Dini-tarixi irsimiz: həqiqətlər və erməni mifləri

Xəbərlər / 08.12.2020 / 10:32

Təəssüf ki, adi həyatdan fərqli olaraq, tarixi məkanda və ya siyasi xəritədə qonşuları seçmək olmur. Bu, bir növ, tale məsələsidir. Özü də elə bir taledir ki, onu sənin istəyinin xaricində, bütün etiraz və müqavimətinə baxmadan, zorən yazıblar. O qonşunun adı mayası faşizmlə yoğrulmuş erməniçilik, erməni millətçiliyidir…

Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən sonra “Böyük Ermənistan” mifik xülyasını reallaşdırmaq üçün ermənilər daim həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikmiş, oğurlayıb özününküləşdirməyə çalışmışlar. Bu proses 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrinin ardınca Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymaqla yanaşı, qısa müddətdə zəbt edilən torpaqlara ermənilərin kütləvi surətdə köçürülməsi siyasəti ilə daha geniş vüsət almışdır. Əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, “erməni vilayəti” adlandırılan inzibati bölgünün aparılmasına nail ola bilmişlər. Sözsüz, himayədarları olmadan onlar bu niyyətlərini əsla həyata keçirə bilməzdilər. Bununla da, azərbaycanlıları öz doğma yurd-yuvasından qovmuş, soyqırımına məruz qoymuş, qədim alban məbədlərini özününküləşdirmə işini isə sürətləndirmişlər.

Oğurlanan alban abidələri: “ideoloji istehkamlar”

Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olmuşdur. O, öz mövcudluğunu eramızdan əvvəl IV əsrdən başlayaraq eramızın VIII əsrinə qədər qoruyub saxlaya bilmişdir. Xristianlığın burada yayılıb qəbul edilməsinədək albanlar müxtəlif tanrılara – Günəş tanrısına, Göy tanrısına, Ay tanrısına və digər səma cisimlərinə, həmçinin təbiət qüvvələrinə - suya, oda, torpağa sitayiş edirdilər. İlk orta əsr müəlliflərinin məlumatına əsasən, Xristianlığın qəbuluna qədər yerli əhalinin bir hissəsi bütpərəst olmuşdur. Bütpərəstliyə aid məbədlər Albaniyanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ölkədə müxtəlif dövrlərdə çoxallahlılıq, bütpərəstlik, atəşpərəstliyin yayılmasını arxeoloji araşdırmalar zamanı tapılan kurqanlar, daş qutu və torpaq qəbirlər, katakombalar, sarkofaqlar, küp qəbirlər və s. təsdiqləyir. Bu tapıntılar nəticəsində əhalinin dəfn adətləri və dini həyatı barədə müəyyən təsəvvürlər formalaşmışdır. Məşhur alban tarixçisi M.Kalankatuklunun məlumatına əsasən, Albaniyada sehrbazlar, kahinlər təbəqəsi var idi və onlar qurban mərasimlərini həyata keçirirdilər.

