Səyavuş Heydərov: “Dünyada mənəvi böhranın aradan qaldırılmasının zamanı çatıb”

Press-relizlər / 28.04.2021 / 17:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Avropa İttifaqı - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 26-27 aprel tarixlərində keçirilən onlayn iclasında məruzə ilə çıxış edib.

Sədr müavini ölkəmizdə dövlətin din sahəsində siyasəti, dini etiqad azadlığının təminatı, dini konfessiyalara qayğı, tolerant və multikultural ənənələr barədə danışıb.

Bildirilib ki, Azərbaycan dövlətinin dinlə bağlı siyasəti dini münasibətləri demokratik normalar əsasında inkişaf etdirən, cəmiyyətdə dini müxtəlifliyi, vicdan və dini etiqad azadlığını təmin edən fəaliyyət sistemidir. Dünyada dini zəmində baş verən münaqişə və toqquşmalar kontekstində insanların hüquq və azadlıqlarının pozulduğu bir dövrdə ölkəmizdə dini etiqad sahəsində möhkəm dayaqlara malik hüquqi mexanizmlər mövcuddur. Azərbaycanda din azadlığı prioritet məsələdir və onun qorunması ölkənin təhlükəsizliyinin başlıca qarantıdır. Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformaya çevrilib. Bu da onu deməyə əsas verir ki, dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan tolerantlıq nümunəsidir, çünki multikulturalizm və birgəyaşayışı həyat tərzinə çevirməyi bacarıb. Mütəmadi olaraq Prezidentin Ehtiyat Fondundan dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə ölkədə fəaliyyət göstərən həm İslam, həm də qeyri-islam dini icmalara maddi yardım ayrılır.

Çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində bütün dinlərin və millətlərin nümayəndələrinin nümayiş etdirdiyi birliyi xüsusilə qeyd edən sədr müavini vurğulayıb ki, istər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına, o cümlədən xristian dininin siyasiləşdirilməsinə, Qarabağ ətrafındakı münaqişəyə dini çalar verilməsi cəhdlərinə kəskin şəkildə etiraz etdilər.

Səyavuş Heydərov, eyni zamanda Azərbaycandakı dini durumla bağlı bəzi beynəlxalq hesabatlarda yer alan qərəzli məlumatlara diqqət çəkərək dini icmaların üzvlərinin dini etiqad azadlığının məhdudlaşdırılması barədə qeyri-obyektiv, həqiqəti əks etdirməyən informasiyalardan ölkəmizə qarşı təsir və təzyiq vasitəsi kimi istifadə edildiyini bildirib. Onu da söyləyib ki, həmin icmalar tərəfindən məqsədyönlü olaraq qanunun tələbləri pozulur və bu hallara qarşı dövlət müvafiq addımlar atmağa bir növ təhrik olunur. Nəticədə isə dövlətin atdığı addımlara siyasi çalar verilərək ölkəmizin əleyhinə istifadə edilir.

İclasın 2-ci günü çıxışı zamanı bir sıra ölkələrdə dini və siyasi mərkəzlər tərəfindən dinin siyasiləşdirilməsi faktoruna toxunan DQİDK-nın sədr müavini bildirib ki, günümüzdə dünyada dini zəmində baş verən münaqişələr onu göstərir ki, bu sahədə müvəffəqiyyət hələ əldə olunmayıb. S.Heydərov dünyada mənəvi böhranın aradan qaldırılmasının zamanının çatdığını deyib.  Bildirib ki, radikallığın yaranmasına səbəb olan amillərdən biri kimi söz azadlığı və demokratiya adı altında İslam müqqədəslərinin təhqir edilməsi yolverilməzdir. Bu təhqirlərin həssaslığını və fəsadlarını nəzərə alaraq, belə hallarda söz azadlığı və demokratiyanın sərhədi müəyyənləşdirilməlidir. Bu baxımdan beynəlxalq hüquq normalarına müvafiq əlavələr etməklə belə tendensiyaların tənzimlənməsinə diqqət artırılmalıdır.

Vurğulayıb ki, dini radikalizmin yaranma səbəblərinin müəyyənləşdirilməsi və mümkün priventiv tədbirlərlə onun təhlükəli fəsadlarının qarşısı alına bilər. 

Azərbaycanın bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edən sədr müavini ikili standartlarla mübarizə, ayrı-seçkiliyə, xüsusən dinin siyasi məqsədlər üçün istifadə edilməsinə son qoyulması üçün səylərin artırılması, o cümlədən dini tolerantlığın və multikultural dəyərlərin təşviq olunması, dini zəminli problemlərin həlli istiqamətində müzakirələrin aparılması üçün Avropa İttifaqı ilə birgə ekspertlərdən ibarət işçi platformanın yaradılması təklifini irəli sürüb.

Son baxılan xəbərlər

Azərbaycanla Özbəkistan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Press-relizlər
04.05.2021 / 16:45
Ətraflı oxu

Yevlaxda “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.01.2019 / 15:05
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Xəbərlər
30.03.2016 / 15:58
Ətraflı oxu

Kürdəmirdə "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2023 / 15:26
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu RİH Nardaranda birgə tədbir keçirib

Press-relizlər
10.11.2016 / 17:24
Ətraflı oxu

Prezident İlham Əliyev: “Ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar”

Xəbərlər
09.03.2022 / 15:20
Ətraflı oxu