiya vasitələri, internet resursları, televiziya və radio, eləcə də digər mümkün mənbələrdən əldə olunan məlumat və materiallar üzərində qurmuşdur.

Daxil olan məlumatlar, əldə edilən informasiyalar və müşahidələrə əsasən aparılmış müvafiq təhlillər əsasında mövcud məlumat bazası yenilənmişdir.

Yaxın Şərq regionunda, eləcə də Rusiya, Türkiyə, İran, Dağıstan, Gürcüstan, Ermənistanda baş verən siyasi proseslərin izlənilməsi, həmin proseslərdə din amilinin rolu, din adı altında fəaliyyət göstərən silahlı birləşmələrin fəaliyyəti, bu hadisələrin ölkəmizə göstərdiyi təsirlər və vətəndaşlarımızın qeyd edilən məsələlərə münasibətinin, fikirlərinin araşdırılması işi həyata keçirilmişdir.

 

Dini maarifləndirmə üzrə

 

Dövlət Komitəsi ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği üçün hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi məqsədilə fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin mart ayının ikinci yarısından hesabat dövrünün sonunadək olan müddətdə sosial izolyasiya ilə bağlı tələblərdən irəli gələrək vətəndaşlarla canlı ünsiyyət formatında keçirilməsi planlaşdırılmış dini maarifləndirmə xarakterli bir sıra tədbirlər təxirə salınmış və ya videokonfranslar formatında davam etdirilmişdir.

Ümumiyyətlə, Dövlət Komitəsi maarifləndirmə və koordinasiya sahəsində qarşısına qoyduğu məqsədlərə çatmaq üçün tədbirlərini müəyyən istiqamətlər üzrə qurmuşdur:

- Dini qurumlara və dindar kontingentə yönəlik;

- Silahlı Qüvvələrə yönəlik;

- Təhsil müəssisələrinə yönəlik;

- QHT-lərə yönəlik;

- Ailə, qadın məsələlərinə yönəlik;

- Gənclərə, məcburi köçkünlərə yönəlik;

- Cəzaçəkmə müəssisələrinə yönəlik və s.

2020-ci il ərzində Dövlət Komitəsi tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 180-ə yaxın tədbir həyata keçirilmişdir.

12 min nəfərin cəlb olunduğu bu tədbirlərin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilmişdir. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı davam etdirmişdir.

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda Salyan rayonu və Yevlax şəhərində ikigünlük regional konfranslar, “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda Göygöl və Ağsu rayonlarında, həmçinin Gəncə və Şirvan şəhərlərində ikigünlük seminar-müşavirələr, “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda Qubadlı, Balakən, Biləsuvar və Ucar rayon icra hakimiyyətləri ilə birgə seminar-treninqlər, “XXI əsrdən baxış: din və qadın” mövzusunda Şəki şəhərində ikigünlük regional konfrans, “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakı şəhərinin Xocasən, Maştağa, Buzovna, Mərdəkan və Kürdəxanı qəsəbələrində seminar-treninqlər təşkil olunmuşdur.

Həmçinin Dövlət Komitəsi və regional şöbələri tərəfindən müvafiq dövr ərzində 20 Yanvar və Xocalı faciələri, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilmişdir.

Eyni zamanda, Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıda adları qeyd edilən dövlət qurumları ilə birgə tədbirlərin keçirilməsi məqsədilə 2020-ci il üçün Tədbirlər Planları hazırlanmışdır:

  • Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti;
  • Müdafiə Nazirliyi;
  • Daxili İşlər Nazirliyinin Daxili Qoşunları;
  • Dövlət Sərhəd Xidməti;
  • Ədliyyə Nazirliyinin Penitensiar Xidməti.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Komitəsinin 2020-ci ildə dini ekstremizmə qarşı mübarizəyə dair birgə “Tədbirlər Plan”ı çərçivəsində “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda Hacıqabul rayonunda regional seminar-müşavirə keçirilmişdir.

Eyni zamanda, 2020-ci ilin əvvəlindən Silahlı Qüvvələrin şəxsi heyətinin maarifləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə 6 tədbir həyata keçirilmişdir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dövlət Komitəsi arasında imzalanmış “Tədbirlər Planı” çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 4 tədbir baş tutmuşdur.

