
Xəbərlər / 07.11.2020 / 15:41
Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib. Noyabrın 7-də keçirilən mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri, rayonun rəhbər şəxsləri, Alban-Udi Dini İcmasının üzvləri, Azərbaycanda yaşayan xristianlar iştirak edib.
Qeyd olunan kilsənin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Heydər Əliyev Fondu 2019-cu ildə kilsənin təmirinə başlayıb, bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Qeyd edək ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.