
Press-relizlər / 15.01.2021 / 16:07
Yanvarın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününün 31-ci ildönümü ilə əlaqədar “Şəhidlər, qanınız yerdə qalmadı!” adlı onlayn formatda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, QMİ-nin bölgədə fəaliyyət göstərən səlahiyyətli nümayəndələri, din xadimləri, dindarlar, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
O da diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.