
Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən kiçik təkiyə kimi tikilmişdir. Lakin 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük məscid inşa etdirmişdir. 1930-cu illərdə fəaliyyəti dayandırılmış məscid taxıl anbarına çevrilmişdir. Hayətyanı sahəsi 2600, daxili sahəsi 320 kv. metrdir. Qadınlar üçün ayrılan ibadət yeri ikinci mərtəbədədir.
Novxanı kəndində daha qədim tarixə malik məscidlər də olmuşdur. Bunlardan biri kəndin mərkəz hissəsində qorunub saxlanmış, XVII əsrə aid olan Şah Sultan Hüseyn məscididir. "Hacı Səfəralı" məscidi isə XIX əsrin ortalarında tikilmiş və fərqli quruluşa malikdir. Sovet illərində bu məscidin də ibadətgah kimi fəaliyyəti dayandırılmış, ondan kolxozun taxıl anbarı kimi istifadə olunmuşdur. Nəhayət, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən məscid kimi fəaliyyətini davam etdirmişdir.
Məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə ucaldılmışıdır. Ərazisi abadlaşdırılmış, bütün zəruri texniki məsələlər yüksək səviyyədə həll olunmuş, yenidənqurma işləri 2007-ci ildə başa çatdırılmışdır. "Hacı Səfəralı" məscid kompleksi memarlıq baxımından Abşeronda ən yaraşıqlı dini məbədlərdən biridir.