Xəbərlər / 23.07.2021 / 14:13
İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov Türkiyə Vineyard kilsəsinin baş pastoru Gürkan Çamsun, Türkiyə Vineyard kilsələrinin rəhbəri Levent Kımran və SAT-7 türk kanalının Azərbaycan verilişləri üzrə koordinatoru Aygün Çamsun ilə görüşüb.
Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri, bu dəyərlərin qorunub-saxlanılması və təşviqi istiqamətdə aparılan nümunəvi din siyasəti barədə danışan Komitə sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətin təhlükəsizliyi üçün böyük potensialdır. Sədr müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. O, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən respublikamızda bütün dini konfessiyaların nümayəndələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. S.Heydərov qeyd edib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi mühitin göstəricisidir.
Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirən Türkiyə Vineyard kilsəsinin baş pastoru Gürkan Çamsun ölkəmizin birgəyaşayış, tolerantlıq modelinin mükəmməl olduğunu qeyd edib, multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşün sonunda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib.