Mübariz Qurbanlının The Jewish Press.com portalında “Ermənistanın Qarabağ bölgəsini məhv etməsi İŞİD-i xatırladır” başlıqlı müsahibəsi dərc edilib

Müsahibələr / 12.02.2021 / 13:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İsrailin The Jewish Press.com portalında “Ermənistanın Qarabağ bölgəsini məhv etməsi İŞİD-i xatırladır” başlıqlı müsahibəsi dərc olunub.

Mübariz Qurbanlı müsahibəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsindəki həm müsəlman, həm də xristian dini abidələrini dağıtması, o cümlədən mədəni irsi yerlə yeksan etməsi və bəzi beynəlxalq qurumların buna göz yummasını vurğulayıb.

Komitə sədri erməni işğalçıları tərəfindən Qafqazın mədəniyyət beşiyi  hesab olunan Qarabağdakı mədəni, tarixi və dini abidələrin dağıdılmasını İŞİD-in Suriyanın qədim şəhəri Palmira və İraqın Nimrud şəhərində törətdiyi dağıntılar ilə müqayisə edib.

Müsahibədə qeyd edilib ki, Ermənistan işğal altında olan ərazilərdə Azərbaycan xalqının irsini və izlərini silməyə çalışıb və bir çox şəhər və kənd adlarını dəyişdirib. Lakin, Azərbaycanın böyük qələbəsi ilə işğal altından azad olunan torpaqlarda artıq dövlət tərəfindən kəndlərin, şəhərlərin, eləcə də dini abidələrin, məscidlərin tikintisi və bərpası üzrə layihəyə başlanıldığı vurğulanıb.

 

Müsahibəni daha ətraflı təqdim edirik:

 

https://www.jewishpress.com/indepth/opinions/azerbaijani-official-armenias-destruction-of-karabakh-region-reminiscent-of-isis/2021/02/11/

 

İsrailin www.jewishpress.com media portalının müxbiri

Raşel Avrahamla müsahibə:

 

-İşğal olunmuş Azərbaycan ərazilərində dini abidələrin dağıdılması nə dərəcədə ağırdır? Burada İŞİD-in əməlləri ilə oxşarlıq görürsünüz?

 

-Bütün dünyada Azərbaycan memarlıq nümunələri özünün xarakterik xüsusiyyəti ilə seçilir. İslam dini ilə bağlı olan tarixi-dini abidələrimiz də bu qəbildəndir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində dini-mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətmişdir.

İslam dininə aid ibadət evləri məhv edilmiş və ya təhqir edilərək tövlə kimi istifadə edilmiş ("Aşağı Gövhər Ağa” məscidi, Ağdam Cümə məscidi və s.), qədim Azərbaycan dövləti Qafqaz Albaniyasına məxsus Xristian məbədləri isə məhv edilmiş və ya saxtalaşdırılaraq erməniləşdirilmişdir – ermənilər tərəfindən qriqoryan kilsəsinə çevrilmişdir ("Ağoğlan” məbədi, "Xudavəng” məbədi, "Tatev” məbədi, "Gəncəsər” məbədi və s.).

Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd göstərmişlər. Ermənistanın Azərbaycan ərazilərində dini-mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırımdır. Bunun əksinə olaraq Azərbaycan bütün dini abidələri bərpa etmiş, yenilərini tikmişdir.

2020-ci il Azərbaycan tarixi üçün əlamətdar hadisə ilə yadda qalmışdır. Belə ki, ötən ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş əraziləri və cəbhəyanı bölgələrdə törətdikləri təxribatlara cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum hərbi əməliyyatı başlanmışdır. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı bəyannaməyə əsasən hərbi əməliyyatlar dayandırılmış, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması prosesi başlanılmışdır.

30 illik uzun dövr ərzində UNESCO kimi beynəlxalq təşkilatların bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərməməsi məyusluq doğurur. Belə hallar beynəlxalq təşkilat və qurumların obyektivliyi və ədalətliliyinə şübhə yaradır.