Eyni zamanda, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2020-ci il üçün İş Planı çərçivəsində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu”, “Narkomaniyanın mənəvi və fiziki zərərləri” və “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzularında ölkə üzrə 32 tədbir baş tutmuşdur.

Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi məqsədilə təhsil müəssisələrində 20-yə yaxın birgə tədbir təşkil edilmişdir. Hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və müxtəlif hədəf qrupları üçün nəzərdə tutulmuş sənədli filmlər də nümayiş olunmuşdur. Ölkənin ayrı-ayrı regionlarında nümayiş etdirilən bu filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd olunduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar dini maarifləndirmə tədbirləri, əsasən, internet üzərindən həyata keçirilmişdir. Onlayn maarifləndirmə tədbirləri, xüsusilə 2020-ci ilin ikinci yarısından sonra vüsət almışdır. Belə ki, bır sıra kommunikasiya problemlərinə baxmayaraq, Dövlət Komitəsinin təkcə bölgə şöbələri tərəfindən 100-dən artıq onlayn tədbir həyata keçirilmişdir. Bu tədbirləri məqsəd və məzmun baxımından iki cür qruplaşdırmaq olar:

  • Koronavirus pandemiyası ilə əlaqədar tədbirlər;
  • Vətən müharibəsi ilə bağlı tədbirlər.

Koronavirus pandemiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri çərçivəsində bir çox sahədə olduğu kimi, dini ibadət məkanlarının fəaliyyəti də məhdudlaşdırılmışdır. Eyni zamanda, yas mərasimlərinin keçirilməsi, Məhərrəmlik mərasimi, Ramazan və Qurban bayramı kimi kütləvi toplaşmalarla xarakterik olan əlamətdar günlərdə dindarların davranışının qaydalara uyğun tənzimlənməsi kimi məsələlər aktuallaşmışdır. Bu məqsədlə “Karantin dövründə dini icmaların fəaliyyəti”, “Koronavirus epidemiyası dövründə dini fəaliyyət”, “Qadın dindarlarların pandemiya dövründə fəaliyyət istiqamətləri”, “Pandemiya dövründə yas mərasimlərinin idarə edilməsində din xadimlərinin rolu”, “Pandemiya dövründə gənclərimiz və milli-mənəvi dəyərlər”, “Qaydalara əməl edək”, “Karantin dövründə dini icmaların fəaliyyəti”, “Məhərrəm ayında din xadimlərinin üzərinə düşən məsuliyyət”, “Pandemiya dövründə dini icmaların fəaliyyəti və qarşıda duran vəzifələr”,“Pandemiya şəraitində dini mərasimlər” və s. mövzularda videokonfranslar təşkil olunmuşdur. Bu tədbirlərin digər məqsədi pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin mahiyyəti ilə bağlı izahat işinin aparılması və bir sıra destruktiv qüvvələrin bu kontekstdə hər hansı sosial narazılıq yaratmaq cəhdlərinin qarşısının preventiv addımlar atmaqla vaxtında alınması olmuşdur.

Vətən müharibəsi və ondan sonrakı dövrdə isə vətənpərvərliyi və vətəndaşlıq borcunu təbliğ edən “Vətən borcu”, “Din xadimləri və dindarların vətənpərvərlik istiqamətində apardığı işlər və şəhid dəfnlərinin təşkili”, “Şəhidlik”, “Qazilik”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qan donorluğuna İslam dinində baxış”, “Zəfər bizimdir”, “Cəbhədəki qələbələrimiz və bayrağımız”, “Qələbəmiz mübarək” kimi mövzularda onlayn tədbirlər keçirilmişdir. Bu istiqamətdə təşkil olunan tədbirlərdə Vətən müharibəsi dövründə milli birliyimizin gücləndirilməsi, Azərbaycan xalqının vahidliyi, bir məqsəd ətrafında birləşməsi, müxtəlif dinlərə mənsub ölkə vətəndaşlarının vahid amal uğrunda mübarizəsi, döyüş ruhunun qaldırılması, humanist prinsiplərin qorunması və s. oxşar təbliğat və təşviqat işlərinin effektiv qurulmasına çalışılmışdır.  

Karantin rejiminin tələblərinə uyğun olaraq, Dövlət Komitəsinin Mərkəzi Aparatı və yerli şöbələri tərəfindən pandemiya dövründə də ölkə ərazisində dövlət-din münasibətlərinin tənzimlənməsi, o cümlədən çətin keçən bu günlərdə cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanların mənəvi cəhətdən sıx birləşməsi istiqamətində videokonfrans formatında bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma üzvləri və din xadimlərinin iştirakı ilə videokonfrans formatında bir sıra tədbirlər həyata keçirilmiş, zəruri maarifləndirmə işləri aparılmışdır. Dövlət Komitəsinin bölgə şöbələrinin və digər müvafiq qurumların əməkdaşlarının, dini icma sədrləri və din xadimlərinin qatıldığı videokonfranslarda koronavirus pandemiyasının qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və məqsədyönlü siyasətin, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq atılan qabaqlayıcı addımların önəmindən, həmçinin mövcud şəraitdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması və yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasından bəhs edilmiş, QMİ-nin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanmışdır.

Ümumiyyətlə, bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan onlayn tədbirlərdə müxtəlif din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması, dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur. Səmərəli diskussiyaların aparıldığı görüşlərdə respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, imamlar, dindarlar, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəalları iştirak etmişlər.

Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam”, Mədəniyyət kanalında yayımlanan “Haqqın dərgahı” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir. Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 2020-ci il üzrə 3, “Cəmiyyət və Din” qəzetinin 9 sayı çap edilmişdir. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının 29-da ölkə üzrə tətbiq olunan müəyyən məhdudiyyətlər səbəbindən qəzetin 3 sayı nəşr olunmamışdır.

 

  Xarici əlaqələr üzrə

 

Dövlət Komitəsinin xarici əlaqələr üzrə fəaliyyətinin əsas məqsədi Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliğ edilməsi, Azərbaycan, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın aradan qaldırılması, qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar məsələlərdə xariclə əlaqələrin düzgün tənzimlənməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin təmin edilməsi və s. olmuşdur.

2020-ci ildə dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyasının tez müddətdə geniş vüsət alması cəmiyyətin bütün sferalarına, həmçinin beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlərə, eləcə də Dövlət Komitəsinin xarici əlaqələrinin aktiv inkişaf tendensiyasına mənfi təsir göstərmişdir. Belə ki, əvvəlcədən keçirilməsi planlaşdırılan beynəlxalq əhəmiyyətli tədbirlər baş tutmamış və ya qeyri-müəyyən müddətə təxirə salınmışdır.

Belə ki, 2020-ci ilin aprel ayında Səmərqənd şəhərində “İslam maarifçiliyi və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik seminarın keçirilməsi nəzərdə tutulmuşdur. Lakin pandemiya ilə əlaqədar həmin tədbir təxirə salınmış, 2020-ci il iyulun 24-də Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda videokonfrans keçirilmişdir.

Hər iki ölkədən alimlər, deputatlar, din xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər. “Cəmiyyətdə dini tolerantlığın və harmoniyanın təmin edilməsi: Özbəkistan və Azərbaycan təcrübəsi”, “Müasir dövlətdə dini dəyərlərin saxlanılması və inkişafı”, “Müasir dövrdə İslam maarifçiliyi” mövzularında panel sessiyalar keçirilmişdir.

 Beynəlxalq videokonfrans zamanı Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum, eləcə də Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Dövlət Komitəsi əvvəldən planlaşdırılmış beynəlxalq tədbirlərini onlayn şəkildə keçirməyə başlamışdır. Bu tədbirlərdən ilki kimi Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans təşkil olunmuşdur. Videokonfransın təşkilində məqsəd çoxyönlü müasir qlobal etika konsepsiyasında dini kimliyin möhkəmləndirilməsi olmuşdur. Hər iki ali təhsil müəssisəsindən olan alimlər tərəfindən dini radikallaşmaya qarşı mübarizə yolu kimi mədəniyyətlərarası və dinlərarası dialoq çərçivəsində dini kimliyin möhkəmləndirilməsi sahəsində indiyədək aparılmış araşdırma metodları haqqında səmərəli fikir mübadiləsi aparılmışdır. Həmçinin növbəti ildə Azərbaycan İlahiyyat İnstitutu və Belçikanın Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar Fakültəsi arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur ki, sənəddə tələbə mübadiləsi, müştərək tədqiqat layihələri və araşdırmaların həyata keçirilməsi, multikulturalizm və tolerantlıq ənənələri sahəsindəki təcrübə mübadiləsi (Azərbaycan və Belçika nümunəsində) və s. mövzular öz əksini tapmışdır.

