
Xəbərlər / 05.07.2021 / 16:23
İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Dini ekstremizm və gənclərin maariflənməsi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Konfrans zamanı gənclərin düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsində əsas məsuliyyəti ailənin daşıdığı vurğulanıb. Bildirilib ki, təlim-tərbiyə işinin təşkilində dini maarifləndirmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Videokonfransda eyni zamanda vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına – Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyindən danışılıb.