
Xəbərlər / 27.07.2021 / 13:56
İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Həsilov, Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın müdiri Güllü Əhmədova, Qax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, mədəniyyət işçiləri və rayon gəncləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Ulu Öndər siyasi kursunu bu gün uğurla davam etdirən Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan sərəncam ilə təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilərək bildirilib ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsat almasının qarşısının alınması istiqamətində qətiyyətli mübarizənin təmin edilməsi üçün elektron informasiya resurslarında zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadları və narkomaniyanın qurbanı olmuş şəxslərın acınacaqlı aqibəti ilə bağlı materiallara yer verilməsi, profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, hüquq-mühafizə orqanları və digər dövlət hakimiyyət sturukturları tərəfindən tədris müəssələrində şagirdlər və tələbələr ilə davamlı görüşlər keçirərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlərin aparılmasının,vacibliyi müzakirə edilib.