İşğaldan azad edilmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində Azərbaycanın tarixi, mədəni və dini irsi məhv edilmişdir. Belə ki, Ermənistanın təcavüzünə qədər işğal olunmuş ərazilərimizdə mövcud olmuş 67 məscid, 48 türbə də daxil olmaqla 192 ziyarətgah, 128 Alban Xristian məbədi qriqoriyanlaşdırılmış və ya dağıdılmışdır. Həmin ərazilərdə yerləşən məscidlərdən yalnız birində – Şuşa şəhəri Yuxarı Gövhər ağa məscidində 2016-2018-ci illərdə aparılmış təmir işləri zamanı onun tarixi orijinallığı pozulmuş, məscidin kitabəsi dəyişdirilərək digər müsəlman ölkəsinə məxsus məscid kimi təqdim olunmuşdur. Həmçinin qeyd etməliyəm ki, son hərbi münaqişə zamanı Ermənistan Silahlı Qüvvələri qadağan edilmiş ballistik raketlərdən mülki əhalini atəşə tutmuş, nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki vətəndaş qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır. Eyni zamanda, düşmən Füzuli rayonu ərazisində yerləşən Babı Türbəsini, Tərtər rayonundakı müsəlman qəbiristanlığını, Gəncə şəhərində dini abidələri hədəf almışdır. Raket hücumları nəticəsində, hətta Gəncə şəhərində yerləşən rus-pravoslav kilsəsinin binası da zərər görmüşdür.

Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Artilleriya və raket atışları zamanı buna xüsusi diqqət ayrılmışdır. Nəticədə döyüşlər zamanı heç bir dini abidə zərər görməmişdir. Hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdəki Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa ediləcəyini bəyan etmişdir.

İŞİD-Ermənistan tandemi

Dini-mədəni abidələrin dağıdılmasında İŞİD-lə Ermənistanı  birləşdirən ortaq cəhətlər radikal ideologiyaya əsaslanan ektremizm hərəkətləridir. İŞİD Suriyanın qədim Palmira, İraq ərazisindəki qədim Nimrud şəhərlərini və dünyanın qədim tarixi-mədəni abidələrini dağıtdığı kimi erməni ektremistləri də Qafqazın mədəniyyət beşiyi sayılan Qarabağda mədəni-tarixi və dini abidələri dağıtmış, məhv etmiş, mədəni soyqırım törətmişlər. Təsadüfi deyildir ki, beynəlxalq ekspertlər Ağdam və digər işğaldan azad edilmiş şəhərləri “kabuslar şəhəri” adlandırmışlar - Böyük Britaniyanın Qafqaz üzrə tanınmış eksperti Tomas de Val isə ermənilər tərəfindən dağıdılmış Ağdamı “kiçik Hiroşima” adlandırmışdır. Bununla Ermənistan son aylaradək işğal altında saxladığı ərazilərdə Azərbaycan xalqının irsi və izini silmək üçün səylə çalışmış, bütün Azərbaycan şəhər və kəndlərinin adlarını dəyişmişdir.

 

- Azərbaycan dini-mədəni irsini bərpa etmək üçün nə kimi işlər görür?

 

-Dünyəvi dövlət olmasına baxmayaraq, Azərbaycanda din dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bütün dini konfessiyalar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur, hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır, bütün dini ibadət ocaqları təmənnasız təbii qazla təmin edilir.

Dini mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisindəki bütün tarixi-dini abidələrin Azərbaycan hökumətinin daimi diqqət mərkəzində olması, dini ziyarətgahların mütəmadi olaraq bərpa edilməsi, yenilərinin tikilməsi və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan abidələr içərisində Bakının mərkəzindəki erməni kilsəsi də vardır. Hazırda Prezident Kitabxanasının balansında olan erməni kiləsəsində nadir erməni ədəbiyyat fondu və depozitar fond saxlanılır. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il humanitar və mədəniyyətlərarası, dinlərarası dialoq forumları, dünya dini liderlərinin Zirvə görüşləri keçirilir. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb”.

