
Xəbərlər / 16.06.2021 / 11:24
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Gənclər Evi sosial xidməti müəssisəsinin birgə təşkilatçlığı ilə 15-iyun Milli Qurtuluş günü ilə bağlı videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, müəllimlər, rayon ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov qeyd edib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində “Milli Qurtuluş Günü” kimi həkk olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov öz çıxışında Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının məhz Ümummilli Liderin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olduğunu xatırladıb. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin əsasını qoyduğu və ölkəmizin dinamik inkişaf istiqamətlərini müəyyən edən siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
***
İyunun 14-də Göyçay Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 15-İyun Milli Qurtuluş gününə həsr olunmuş “Milli Qurtuluş Günü - Qüdrətli Azərbaycanın təməlidir” adlı videokonfrans keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.Bu gün xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Həmçinin çıxışlar zamanı milli qurtuluşdan başlanan yolda əldə edilən uğurlar haqqında ətraflı fikir mübadiləsi aparılıb.