Eyni zamanda, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Albaniya və ATƏT-in Demokratik Təsisatlar Bürosunun dəstəyi ilə "Dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə” mövzusunda videokonfrans təşkil edilmişdir. Videokonfransda sədr müavini Səyavuş Heydərov iştirak etmişdir.

Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın təşəbbüsü ilə 2020-ci ilin 20 oktyabrında İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin videokonfransı keçirilmiş və dünyanın 60 ölkəsindən rəsmi şəxslərin iştirak etdiyi tədbirə Dövlət Komitəsinin sədri qatılmışdır. Bu konfransda Mübariz Qurbanlı çıxışının böyük hissəsini Ermənistanın Azərbaycan xalqına və onun mədəni irsinə qarşı həyata keçirdiyi terror siyasətinə həsr etmişdir.

Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində 2020-ci ilin yanvar-mart ayları ərzində xarici ölkələrə edilmiş səfərlər zamanı dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə çoxsaylı görüşlər keçirilmiş, mühüm müzakirələr aparılmışdır.

Belə ki, Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan Hüquqları və Demokratiya üzrə alt-komitənin növbəti 8-ci iclasında iştirak etmək məqsədilə 2020-ci il 4-5 mart tarixlərində bu ölkədə səfərdə olmuşdur.

2020-ci ilin 8-12 mart tarixlərində Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın Yuta Ştatında yerləşən Stirlinq Fondunun birgə təşkilatçılığı ilə həmin ştatda “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, QMİ, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Avropa yəhudiləri dini icması, Katolik Kilsəsinin Azərbaycandakı Prefekturasının rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyəti ABŞ-a səfər etmişdir.

Səfər çərçivəsində Yuta Ştat Senatının sədri Stüart Adams (Stuart Adams), Yuta Ştat Nümayəndələr Palatasının spikeri Bred Uilson (Brad Wilson), ştatın paytaxtı Solt Leyk Siti şəhərinin meri Erin Mendenhol (Erin Mendenhall) ilə görüşlər keçirilmiş və onlar Azərbaycanın qədim tolerantlıq ənənələri və multikulturalizm modeli haqqında məlumatlandırılmışlar. Nümayəndə heyəti ABŞ-ın Yuta Ştat Senatının plenar iclasında iştirak etmiş və plenar iclasda  Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul olunmuşdur.

Hesabat dövrü ərzində Dövlət Komitəsinin bir qrup xanım əməkdaşının ABŞ-a səfəri baş tutmuşdur. Belə ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Açıq Dünya Proqramı – Dini Təşkilatlarda Qadınlar Proqramı çərçivəsində dörd xanım əməkdaş 4-14 mart 2020-ci il tarixlərində ABŞ-a səfər etmiş, Vaşinqtonda nümayəndə heyəti Açıq Dünya Proqramının icraçı direktoru Ceyms Sarqusa ilə görüşmüşdür. Görüşdən sonra Corctaun Universitetinin Makkurt İctimai Siyasət Məktəbinin Qlobal və Xüsusi Təhsil direktoru Dr.Sem Potolikçio və Dövlət Departamentinin nümayəndəsi Ceyms Quirkin mühazirəçi olduğu panellərdə iştirak edilmişdir. Proqram çərçivəsində müxtəlif hökumət, qeyri-hökumət, dinlərarası və dini təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, Azərbaycanın dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələri barədə çıxışlar olmuşdur.

