
Xəbərlər / 25.02.2021 / 11:52
Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və QMİ-nin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən bir qrup din xadimi dövlət komitəsinin əməkdaşları ilə birlikdə Quba Şəhidlər Xiyabanını ziyarət edib, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsinin önünə gül dəstələri qoyublar.
QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov Qurani-Kərimdən ayələr oxuyub, silahsız, köməksiz insanların qətlə yetirilməsinin İslam dinində pisləndiyini vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında 1992-ci ilin qışında xalqımıza qarşı törədilmiş faciəni öz gözləri ilə görən bir şəxs kimi bildirib ki, bəşər tarixində ən dəhşətli faciələr arasında Xocalı qətliamı daha dəhşətli və faciəlidir.