Dini etiqad azadlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Xəbərlər / 22.06.2021 / 17:10

Dini etiqad azadlığı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Dini etiqad azadlığı

Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır.

 Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

 Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

 

 

Maddə 2. Dini etiqad azadlığı haqqında qanunvericilik

Dini etiqad azadlığı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

 

Maddə 3.  (çıxarılıb)

 

 

Maddə 4. Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi 

Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.

Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir.

 

 

Maddə 4-1. Peşəkar dini fəaliyyət və din xadimi

4-1.1. Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir.

4-1.2. Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir.

4-1.3. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.

4-1.4. Din xadimlərinə dini titullar (rütbələr) yalnız dini mərkəzlər (idarələr) tərəfindən verilir.

 

 

Maddə 5. Dövlət və dini qurumlar

Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır.

Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.

Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. 

Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər.

Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.

Dini qurumlar Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edir və onları pozduqda məsuliyyət daşıyırlar.

 Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.

 

 

Maddə 6. Dini təhsil

6.1. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin III hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

6.2. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər.

6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər.

6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər.

6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər.

 

 

Maddə 6-1. Kütləvi dini ibadət, ayin və mərasimlər 

6-1.1. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir.

6-1.2. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur.

6-1.3. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

 

 

II f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASINDA DİNİ QURUMLAR

 

Maddə 7. Dini qurumlar

Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar.

Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər.

 Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər.

 

Maddə 8. Dini icma

Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır.

 Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, digər dini icmaların Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır.

 İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. Attestasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda, din xadimlərinin təyinatını dini icma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.

İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılır.

Dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu Qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilər.

Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır.

 

 

Maddə 9. Dini mərkəz və idarələr

Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində — Qafqaz Müsəlmanları İdarəsində birləşirlər.

Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan  hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər.

Dövlətin dini mərkəzlə və idarələrlə, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə və idarələrlə qanunla  tənzimlənməyən münasibətləri onların öz aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə nizamlanır.

Dini mərkəz və idarələr öz nizamnamələrində nəzərdə tutulmuş qaydada dini ibadət yerləri, ziyarətgahlar və dini təhsil müəssisələri yarada bilərlər.

Dini mərkəz (idarə) Azərbaycan Respublikasında və xarici dövlətlərdə filial və (və ya) nümayəndəlik yarada bilər.

 

Maddə 9-1. Dini qurumun adı və fəaliyyət ərazisi 

9-1.1. Dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

9-1.2. Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

9-1.3. Dini mərkəzin (idarənin) Azərbaycan Respublikasında fəaliyyət ərazisi məhdudlaşdırılmır.

9-1.4. Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 (on) gün müddətində məlumat verir.

 

 

Maddə 10. (çıxarılıb)

 

 

Maddə 11. Dini qurumun nizamnaməsi 

11.1. Dini qurumun nizamnaməsi onun təsis yığıncağında təsisçiləri tərəfindən qəbul olunur.

11.2. Dini qurumun nizamnaməsində aşağıdakılar göstərilir:

11.2.1. dini qurumun adı, hüquqi ünvanı, növü və hansı dinə aid olması;

11.2.2. dini qurumun məqsədi və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;

11.2.3. dini qurumun strukturu, idarə olunması qaydası, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;

11.2.4. dini qurumun təsisçiliyinə qəbulun və ondan çıxmanın şərtləri və qaydası;

11.2.5. dini qurumun əmlakının formalaşdırılması mənbələri;

11.2.6. nizamnamənin qəbulu, onda dəyişiklik edilməsi qaydası;

11.2.7. dini qurumun ləğvi qaydası və ləğv edildiyi halda əmlakından istifadə qaydası.

11.3. Dini qurumun nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır.

11.4. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydiyyata alınmır.

 

 

Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması 

Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

 Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi  əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə  müvafiq icra hakimiyyəti orqanına göndərir. 

Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin  dövlət qeydiyyatına alınması müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə təqdim edilir.

 Müvafiq icra hakimiyyəti orqanı 30 gün ərzində dini qurumların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edir.

 Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir.

 Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;

2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;

3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.

 Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.

 

 

Maddə 12-1. Dini qurumun ləğv edilməsi  

Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər:

1) təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə;

 2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.

Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:

1) dini qurum tərəfindən onun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi; 2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;

3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;

3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;

4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;

5) dünyəvi təhsil alınmasına mane olma;

6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;

7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;

8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;

8-1) dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması;

9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması.

 Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar.

Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.

 Dini qurum ləğv edildikdə, ləğv edilmiş dini qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.