Hesabat dövründə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusun rəhbərlərini, təmsilçilərini, ölkəmizə səfərə gəlmiş nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərini qəbul etmişdir. Bütün görüşlərdə Azərbaycanla ikitərəfli əlaqələr, qarşılıqlı əməkdaşlıq və ölkəmizlə bağlı həqiqətlərin düzgün təbliğ edilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət Komitəsi dünyada mövcud dini vəziyyətlə bağlı ABŞ Dövlət Departamentinin İnsan hüquqları və ABŞ Beynəlxalq Din Azadlığı Komissiyalarının, eləcə də BMT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların hazırladığı müvafiq hesabatların Azərbaycanla bağlı hissəsinə dair cavablar hazırlamışdır. Hesabat dövründə ABŞ Dövlət Departamenti və Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) 2020-ci ildə dərc edilmiş hesabatlarının, habelə BDAK tərəfindən 2020-ci ilin noyabr ayında açıqlanmış “Yehovanın şahidlərinin qlobal təqibi” adlı hesabatının Azərbaycanla bağlı hissələrinə dair şərhlər, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasına və BMT Baş Assambleyasının 75-ci sessiyasına təqdim edilməsi üçün məlumatlar Dövlət Komitəsi tərəfindən hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Həmçinin 44 günlük Vətən müharibəsi ilə bağlı Azərbaycan həqiqətləri barədə ölkəmizdə fəaliyyət göstərən qeyri-islam dini icmalarının (əsasən Xristian və Yəhudi) rəhbərləri tərəfindən xarici ölkələrin müxtəlif rəsmi şəxslərinə və qurumlarına, dini sahə ilə məşğul olan xarici və beynəlxalq təşkilatlara, habelə xaricdə fəaliyyət göstərən dini mərkəzlərə xarici dillərdə müraciətlər ünvanlanmışdır. Xüsusilə ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq  və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə etirazla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və “Xristianların müdafiəsi” təşkilatına - “In Defense of Christians”) ünvanlanmış müraciətləri qeyd etmək olar.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Dövlət Komitəsinin əməkdaşları xarici mətbuatda, eləcə də xarici internet resurslarında məqalələrlə çıxış etmişlər. Hesabat dövründə Dövlət Komitəsinin sədri və şöbə əməkdaşlarının Azərbaycan həqiqətləri ilə bağlı – dövlət-din münasibətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan tərəfindən dağıdılmış, təhqir edilmiş tarixi-dini abidələrimiz və s. mövzularda müəllifi olduğu məqalələr dünyanın 13 ölkəsinin internet portallarında işıqlandırılmışdır.

Eyni zamanda, Dövlət Komitəsinin sədri Türkiyənin "Yeni Şafak" qəzetinə, Fransanın “Muselmans en France” portalına, Fransanın “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “John Batchelor Show” radio verilişinin rəhbəri Con Batçelora müsahibələr vermişdir.

Ümumilikdə son illər ərzində Dövlət Komitəsi rəhbərliyinin həm ölkə daxilində səfərdə olan din azadlığı ilə məşğul olan xarici və ya beynəlxalq təşkilat təmsilçiləri, həm də beynəlxalq tədbirlərdə iştirak edərkən keçirmiş olduğu görüşlərdə Azərbaycanda din sahəsindəki real vəziyyət barədə ətraflı məlumatlandırması, xarici dillərdə müvafiq təbliğat xarakterli filmlər, kitabların hazırlanması Azərbaycanın apardığı dövlət-din siyasətinin xarici auditoriyaya çatdırılmasına öz töhfəsini vermişdir.

Təsadüfi deyil ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən hazırlanmış 2019-cu il üzrə hesabatda Azərbaycan dövləti tərəfindən din sahəsində aparılan fəaliyyətdə müəyyən nailiyyətlərin və müsbət dinamikanın olduğu etiraf edilmişdir. Qeyd edək ki, BDAK-ın ABŞ Dövlət Departamentinə (DD) tövsiyəsinə baxmayaraq, DD beynəlxalq dini azadlığın vəziyyəti üzrə öz təsnifatında Azərbaycanı “Xüsusi müşahidə altında olan ölkələrin siyahısı”na daxil etməmişdir. Bununla da DD Azərbaycana münasibətdə obyektivliyini qoruyub saxlamışdır. Qarşıdakı illərdə də Dövlət Komitəsi birgə layihələr həyata keçirməklə qurumlararası əlaqələrin gücləndirilməsinə çalışacaqdır.

Eyni zamanda, xarici ölkələrdəki bir sıra Azərbaycan səfirlikləri ilə faydalı əməkdaşlıq qurulmuşdur ki, bu da ümumi işə öz töhfəsini vermişdir.

 

İctimaiyyətlə əlaqələr və KİV ilə iş üzrə

 

Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələrini təşkil etmək, əlaqələndirmək, fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Komitə tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanaraq yayımlanmışdır.

Pandemiya ilə əlaqədar Dövlət Komitəsində “qaynar xətt” yaradılmış, gələn zənglərə 24 saat boyunca operativ cavablar verilmişdir.

