
Xəbərlər / 28.04.2021 / 15:58
Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbə, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.
Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, eləcə də Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda radikalizmin mahiyyəti haqqında danışılıb, onun yaratdığı fəsadlar və gələcək təhlükələri qeyd edilib. Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir, çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər.