
Məscidi Bakı milyonçusu Hacı Sultan Əli 1904-1910-cu illərdə inşa etdirmişdir. Şəhərin mərkəzində, Nizami metrostansiyasının arxa tərəfində Təbriz-Ərdəbil memarlıq üslubunda tikilmiş bu məscid özünəməxsus memarlıq həllinə malikdir. Təxminən 25 metr hündürlüyündə tək minarəsi var.
Aşağı hissəsi dairəvi şəkildə cərgələnmiş pəncərələrdən ibarət olan məscidin gümbəzi ibadət zalında yenə də dairəvi şəkildə 12 sıra hücrə yaradan sütun və tağlar üzərində dayanır. Hücrələrin haşiyələrində daş üzərində oyma ilə Qurani-Kərimdən ayələr yazılmışdır. Çöl tərəfdən bina düzbucaqlı formadadır. Giriş qapısı baştağın içindədir. Məscidin təbii işıqlandırılması son dərəcə maraqlı şəkildə həll olunmuşdur.
Hacı Sultanəli məscidi memarlıq quruluşuna görə tək deyil. Oxşar məscidlər Balaxanı və Bakının Ləhic adlanan massivində də olmuşdur. Dövrü mətbuatda verilən xəbərə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunarkən minarənin yaxınlığında türk əsgərinin meyidinin qalıqları tapılmışdır.1918-ci ilin 15 sentyabrda Bakını düşmənlərdən azad edən Qafqaz İslam Ordusunun naməlum əsgərinin qalıqları hörmət və ehtiramla məscidin həyətində dəfn olunmuşdur.