2020-ci ilin yanvar, fevral və mart aylarında Dövlət Komitəsinin sədri və onun müavinləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq regionlarda (Abşeron, Siyəzən, Sumqayıt, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Şirvan, Saatlı) qəbul keçirmişlər. Vətəndaşların qəbulu prosesinin elektron portallar, sosial şəbəkələr və digər kütləvi informasiya vasitələrində operativ şəkildə yayımlanması təmin edilmişdir.

Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, danışıqlar aparılmış, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulmasının təmin edilməsi sahəsində müvafiq qurumun struktur bölməsi ilə Dövlət Komitəsinin göstərdiyi xidmətlərlə bağlı Dövlət Xidmətlər Reyestrinə rüblük məlumatların yerləşdirilməsi təmin edilmişdir. Eyni zamanda, Dövlət Komitəsinin göstərdiyi xidmətlərin elektronlaşdırılmasının fiziki qoşulmasının təmin olunması üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ilə müqavilə imzalanmışdır.

Dövlət Komitəsinin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, Komitənin rəsmi veb səhifəsi olan www.scwra.gov.az saytında, sosial şəbəkələrdə (“facebook”, “twitter”) operativ şəkildə işıqlandırılmış, Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilmişdir. Həmçinin Dövlət Komitəsinin Telegram kanalı və Instagram sosial şəbəkəsində rəsmi hesabı fəaliyyətə başlamış, “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üçün təsdiq nişanının alınması istiqamətində zəruri addımlar atılmışdır.

3 dildə - Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənmişdir. Rəsmi saytda vətəndaşlar üçün “Jivochat” onlayn müraciət proqramı vasitəsilə birbaşa, asan müraciət imkanı yaradılmışdır.

Dövlət Komitəsinin keçirdiyi tədbirlər haqqında informasiyalar və fəaliyyətinə aid məlumatlar müxtəlif sosial şəbəkələrdə davamlı olaraq paylaşılmış və ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Eyni zamanda, Komitənin fəaliyyəti haqqında müxtəlif telekanallarda yayımlanan reportajların, süjetlərin müvafiq formada yayılması prosesi həyata keçirilmişdir.

Komitənin “www.scwra.gov.az” rəsmi saytının “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət cavablandırılmış, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları təmin edilmişdir.

Komitənin sosial şəbəkələrdəki səhifələrində əsas diqqət qurumun fəaliyyətinə, həyata keçirdiyi işlərə, yeniliklər barədə əhalinin məlumatlandırılmasına və maarifləndirilməsinə yönəldilmişdir. Belə ki, pandemiya şəraitində Məhərrəm ayı boyunca ibadətlərin dövrün tələblərinə uyğun həyata keçirilməsi istiqamətində “cəmiyyəti qoru, özünü qoru” həştəqi ilə geniş maarifləndirmə işləri aparılmış, vətəndaşlarımızın məhərrəmlik mərasimlərini öz evlərində ailə üzvləri ilə birlikdə təşkil etmələrinin vacibliyi barədə məqalə, müsahibələr yayımlanmışdır. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə “stoparmenianvandalism” həştəqi ilə işğal altında olan ərazilərimizdə tarixi-dini abidələrimizə qarşı törədilən vəhşiliklər, təhqirlər barədə məlumatlar paylaşılmış, o cümlədən düşmənin qədim alban məbədlərini özününküləşdirmə işinin ifşası diqqət mərkəzində saxlanılmışdır.

Həmçinin Vətən müharibəsi fonunda ən aktual məsələlərdən biri olan informasiya mübarizəsində Azərbaycan həqiqətlərinin, ölkəmizdə yaşayan qeyri-islam konfessiyalarının nümayəndələrinin münaqişə haqda mövqelərinin, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş aparılmışdır.

 

Kargüzarlıq üzrə

 

2020-ci ildə Dövlət Komitəsinə 1819 məktub, 348 qanunvericilik sənədi daxil olmuşdur. Hazırda 46 məktub icradadır. “Nəzarətə götürülmüş” qriflə daxil olmuş 14 sənədin hamısı icra olunmuşdur. Dövlət Komitəsi tərəfindən müxtəlif instansiyalara 512 məktub göndərilmişdir. Hesabat dövründə Dövlət Komitəsinin elektron poçt ünvanına 109 vətəndaş müraciəti daxil olmuş, 107 müraciətə cavab verilmiş, 2 müraciət icra prosesindədir.

 

Dövlət Komitəsinin tabeliyində olan qurumların fəaliyyəti barədə

 

Mənəvi Dəyərlərin Təbliği Fondu

 

Ölkədəki dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ildə bu istiqamətdə fəaliyyətini davam etdirmişdir.  

Fondun fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, hər il QMİ  tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimlərinə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən maddi dəstək göstərilir.

Həmçinin Prezident cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmalarına maddi dəstək göstərilmişdir.

17 yanvar 2020-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Balakən rayonu Kortala kənd məscidi dini icmasının təşkilatçılığı və yerli əhalinin könüllü ianələri hesabına Kortala kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Fond tərəfindən Gəncə şəhərində şəhid ailələrindən olan qadınlar üçün bayram tədbiri təşkil edilmişdir.

Ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində Fond tərəfindən aprel ayında 161 şəhid ailəsi və aztəminatlı ailələrə ərzaq yardımı təşkil edilmişdir. Bununla yanaşı, infeksiya ilə birbaşa mübarizə aparan tibb işçilərinə hədiyyələr təqdim olunmuşdur.

Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovqatı (ərzaq) paylanılmışdır. Həmçinin Fond tərəfindən Qurban bayramı münasibətilə aksiya təşkil edilmiş, 2000-dən çox şəhid ailələri və aztəminatlı ailələrə qurban əti paylanılmışdır. Ümumilikdə ölkəmizin 16 şəhər və rayonunu əhatə edən aksiya dini icmalar vasitəsilə həyata keçirilmişdir.

Həmçinin xüsusi karantin rejimi qaydalarına əsasən təhsilin onlayn formata keçirilməsi ilə əlaqədar olaraq 5 şəhid ailəsinin məktəbli üzvünə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi vasitəsilə noutbuklar hədiyyə edilmişdir.

2020-ci il ərzində Fond tərəfindən qeyri-hökumət təşkilatlarının sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələri də maliyyələşdirilmiş, müxtəlif müsabiqələr keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ildə təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər görmüşdür. Belə ki, Fond tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun 44 tələbəsinə 100 manat məbləğində aylıq təqaüd verilmiş və adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş “Heydər Əliyev mükafatı” maliyyələşdirilmişdir. Qeyd edək ki, 2020-ci ilin noyabr ayından etibarən bu tələbələrdən 20 nəfərə verilən təqaüd artırılaraq 150 manat müəyyənləşdirilmişdir.

Hesabat dövründə Fondun ASAN radio ilə əməkdaşlığı davam etdirilmişdir. Belə ki, hər həftənin cümə axşamı saat 16:05-də ASAN radioda “Mənəvi dəyərlər” radio-verilişi efirə getmiş, verilişdə mənəvi dəyərlərin təbliği ilə bağlı müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən 14 sənədli film və sosial videoçarx hazırlanmış, eyni zamanda Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu 3” layihəsi çərçivəsində hazırlanan klip, bundan başqa, "Vətən borcu", “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə çəkilən “Mənəvi borc” filmi, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının təşkilatçılığı ilə rus və ingilis dillərində hazırlanan “Dağlıq Qarabağda məhv edilən Azərbaycan dini abidələri” adlı videoçarx ictimaiyyətə təqdim edilmişdir.

Fond 2020-ci ildə müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda 22 adda ədəbiyyatın nəşrinə maliyyə dəstəyi göstərmişdir. Fondun dəstəyilə "Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı" adlı kitabın nəşr edilməsindən dolayı Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür məktubu ünvanlamışdır. Məktubda minnətdarlıq ifadə edilmiş, kitabın iki ölkə arasında mədəni əlaqələrin inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyi vurğulanmışdır.

27 sentyabr 2020-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi məqsədilə həyata keçirdiyi əks-hücum əməliyyatları dövründə Mənəvi Dəyərlərin Təbliği Fondu qoşunlarımıza, eyni zamanda düşmən təxribatı nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış bəzi ailələrə və səfərbərliyə cəlb edilmiş vətəndaşların aztəminatlı ailələrinə maddi dəstək göstərmişdir.

 

Azərbaycan İlahiyyat İnstitutu

 

Qlobal pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.03.2020-ci il tarixli 03-11-450/15 nömrəli məktubuna və Azərbaycan İlahiyyat İnstitutunun müvafiq əmrlərinə əsasən, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə İnstitutda tədris, təlim-tərbiyə prosesinin təşkilində müəyyən dəyişikliklər edilmişdir. Belə ki, müvafiq müddət ərzində təlim-tərbiyə prosesinin texniki vasitələr əsasında məsafədən təşkil edilməsi məqsədilə İnstitut “Microsoft Teams” platformasına qoşulmuşdur. Onlayn tədris mövcud dərs cədvəllərinə və sillabuslara uyğun olaraq müntəzəm həyata keçirilmiş, tələbələrin sərbəst iş, kollokvium və seminar qiymətləndirmələri aparılmışdır.

Mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesində edilmiş müəyyən dəyişikliklərə əsasən buraxılış kurslarının tələbələri buraxılış işi yazmaq tələbindən azad edilmiş, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr ləğv olunmuş, akademik borcu ikidən çox olmayan buraxılış kurslarının tələbələrinə fənni dinləmədən imtahan vermək üçün şərait yaradılmış, yay imtahan sessiyası yeni qaydalara uyğun olaraq onlayn formada, əsasən, şifahi şəkildə keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.12.2019-cu il tarixli 737s nömrəli Sərəncamı ilə İnstitutun 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları təsdiq edilmiş və 2020-ci ildə 7213.01 – Dinşünaslıq, 7214.01 – Dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə 10 (on) yer ayrılmışdır. İnstitutda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanı keçirilmiş, Dinşünaslıq və Dinin tarixi və fəlsəfəsi proqramları üzrə 2 (iki) nəfər doktorant qəbul olunmuşdur.

2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu məzunlarının diplomları Türkiyə Respublikası Ali Təhsil Şurası tərəfindən tanınmışdır. Bu da öz növbəsində, Aİİ tələbələrinə Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri üzrə təhsil almaq imkanı yaradır.

Tələbələrin təhsildə yüksək nəticələr əldə etmələri və dünyagörüşlərinin formalaşması məqsədilə tədris ili boyunca onlarla fərdi görüşlər aparılmışdır. Sosial müdafiəyə ehtiyacı olan 44 tələbə müəyyən edilərək, Mənəvi Dəyərlərin Təbliği Fonduna sosial yardımla bağlı müraciət ünvanlanmış, həmin tələbələr Fondun vəsaiti hesabına aylıq əlavə təqaüdlə təmin olunmuşlar.

İlk gündən etibarən tələbələr təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə də cəlb olunmuşlar. 2–7 fevral 2020-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitlə canlı şəkildə tanış edilməsi olmuşdur.

İnstitut əməkdaşları və professor-müəllim heyətinin respublika və beynəlxalq simpoziumlar, elmi konfranslar, treninqlər və digər tədbirlərdə iştirakına şərait yaradılmış və onlara lazımi köməklik göstərilmişdir.

Eyni zamanda, pandemiya dövründə İnstitut əməkdaşları videokonfrans, videotreninq və vebinarlarda müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

İnstitut əməkdaşları tədris və tədqiqat fəaliyyəti ilə yanaşı, din-mənəviyyat sahəsində ictimai maarifləndirmə prosesində də fəal iştirak etmişlər. Bu çərçivədə İnstitutun professor-müəllim heyəti davamlı olaraq müxtəlif televiziya və radio verilişlərində aparıcı və qonaq qismində iştirak etmişlər.

İnstitutda cəmiyyətin maarifləndirilməsi istiqamətində ictimaiyyət nümayəndələri, elm xadimləri, eləcə də İnstitut əməkdaşlarının və tələbələrin iştirakı ilə müxtəlif mövzularda seminar, görüş, “dəyirmi masa”, kitab təqdimatları, film nümayişləri, videokonfranslar, vebinarlar və s. təşkil olunmuşdur.

Azərbaycan İlahiyyat İnstitutu öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm verir. Bu istiqamətdə bir çox ölkənin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, mədəniyyət mərkəzlərinin direktorları, xarici universitetlərin rektor və müəllimlərinin İnstituta və İnstitutun nümayəndə heyətinin xarici ölkələrə səfərləri təşkil olunmuşdur.