Albaniyada xristian dininin yayılması feodal münasibətlərin yaranması və inkişafına paralel olaraq baş vermişdir. Mənbələrdə Xristianlığın Albaniyaya gəlişinin eramızın I-II əsrinə təsadüf etdiyi göstərilir. Albaniya ərazisində Xristianlığın yayılması İsa Məsihin həvariləri Faddey və Varfolomeyin, eləcə də apostol Faddeyin şagirdləri Müqəddəs Yelisey və Marın adları ilə bağlıdır. Bu fakt olduqca önəmlidir. Çünki bu amil Alban Kilsəsinin qədim olmasını göstərməklə yanaşı, həm də onun başqa kilsələr vasitəsilə deyil, birbaşa İsa Məsihin şagirdləri – həvariləri tərəfindən təsis olunduğunu ortaya qoyur. M.Kalankatuklu yazır ki, Yelisey Qafqaz Albaniyasına Qüds patriarxı tərəfindən göndərilmişdi. Alban Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olmuşdur. Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaq qarşılığında Alban Kilsəsinin Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salındığının, bununla da, Alban Kilsəsinin ermənisayağı qisasın qurbanına çevrildiyinin şahidi oluruq. Azərbaycan ərazisi çar Rusiyası tərəfindən işğal olunduqdan sonra isə ermənilər əsrlər boyu davam edən məkrli niyyətlərinə nail oldular. Belə ki, Erməni-qriqoryan Kilsəsinin təhriki ilə imperator I Nikolay 1836-cı ildə Alban Katolikosluğunu ləğv etdi, onun yerində isə erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaradıldı. Bu, tam qeyri-qanuni olub. Çünki Erməni Kilsəsi ilə Alban Kilsəsi dini baxımdan tamamilə ayrı istiqamətlərdir. Maraqlısı odur ki, çar Rusiyasının dövründə Dağlıq Qarabağdakı alban kilsələri Erməni-qriqoryan Kilsəsinin himayəsinə keçsə də, onlar həmin kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub və orada heç zaman dini ayin icra edilməyib. O zaman ortaya ritorik sual çıxır: əgər bunlar ermənilərə aid dini məbədlərdirsə, nəyə görə ermənilər bu kilsələrdə heç vaxt ibadət etməyiblər? Məsələn, Xudavəng, Gəncəsər, Ağoğlan kilsələri XIX əsrdə zorla Erməni Kilsəsinin tabeçiliyinə verildikdən sonra da ermənilər bu kilsələrdə ayin keçirməyiblər, o cümlədən sovet dövründə, İkinci Dünya müharibəsindən sonra dinə qarşı başlayan yumşalma dövründə də bu kilsələrdən istifadə etməyiblər. Dağlıq Qarabağdakı Xristianlığa aid dini abidələr Erməni Kilsəsinə bağlı idisə, nəyə görə ermənilər çar Rusiyası və sovet vaxtı bu kilsələrlə heç maraqlanmayıblar? Çünki özlərinki saymayıblar. O kilsələri sovet dövründə də biz qoruyub-saxlamışıq. Yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra ermənilər alban kilsələrini qriqoryanlaşdırıblar, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədi ilə ediblər. Onlar həmişə Qafqaz Albaniyası kilsələri ilə mübarizə aparıblar. Ona görə də Erməni-qriqoryan Kilsəsinin rəhbərləri yalnız işğaldan sonra bu məkrli niyyətlərini həyata keçirmək üçün, bu torpaqlarda qalmaq məqsədi ilə çoxlu sərmayə yatıraraq hərbi istehkamlarla yanaşı, “ideoloji istehkamlar” da yaradıblar. Ancaq bütün Azərbaycan xalqı əmindir ki, biz möhtərəm Prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə ermənilərin hərbi istehkamlarını darmadağın etdiyimiz kimi “ideoloji istehkamlarını” da darmadağın edəcəyik. Qərbdəki və ya başqa yerlərdəki ermənipərəstlərin nəsə danışmasından, erməni lobbisinin pulu ilə seçilən senatorların, siyasət adamlarının addımlarından asılı olmayaraq, biz bunu etmişik və edəcəyik.

Etno-natamamlıq kompleksi

Bir sözlə, özlərinə yoxdan mədəniyyət yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə, tarixi abidələrdən kulinariyaya, coğrafi adlardan tarixi şəxsiyyətlərə qədər bir çox məsələdə zaman-zaman ifşa olunan erməni saxtakarlıqları bu gün də öz “axarındadır”. Özü də bu mənimsəmə təkcə biz azərbaycanlılara qarşı yönəlməyib. Bu gün yaşadığımız regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı iddiası olmasın. Şübhəsiz, həmişə bu işlərin “əsas hərəkətverici qüvvəsi” dünyanın müxtəlif bölgələrinə səpələnmiş, geniş maliyyə imkanlarına malik olan çoxsaylı erməni təşkilatları, Erməni-qriqoryan Kilsəsi, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilər olub. Onlar üçün sadə ermənin rifah içində, qonşuları ilə mehriban şəraitdə yaşaması heç vaxt maraqlı olmayıb. Əksinə, tarix boyu millətlərarası ədavətin qızışdırılmasına və baş qaldıran münaqişələrdə öz maraqlarının təmin olunmasına çalışıblar. Nuh peyğəmbərdən tutmuş bir çox tarixi şəxsiyyətin erməniləşdirmək, ilk dəfə odun əldə olunması, təkərin icadı, ilk dəfə metalın əridilməsi, ilk əlifbanın yaradılması, ilk su kanallarının çəkilişi və s. kimi tarixi kəşfləri, ixtiraları öz adlarına çıxmaq, özünü “ali mədəniyyətin daşıyıcısı” adlandırmaq – bütün bu iddialar yalnız bir şeydən xəbər verir: bu etnos ciddi şəkildə natamamlıq kompleksindən əziyyət çəkir.

