
Press-relizlər / 26.02.2021 / 11:32
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı, Ağsu və Qobustan Rayon İcra Hakimiyyətləri (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı, Qobustan və Ağsu RİH başçıları Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri - dini qurumlarla işin təşkilatçıları Rəşad Əliyev, Aftandil Şikarov, Kənan Tacızadə, QMİ-nin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığı vurğulanıb. Qeyd edilib ki, 44 günlük Vətən savaşında Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar.
Sonda Vətən uğrunda canından keçən şəhdilərimiz üçün dualar oxunub.
***
Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Şəki Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə fevralın 25-də "Qan yaddaşımız Xocalı" mövzusunda videokonfrans formatında keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.
Çıxış edənlər Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqına təsirindən, Vətən müharibəsində əldə olunan zəfərdən və işğal altında olan torpaqların azad edilməsindən bəhs ediblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
***
Fevralın 25-də Biləsuvar rayon Gənclər və İdman İdarəsi, YAP Biləsuvar Rayon Təşkilatı və DQİDK-nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutmayaq” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Biləsuvar rayon Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Bəhruz Əliyev çıxış edərək erməni terror təşkilatları və onların bəşəriyyətə qarşı qanlı cinayətkar əməlləri, Ermənistanda terrorun dövlət səviyyəsində dəstəklənməsi, düşmən dövlətin etnik təmizləmə siyasəti, Xocalıda ağlasığmaz qəddarlıqla törədilən qətliamlar və digər məsələlər haqqında danışıblar.