“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

Press-relizlər / 25.06.2021 / 15:20

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda təşkilatçı qurumların nümayəndələri, rayonun fəal qadınları, təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkaran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Könül Manafova erkən nikah probleminin bütün zamanlarda cəmiyyətimizi düşündürən aktual problem olduğuna diqqəti çəkib. O bildirib ki, vaxtilə Lənkəran bölgəsində bu sahədəki statistika narahatlıq doğursa da, dövlət tərəfindən görülən tədbirlər və cəmiyyətin ictimai qınağı vəziyyətin müsbətə doğru dəyişməsinə, erkən nikah faktlarının tədricən azalmasına səbəb olub. Əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının da adıçəkilən problemlə bağlı fəaliyyətini qiymətləndirən çıxışçı, xüsusilə DQİDK-nın Lənkəran üzrə şöbəsinin yetkinlik yaşına çatmayanların nikaha cəlb edilməsi faktlarına qarşı daim mübarizə apardığını vurğulayıb.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva çıxışı zamanı erkən nikahların törətdiyi fəsadlardan qaynaqlanan problemlərin sayının artmasına diqqət çəkib. Bu kimi halların sayının artmasının arzuolunmaz hal olduğunu qeyd edən şöbə müdiri bildirib ki, problemin əsas mənbəyindən birini də qızların təhsildən yayındırılması təşkil edir. Vurğulayıb ki, orta məktəb şagirdləri arasında oxuyub-yazmağı bacarmayanların aşkarlanması acınacaqlı haldır.  Qızların yuxarı siniflərdən məktəbdən çıxarılması və erkən nikaha cəlb edilməsi onları nəinki təhsil almaq, həm də cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edir və cəmiyyətdən təcrid vəziyyətinə düşməsinə səbəb olur. Belə qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar.

Ölkəmiz üzrə erkən nikahların statistik göstəricilərinin coğrafiyası dəyişsə də bunun faktların azalması ilə müşayiət olunmadığını deyən Y.Əliyeva erkən nikahların fizioloji, psixoloji və sosial fəsadlarına da toxunub. Çıxışında digər ölkələrlə müqayisəli təhlilə də yer verən şöbə müdiri erkən nikahların ailə quran şəxslərlə yanaşı, onların uşaqlarına ümumilikdə isə bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyini qeyd edib. Sözügedən problemin həllində valideynlərin, xüsusilə anaların  təhsilli olmasının vacibliyinə toxunan natiq bildirib ki, savadlı valideynin yetişdirdiyi övlad da bir o qədər cəmiyyət üçün faydalı olar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva aktual mövzuya həsr olunan tədbirin təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, mövcud vəziyyətin aradan qaldırılmasında maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat xüsusi rol oynayır. Sözügedən problemlə mübarizədə təmsil etdiyi rayonun təcrübəsini paylaşan Ü.Əliyeva qeyd edib ki, şəhər İcra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlərin, atılan addımların nəticəsində Lənkəranda azyaşlı qızların kabusu olan erkən nikahların sayı minimuma enib. Bir qız övladının təhsilinin bir ailənin xilası olduğunu deyən şöbə müdiri bu sahədə müəllimlərlə yanaşı, valideynlərin də məsuliyyət daşıdığını vurğulayıb.

DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə təəssüf hissi ilə qeyd edib ki, cəmiyyətimizdə qadınlara qarşı öz həmcinsləri tərəfindən zorakılıq faktları mövcuddur və bu hal irsən gələcək nəsillərə ötürülür.

Şərqdə ilk dəfə kişilərlə bərabər səsvermə hüququ qazanan, ilk operanı yazan, ilk dəfə pilot peşəsinə yiyələnən və daha neçə-neçə ilklərə öz imzasını atmış Azərbaycan qadını heç vaxt aciz ola bilməz. Cəmiyyətin ziyalı qadınları əl-ələ verib zorakılığa məruz qalan, hüquqları tapdalanan həmcinslərinə kömək etməli, onların müasir dünyanın tələblərinə uyğun təhsilə sahib olmaları üçün dəstək göstərməlidirlər. Təhsili və peşəsi olmadığı səbəbilə illeqal yollarla qazanc əldə etməyə çalışan qadınların acınacaqlı vəziyyətinə də diqqət çəkən Şura sədri, xüsusilə bölgələrdə maarifləndirmənin önəminə toxunub.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin  müdiri Elnarə Kərimova bildirib ki, müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının əsas amillərindən biri həmin cəmiyyətdə qadının ictimai fəallığı və buna yaradılan şəraitdən çox asılıdır. Qadınların istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi ilk növbədə həmin cəmiyyətin yüksək mənəvi keyfiyyətinin, o cümlədən inkişafının və xoşbəxt gələcəyinin göstəricisi və qarantıdır. Elnarə Kərimova “İslamın qadına verdiyi dəyər” mövzusunda təqdimatla çıxış edib, dinimizin qadına qazandırdığı hüquq və azadlıqlar, qadınların haqlarının qorunması, qadının ailədə rolu kimi mövzulara toxunub. Azərbaycanda qadının cəmiyyətdə fəallığının artırılması üçün atılan mühüm addımlara diqqət çəkərək bildirib ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ölkəmizin ictimai və siyasi həyatındakı fəal iştirakı Azərbaycan qadınının tarixi missiyasını bu gün də uğurla davam etdirdiyini göstərmək üçün kifayət edir.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Maarifçilik yolunda Azərbaycan qadınları” mövzusunda təqdimatla çıxış edərək xalqımızın tarixində dönüş nöqtəsi yaradan qadınlardan söhbət açıb. Təqdimatında öncül Azərbaycan qadınlarından nümunələr gətirən natiq qadınların təhsilli olmasının vacibliyini vurğulayıb.

Videokonfrans müzakirələrlə yekunlaşıb.


Son baxılan xəbərlər

DQİDK-nın sədr müavini: Dövlət Komitəsi Nardaran qəsəbəsindəki maarifləndirmə tədbirlərinə hərtərəfli dəstək verir

Müsahibələr
01.12.2017 / 17:59
Ətraflı oxu

Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.08.2015 / 16:27
Ətraflı oxu

İslam həmrəyliyinə doğru

İSLAM HƏMRƏYLİYİ İLİ
07.03.2017 / 12:31
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini: “Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

Açıqlama
11.07.2018 / 17:22
Ətraflı oxu

Hacıqabulda “İslam Həmrəyliyi İli” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.05.2017 / 17:59
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu