Ceyranbatan məscidi

Abşeron rayonu


Əhali arasında “Ceyhun xanım və Hacı Əhməd” məscidi kimi tanınan Ceyranbatan məscidi eyni adlı qəsəbədə yerləşir. Məscid Türkiyə Diyanət Vəqfinin və türk iş adamlarının maddi köməyi ilə 1997-1998-ci illərdə inşa edilmişdir. Məscid binasının ümumi daxili sahəsi 225 kv. metrdir. Hündürlüyü 30 metrə çatan minarəsi bişmiş kərpicdən tikilmişdir.

Bakı və Sumqayıt şəhərlərinin arasında yerləşən, 1959-cu ildə şəhər tipli qəsəbə statusu alan Ceyranbatan 1955-ci ildə eyni adlı nəhəng su anbarının tikilməsi ilə əlaqədar salınmışdır. Lakin həm Sumqayıtın, həm də Ceyranbatanın tarixi ötən əsrin ortalarından çox-çox əvvəllərə gedib çıxır. Hətta rəvayətə görə, sevgilisinin düşmənlərlə döyüşdə həlak olmasından sarsılmış Ceyran adlı gözəl qız “Sum, qayıt”, - deyə onu çağıra-çağıra gəlib özünü buradakı gölə atır. O vaxtdan gölün adı “Ceyranbatan”, yaxınlıqdakı obanın adı isə “Sumqayıt” adlandırılır. Gerçək tarixdən isə məlumdur ki, karvan, yəni İpək yolunun üstündə məntəqə olan bu yerlər lap qədim dövrlərdən yaşayış məskəni imiş.