Azərbaycan dövləti öz dini-mədəni abidələri ilə yanaşı ölkə xaricində də bəşər mədəniyyəti üçün xüsusi əhəmiyyət daşıyan abidələrin bərpası, yenidən qurulması işinə öz töhfəsini verməkdədir. Belə ki, mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür. Qeyd edim ki, Fondun bu istiqamətdə fəaliyyəti ölkə daxili ilə məhdudlaşmır. Fondun maliyyə dəstəyi ilə Vatikanda Müqəddəs Marçellinio, Pietro, Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib, Fransada Notr-Dam kilsəsinin təmirinə maliyyə vəsaiti ayrılıb, Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılıb. Bununla yanaşı Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilmişdir.

Qeyd olunanlar, eləcə də müharibə vəziyyətinin davam etdiyi vaxtda, 2020-ci ilin 7 noyabr tarixində qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu gün də öz multikulturalizm, tolerantlıq prinsiplərinə əsaslanan siyasətinə sadiq qalır və qalacaqdır. Başqa sözlə, işğaldan azad edilmiş torpaqlarımızda mövcud olan bütün dini-mədəni abidələrimiz və ziyarətgahlarımız kimi Qafqaz Albaniyasına mənsub Xristian abidələri də tezliklə bərpa ediləcəkdir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri artıq başlanmışdır. Ölkə ərazisindəki Alban kilsələri ilə yanaşı Rus pravoslav kilsələri, Katolik kilsəsi də dövlət tərəfindən mütəmadi bərpa edilir və ya yeniləri tikilir.

Bununla əlaqədar ölkə başçısının Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.

Bir sözlə Azərbaycan dövləti və xalqı multikulturalizm, tolerantlıq, birgəyaşayış, həmrəylik kimi ideyaları sözdə deyil, əməldə göstərir.

 

-Xristian dininə mənsub olmasına baxmayaraq, Ermənistanın Alban kilsələrini necə məhv etdiyi barədə mümkünsə məlumat verərdiniz.

 

-İlk növbədə qeyd edim ki, din Ermənistan üçün hər zaman alət rolunu oynamışdır. Onların qriqoryan təriqətinin əsl mahiyyətini araşdırdıqda hətta, xristianlıqda qeyd olunanların əksini görmək olar. Tarix boyu onlar müsəlman, xristian və yəhudilərə qarşı soyqırımlar etmişdir.

Azərbaycan Avropa ilə Asiya qitəsinin yolayrıcında, tarixi İpək Yolunun üzərində yerləşdiyi üçün ölkədə xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başlamışdır. Belə ki, Azərbaycan ərazisində - o dövrdə Albaniya dövlətində Xristianlığın yayılması İsa Məsihin həvariləri Faddey və Varfolomeyin, eləcə də apostol Faddeyin şagirdləri Müqəddəs Yelisey və Marın adları ilə bağlıdır. Bu fakt olduqca önəmlidir. Çünki bu amil Alban Kilsəsinin qədim olmasını göstərməklə yanaşı, həm də onun başqa kilsələr vasitəsilə deyil, birbaşa İsa Məsihin şagirdləri – həvariləri tərəfindən təsis olunduğunu ortaya qoyur. M.Kalankatuklu yazır ki, Yelisey Qafqaz Albaniyasına Qüds patriarxı tərəfindən göndərilmişdi. Alban Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olmuşdur. Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaq qarşılığında Alban Kilsəsinin Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salındığının, bununla da, Alban Kilsəsinin ermənisayağı qisasın qurbanına çevrildiyinin şahidi oluruq. Azərbaycan ərazisi çar Rusiyası tərəfindən işğal olunduqdan sonra isə ermənilər əsrlər boyu davam edən məkrli niyyətlərinə nail oldular. Belə ki, Erməni-qriqoryan Kilsəsinin təhriki ilə imperator I Nikolay 1836-cı ildə Alban Katolikosluğunu ləğv etdi, onun yerində isə erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaradıldı. Bu, tam qeyri-qanuni olub. Çünki Erməni Kilsəsi ilə Alban Kilsəsi dini baxımdan tamamilə ayrı istiqamətlərdir.

Maraqlısı odur ki, çar Rusiyasının dövründə Dağlıq Qarabağdakı alban kilsələri erməni-qriqoryan kilsəsinin himayəsinə keçsə də, onlar həmin kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub və orada heç zaman dini ayin icra edilməyib. O zaman ortaya ritorik sual çıxır: əgər bunlar ermənilərə aid dini məbədlərdirsə, nəyə görə ermənilər bu kilsələrdə heç vaxt ibadət etməyiblər? Məsələn, Xudavəng, Gəncəsər, Ağoğlan kilsələri XIX əsrdə zorla erməni kilsəsinin tabeçiliyinə verildikdən sonra da ermənilər bu kilsələrdə ayin keçirməyiblər, o cümlədən sovet dövründə, İkinci Dünya müharibəsindən sonra dinə qarşı başlayan yumşalma dövründə də bu kilsələrdən istifadə etməyiblər. Dağlıq Qarabağdakı Xristianlığa aid dini abidələr erməni kilsəsinə bağlı idisə, nəyə görə ermənilər çar Rusiyası və sovet vaxtı bu kilsələrlə heç maraqlanmayıblar? Çünki özlərinki saymayıblar. O kilsələri sovet dövründə də biz qoruyub-saxlamışıq. Yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra ermənilər alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıb, Alban xaçlarını erməni xaçları ilə dəyişdiriblər ("Ağoğlan” məbədi, "Xudavəng” məbədi, "Tatev” məbədi, "Gəncəsər” məbədi və s.). Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədi ilə ediblər. Onlar həmişə Qafqaz Albaniyası kilsələri ilə mübarizə aparıblar. Ona görə də erməni-qriqoryan kilsəsinin rəhbərləri yalnız işğaldan sonra bu məkrli niyyətlərini həyata keçirmək üçün, bu torpaqlarda qalmaq məqsədi ilə çoxlu sərmayə yatıraraq hərbi istehkamlarla yanaşı, “ideoloji istehkamlar” da yaradıblar. Ancaq bütün Azərbaycan xalqı əmindir ki, biz möhtərəm Prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə ermənilərin hərbi istehkamlarını darmadağın etdiyimiz kimi “ideoloji istehkamlarını” da darmadağın edəcəyik. Qərbdəki və ya başqa yerlərdəki ermənipərəstlərin nəsə danışmasından, erməni lobbisinin pulu ilə seçilən senatorların, siyasət adamlarının addımlarından asılı olmayaraq, biz bunu etmişik və edəcəyik.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdəki  məbədlər əsasən Qafqaz Albaniyasına aid kilsələrdir. Bu abidələrin erməniləşdirilməsini və dağıdılmasını internetdə yerləşdirilən video görüntü və şəkillərdən asanlıqla görmək mümkündür. Hətta ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən dünya ictimaiyyətinin gözü qarşısında məscidləri yandırmaqdan, bölgədəki dini-mədəni abidələri (Alban kilsələrindəki ikonaları və s.) talayaraq Ermənistana aparmaqdan belə çəkinməyiblər.

 

-Ermənistanı işğal olunmuş bölgələrdə törətdikləri mədəni irsin məhv edilməsinə görə təzminat ödəməyə məcbur etmək üçün hər hansı cəhdlər edilirmi?

 

-Azərbaycan tərəfi beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciətlərin edilməsi istiqamətində artıq işlərə başlamışdır. Ermənistan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir.

Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

Haaqa hüququna əsasən mədəniyyət abidələrini və tibbi müəssisələri qorumaq üçün mümkün olan bütün tədbirlərin görülməsi istiqamətində fəaliyyətə başlanılıb. Bu tələblər digər beynəlxalq hüquqi sənəd olan Döyüş əməliyyatları zamanı tarixi və dini abidələrin qorunmasına dair Konvensiyanın protokollarında da əks olunub. Bu istiqamətdə də ermənilərin ciddi pozuntuları xüsusilə qeyd olunmalıdır. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi  olmaqla müxtəlif formalara malikdir.

Artıq qeyd olunduğu kimi, ermənilər tərəfindən törədilmiş cinayətlər beynəlxalq cinayət hesab olunur və universal yurisdiksiyaya malikdirlər, bu o deməkdir ki, digər dövlətlər öz dövlətdaxili qanunvericiliyinə arxalanıb Azərbaycanda beynəlxalq cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb edib mühakimə edə bilər. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

 

-Ermənistanın Azərbaycanın mədəni irsini məhv etməsi barədə beynəlxalq aləmi daha çox məlumatlandırmaq üçün hansı işlər görmək olar? Avropa Birliyi və beynəlxalq insan haqları təşkilatları niyə bu cinayətlərə susur?

 

-Ermənistanın Azərbaycanın dini-mədəni irsini məhv etməsi ilə bağlı əldə olan faktlar barədə məlumatlar dəfələrlə ölkə başçısı tərəfindən ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırılmış və çatdırılır. Həmçinin digər aidiyyəti qurumlar tərəfindən də səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür.

Təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara müxtəlif səviyyələrdə müraciətlər olunub. Müxtəlif vaxtlarda ötən ilədək işğal altında olmuş torpaqlarımızdakı tarixi-dini abidələrimizin acınacaqlı vəziyyəti ilə bağlı foto sərgilər təşkil edilmiş, ingilis, alman, rus, ərəb dillərində kitablar dərc edilmişdir. Çoxsaylı tədbirlər keçirilmiş, Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə beynəlxalq ictimaiyyətin biganə qalmaması, işğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirməsinə dair gözləntilərimizin olduğu ifadə edilmişdir. Lakin təəssüf ki, hazırda bir sıra beynəlxalq təşkilatlar (xüsusən UNESCO) ermənilərin müsəlman abidələrini dağıtması faktına biganəlik nümayiş etdirirlər.

Cari ilin yanvar ayında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Ağdam şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizm və müharibə cinayətlərinin şahidi olmuşdur. Eləcə də yanvar ayının 17-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər etmişdir. Nümayəndə heyətinin üzvləri şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi barədə çağırış etmişlər.

Bu gün Qərbin müəyyən dairələrində işğaldan azad olunmuş ərazilərdə xristian abidələri ilə bağlı narahatlıq ifadə olunur. Ancaq biz onlardan, cənab Prezidentin dediyi kimi, hər şeydən əvvəl, güzgüdə özlərinə baxmalarını istəyirik: “Bu gün Xristianlığı əlində bayraq edib, özünü “Xristianlıq təəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsə unudurlar ki, Xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olub və buradakı qədim xristian abidələri də xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir aidiyyəti yoxdur. ... Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bu məntiqdən belə çıxır ki, ancaq müsəlman məscidlərini dağıtmaq olar? Bu ikili standartların, islamafobiyanın növbəti bariz təzahürüdür”.

Hesab edirik ki, bütün aidiyyəti beynəlxalq təşkilatlar tarixi-dini və mədəni abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı missiya həyata keçirməli və öz hesabatlarında bunu əks etdirməlidirlər. Heç şübhəsiz ki, Azərbaycan hökuməti bu missiya qruplarının işğaldan azad edilmiş ərazilərə səfər etməsinə maksimum imkan yaratmağa və bunun üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə hazırdır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş bütün yerlərə səfərlər edir və oradan dünya ictimaiyyətinə dağıdılmış, məhv edilmiş abidələrin ağır vəziyyətini şəxsən özü dünya ictimaiyyətinin diqqətinə çatdırır: “Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”.

Son baxılan xəbərlər

Qazaxda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
04.05.2018 / 09:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
14.08.2014 / 15:15
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
01.11.2017 / 17:30
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Şəkidə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 15:37
Ətraflı oxu

Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər
17.07.2019 / 15:16
Ətraflı oxu