 

Maddə 13.    (çıxarılıb)

 

Maddə 14.    (çıxarılıb) 

 

Maddə 15.    (çıxarılıb)

 

 

III fəsil

DİNİ QURUMLARIN ƏMLAK VƏZİYYƏTİ

 

Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə

Dini qurumlar dövlətin, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.

 Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.

 Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara, verilməsində üstünlük hüququna malikdirlər.

Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir.

Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.

 

 

Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə

Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini qurumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tərəfindən istifadə oluna bilər.

Dövlət mülkiyyətində olan dini tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyədə olmasına yol verilmir.

 

 

Maddə 18. Dini qurumların mülkiyyəti

Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.

Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər.

Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər. Dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. 

Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır.

 Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər.

Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.

Qeyd: Bu maddədə “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.  

 

 

Maddə 19. Dini qurumların istehsal və təsərrüfat fəaliyyəti

Diki qurumlar qanunvericiliyə və öz nizamnamələrinə müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər.

 

 

Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam

Dövlətin, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır. 

Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir.

Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz.

Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir.

 

 

IV f ə s i l

DİNİ ETİQAD AZADLIĞI İLƏ ƏLAQƏDAR VƏTƏNDAŞLARIN VƏ DİNİ QURUMLARIN HÜQUQLARI

 

Maddə 21. Dini ayinlər, mərasimlər və atributlar  

Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır.

Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

 Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılmasına yol verilir.

Hərbi hissənin komandanlığı döyüş əməliyyatları, döyüş növbətçiliyi, qarovul və qarnizon xidməti, hərbi təlimlər ilə əlaqədar olan hallar istisna olmaqla, asudə vaxtlarında hərbi qulluqçuların dini ibadət etmələrinə mane ola bilməz. Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hərbi hissənin komandanlığının razılığı ilə yol verilir.

Tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlər həmin müəssisələrdə olan şəxslərin xahişi ilə keçirilir. Həmin qurumlar din xadimlərinin dəvət olunmasına yardım göstərir, dini ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və digər şərtlərinin müəyyənləşdirilməsində iştirak edirlər.

Dini qurumlar tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlərin təşkili məqsədilə həmin müəssisələrə müraciət edə bilərlər.

Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız dini ibadət yerlərinin və ziyarətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

 

 

Maddə 22. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları. 

Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.

Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.

 

 

Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti

Dini qurumlar həm müstəqil, həm də təsis etdiyi fondlar, o cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti göstərirlər.

 

 

Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti

Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə, ziyarətlərə gedə  bilərlər.

Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

 

 

V f əsil

DİNİ QURUMLARDA VƏ ONLARIN MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK FƏALİYYƏTİ

 

Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri

Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

 Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır.

Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər.

 

 

Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ

Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur.

 

 

Maddə 27. Dini qurumların işçilərinin sosial sığortası və pensiya təminatı 

Dini qurumların işçilərinin sosial sığortası “sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

VI f ə s i l

DÖVLƏT ORQANLARI VƏ DİNİ QURUMLAR

 

Maddə 28. Dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarət

Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir.

 

 

Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı

Müvafiq icra hakimiyyəti orqanı:

dövlət orqanları (qurumları) ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları (qurumları) tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərir;

 müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edir;

dini etiqad azadlığı haqqında qanunvericiliyin tətbiqində yerli icra hakimiyyəti orqanlarına kömək göstərir;

xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır;

Azərbaycan Respublikasında dini qurumlar üzrə məlumat bankı yaradır;

 dini mərkəzlərdən (idarələrdən) və dini icmalardan qanunda nəzərdə tutulmuş məlumatlar, maliyyə hesabatları alır;

 dini qurumların bu Qanunun tələbləri nəzərə alınmaqla, beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edir;

dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və mütəxəssisləri cəlb edir; 

dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy verir;

 müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir; 

nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır.

 

 

Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

 

Maddə 31. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə dini etiqad azadlığı haqqında daxili qanunvericilikdə olduğundan fərqli qaydalar olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

 

Bakı şəhəri, 20 avqust 1992-ci il

                  № 281

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

Arxiv
25.11.2016 / 11:13
Ətraflı oxu

Ağdaşda "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.09.2021 / 13:03
Ətraflı oxu

DQİDK-nın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi reydlər davam edir

Press-relizlər
10.12.2016 / 13:14
Ətraflı oxu

Komitə sədri: "Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir"

Açıqlama
17.06.2020 / 09:35
Ətraflı oxu

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.05.2019 / 11:22
Ətraflı oxu

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
18.02.2020 / 16:32
Ətraflı oxu