Ermənisayağı “Mandela effekti” və ya kollektiv paramneziya

“Biz yaxşı bilirik ki, xaç və Bibliya bizim sərvətimizdir, erməni xalqı on iki və yetmiş iki xristian xalqından daha yüksəkdədir, erməni ibadətçiliyi və şarakanı, erməni dünyası və inam simvolu başqa heç bir xalqda yoxdur” – XIX əsrdə yaşamış, erməni ədəbiyyatının klassiki hesab olunan X.Abovyanın “Ermənistanın yaraları” kitabından gətirilən bu iqtibas erməni millətinin gələcək bədbəxtliyinin təməl daşlarından sadəcə biridir. Əlbəttə, öz xalqının yaxşı keyfiyyətlərini təbliğ etmək, gənc nəsli öz tarixinə sevgi ruhunda tərbiyələndirmək cəmiyyətin aparıcı qüvvəsi qəbul olunan ziyalıların işi, hətta borcudur. Ancaq Abovyan və onun kimi zərərli, irqçi düşüncə sahibi olan erməni ziyalıları öz xalqına xidməti onu qonşulara qarşı nifrət ruhunda kökləməkdə, başqa xalqların dəyərlərinə sahib çıxmağa, yad ərazilərdə özünə vətən qurmağa təhrik etməkdə görmüşlər və bu gün də görməkdədirlər. “1915-ci ilin erməni faciəsi” (“La Tragedie Armenienne de 1915” (1988)) adlı kitabında ermənilərin intellektual və maddi mədəniyyət oğurluğunu, tarixi-coğrafi uydurmaları, saxta tarix formalaşdırmağı ənənəyə çevirdiklərini qeyd edən fransız tarixçi Jorj de Malevilin dediyi kimi, “... erməni təbliğat maşınında marksist dialektikasının üç metodu hərəkətə gətirilmişdir: tarixin təzədən yazılması, erməni xalqını istismar edənlərin məxfi sui-qəsdi barədə tezis və mənəviyyat naminə, bilərəkdən onu hüquqla dəyişik salaraq qarşı tərəfin günahlandırılması”. Ona görə də, bütün bu total mənimsəmə, faktları saxtalaşdırma, uydurma cəhdlərinin əsas səbəbini onların etnogenezisində axtarmaq lazımdır. Ümumiyyətlə isə erməni millətini içindən yeyən, onun gələcəyini sual altına salan bu mərəzə biz əminliklə “Mandela effekti” də deyə bilərik, yaddaş pozğunluğunun (paramneziya) kollektiv forması da.

Birinci haşiyə. “Mandela effekti” – hər hansı hadisənin bir qrup şəxsin yaddaşında real faktlara zidd olan, təhrif edilmiş, uydurulmuş formada qalmasıdır. Onun haqqında internetdə ilk dəfə 2010-cu ildə Fiona Brum adlı bir bloqqer yazıb. O, bir yazısında qeyd etmişdi ki, Cənubi Afrika Respublikasında aparteid rejimini çoxirqli demokratiyaya dəyişdirmək mübarizəsinə liderlik etmiş Nelson Mandelanın 1980-ci illərdə həbsdə olarkən öldüyünü çox əminliklə xatırlayırmış. Əslində isə belə olmadığını sonradan öyrənib. Ən maraqlısı isə o idi ki, F.Brum həmin yazını yazanda Mandela sağ idi. Ancaq müəllif bu yanlışını heç cür qəbul edə bilməmiş və düşündüyünü internetdə paylaşaraq digər insanların da belə düşünüb-düşünmədiyini öyrənmək istəmişdi. Nəticə isə çox qəribə olmuşdu: F.Bruma cavab yazanların əksəriyyəti Mandelanın həbsdə ikən vəfat etdiyini xatırladığını yazmışdı.

İkinci haşiyə. Paramneziya – bəzi insanların real hadisələri unudaraq yalançı xatirələr formalaşdırmasıdır. Bu xəstəlikdən əziyyət çəkənlər qeyri-iradi olaraq keçmişdə baş verən hadisələri indiki zamanda baş verən hadisələrlə qarışdırır, gerçək hadisələri təhrif və ya uydurma hadisələrlə əvəz edirlər.

“Erməni tarixi sexləri” və ya mifologemlərə əsaslanan “faktlar”

Diqqət etmisinizsə, erməni millətçiliyinin ortaya atdığı iddialar üçün əsas “istinad mənbəyi” dini-mistik hadisələr, yaxud qədim erməni mətnləridir. Halbuki dəfələrlə şahidi olmuşuq ki, həmin “istinadgah-mətnlər”in əlyazmaları, orijinal nüsxələri ya tapılmır, ya da iddia olunan tarixdən əsrlər sonralara gedib çıxan köçürmələr şəklində təqdim olunur. Bunu özləri də etiraf edirlər. Məsələn, 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Сокровища академических собраний Санкт Петербурга” (“Sankt-Peterburqun akademik külliyyat xəzinəsi”) kitabının tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan prof. Yuri Petrosyan yazır ki, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları arasında bir dənə də olsun orijinal mətn yoxdur, 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir və bəlkə də, onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni alimi onu da etiraf edir ki, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir.

Son illər Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda çoxsaylı müəlliflər tərəfindən erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılıb, yüzlərlə kitab, jurnal, məqalə dərc olunub. Ancaq erməni təbliğat maşını yenə də “şakərindən” əl çəkmir, Azərbaycana məxsus İslam dini abidələrini mədəni terrora məruz qoyur, özgəninkiləşdirir, qədim alban-xristian məbədlərini isə özününküləşdirir və bu niyyətinə çatmaq üçün hər cür hiyləyə, fitnəkarlığa əl atmaqdan da çəkinmir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günə Azərbaycan ordusunun qarşısında diz çökən erməni separatçıları acı məğlubiyyətləri, düşdükləri rəzil durumla barışmaq istəmir və işğaldan azad etdiyimiz ərazilərimizdəki Gəncəsər, Xudavəng, Ağoğlan və s. kimi qədim, tarixi alban kilsələrini həyasızcasına özlərininki elan edirlər. Halbuki qədim alban abidələri özlərinin memarlıq quruluşuna görə erməni kilsəsindən tamamilə fərqlənir. Məsələn, Erməni-qriqoryan Kilsəsində altarın hündürlüyü 130-140 sm olduğu halda, Alban Apostol Kilsəsində 70-75 sm-dir. Alban xaçının simvolları da erməni xaçından nəzərəçarpacaq dərəcədə fərqlənir. Belə ki, alban xaçı üzərində Ay və məşəl elementləri mövcuddur. Bu da Xristianlıqdan öncə Albaniyada mövcud olmuş inancların qalıqlarıdır. Bu gün udilərin kompakt yaşayış yerlərindəki xristian qəbirləri, xristian abidələri, qədim arxeoloji tapıntılar da müasir Azərbaycanın bölgələrində qədim alban irsinin mövcudluğunun əyani sübutudur. Bunlara əsasən demək olar ki, Alban Apostol Kilsəsi məbədlərinin arxitekturasına, xaç simvolundakı elementlərə, dini rəhbərlərinin geyimlərinə görə Erməni-qriqoryan Kilsəsindən fərqlənir. Həmçinin aparılan tədqiqatlar onu deməyə əsas verir ki, Alban Apostol Kilsəsinin kifayət qədər inkişaf etmiş kilsə təşkilatı, formalaşmış ayinləri olub.

Ermənilərin abidələr üzərində apardıqları saxtakarlığı üzə çıxaran daha bir fakt isə Kəlbəcərin işğaldan azad edilməsindən sonra burada tapılan bir obyekt oldu. Onu əminliklə tarixdə misli görülməyən saxtakarlıq nümunəsi də adlandıra bilərik. Özlərinin bu torpaqların “qədim sakinləri” olduqlarını dünyaya “sübut etmək” üçün hər yola əl atan ermənilərin Kəlbəcərdə “tarix istehsal edən emalatxanalar”ı aşkarlandı. Sən demə, bu illər ərzində erməni daş ustaları üzərinə əski hərflər, işarələr, erməni xaçları əlavə edərək hazırladıqları qədim qəbir daşı formasındakı daşları xüsusi hazırlanmış məhlulun içərisində saxlayırmışlar ki, bir müddət sonra daşlar eroziyaya və rəng dəyişikliyinə uğrasın, dolayısı ilə “qədimiləşsin”. Sonradan isə bu “qədim daşlar” “gələcək arxeoloji qazıntı” şəklində Kəlbəcərdə və işğal etdikləri digər ərazilərimizdə basdırılırmış...

Ölkə başçısı cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətində Kəlbəcərdə mövcud olan kilsələrin qədim Qafqaz Albaniyası dövlətinə məxsus olduğunu bir daha bəyan etməklə bu mövzuya nöqtə qoydu: “Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası Alban Kilsəsini ləğv etdi, Alban Kilsəsinin bütün mülkiyyətini Erməni-qriqoryan Kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.

Eyni zamanda, bu günlərdə Alban-udi Xristian dini icmasının nümayəndələrinin Kəlbəcərdəki Xudavəng kilsəsini ziyarət etməsi və burada dini ayinlərini icra etməsi bir daha göstərir ki, işğal olunmuş ərazilərdəki dini abidələr bizim tarixi irsimizdir.  Azərbaycan hökuməti bu irsi qorumağa və əsl sahiblərinə qaytarmağa qadirdir.

“Narahatlar”ın səfsətəli hay-küyü

Ancaq Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanı diz üstə çökdürməsi, məğlub etməsi faktını heç cür qəbul edə bilməyən bəzi Qərb siyasətçiləri və ziyalıları bu cür saxtakarlıqları görmür, işğaldan azad etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək taleyindən “narahatlıq” ifadə edirlər. Şübhəsiz, bu cür hay-küy salanların məqsədi Xristianlığın deyil, Ermənistanın təəssübünü çəkməkdir. Bu həm də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın və əhalisinin, demək olar ki, hamısı xristian olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi din siyasətindən bixəbərlikdir, Ermənistanın dövlət səviyyəsində müsəlman abidələrinə qarşı törətdiyi vəhşiliklərə gözünü, ağzını və qulağını bağlamaqdır – yapon pritçasındakı “üç meymun”u oynamaqdır. Ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst şəkildə öz əqidə formasını seçməsi, dini dözümlülük şəraitinin mövcudluğu, dövlətimizin din siyasətinin uğurları bir çox beynəlxalq təşkilat, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən dəfələrlə etiraf olunub, Azərbaycanın dövlət-din münasibətləri modeli nümunə göstərilib. Azərbaycan milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan tarixi-mədəni irsin qorunub-saxlanmasına, təmir-bərpasına və yenidən qurulmasına  xüsusi diqqət ayırır. Maddi-mədəniyyət abidələrinin bərpası və qorunmasına daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə qədim tarixi abidələr yenidən qurulur, yeniləri inşa edilir. Xalqımızın genetik yaddaşından irəli gələn müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşmaq ənənəsinin dövlət siyasəti ilə də dəstəklənməsinin nəticəsidir ki, ölkədəki tolerantlıq gün-gündən daha da möhkəmlənir, ölkəmiz dünyada multikulturalizmin mərkəzinə çevrilib. Ancaq nədənsə “narahat” Qərb bunları görmür. Əslində, biz onlardan bunu heç gözləmirik də. Çünki xislətləri budur. Ancaq biz onlardan, cənab Prezidentin dediyi kimi, hər şeydən əvvəl, güzgüdə özlərinə baxmalarını istəyirik: “Bu gün Xristianlığı əlində bayraq edib, özünü “Xristianlıq təəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsə unudurlar ki, Xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olub və buradakı qədim xristian abidələri də xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir aidiyyəti yoxdur. ... Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. ...Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılması, gələcək nəsillərə ötürülməsi düşüncəsinin dövlət siyasətinin tərkib hissəsinə çevirməsinin nəticəsidir ki, bu gün ölkədə məscidlərlə yanaşı, digər dinlərin ibadət evləri təmir və yenidən bərpa olunur, yaxud yeniləri tikilir. Son illər Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində, Gəncədəki “İmamzadə” kompleksində, o cümlədən “Jen Mironosets” baş kafedral kilsəsində, “Müqəddəs Məryəmin Miladı” baş kilsəsində, Şəkidəki Kiş məbədində, Qəbələnin Nic qəsəbəsindəki Çotari alban-udi kilsəsində, Bakının mərkəzində yerləşən erməni-qriqoryan kilsəsində əsaslı təmir-bərpa işləri aparılıb. Eyni zamanda, Qafqazın ən möhtəşəm dini abidələrindən olan Heydər məscidi, Bakıda Dağ yəhudiləri və Avropa yəhudiləri üçün sinaqoqlar inşa edilib. Bu istiqamətdə görülən işlərdən danışarkən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Fondun maliyyə dəstəyi ilə Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas, Həzrət Zeynəb məscidlərində, Bakıdakı Pravoslav kilsəsində və 44 günlük Vətən müharibəsi dövründə Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılıb. Eyni zamanda, Bakıdakı Müqəddəs Məryəm kilsəsi asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, məbədin fasadında keramik panno yerləşdirilib. Heydər Əliyev Fondunun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Onun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri ilə yanaşı, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib, Fransada bir sıra kilsələr və Romada katakombalar bərpa olunub, Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsi ucaldılıb.

Bu sadalananlar həm də onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizdəki xristian mirasına görə “narahatlıq” səfsətədir, xristian təəssübü adı altında gizlədilmiş riyakarlıqdır, qərəzdir. Müsəlman abidələri ilə yanaşı, mənşəyindən asılı olmayaraq, xristian məbədləri də dövlətimiz tərəfindən yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcəkdir – bu, birmənalıdır.

Qumdan ev tikmək arzusu – bir fırtına ilə puçdur və heçdir!

Nəticə etibarilə deyə bilərik ki, ermənilərin, onların havadarlarının yalanlar, saxtakarlıqlar üzərində qurmaq istədikləri “Böyük Ermənistan” və bu mif uğrunda göstərdikləri bütün səylər qumdan ev tikmək xülyasından başqa bir şey deyil. Kim bilir, bəlkə də, yaşadıqları “Mandela effekti” və kollektiv paramneziya onlara həm də onu unutdurub ki, qumdan tikilən evdən yurd olmaz və o evin uçması bircə küləyin əsməsinə bənddir. Necə ki, sentyabrın 27-dən noyabrın 10-dək müzəffər Azərbaycan əsgəri döyüş meydanında qopartdığı fırtına ilə bunu bir daha sübut etdi!

 

Sadiq Mirzəyev,

Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin Dini marifləndirmə

işinin təşkili şöbəsinin müdiri

 

Son baxılan xəbərlər

"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Press-relizlər
08.02.2019 / 17:56
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ...

Xəbərlər
27.09.2022 / 18:12
Ətraflı oxu

Mingəçevirdə radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.11.2022 / 17:35
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər
22.10.2018 / 15:07
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
07.09.2018 / 15:36
Ətraflı oxu

“Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
14.09.2021 / 12:58
Ətraflı oxu