Press-relizlər / 18.08.2020 / 18:19
Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirdə İmişli RİH başçısının birinci müavini Səfa Ağayev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin İmişli rayonu üzrə səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda qeyd edilib ki, mövcud şəraitdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması, yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilir.
Çıxışlarda həmçinin qeyd edilib ki, qarşıdan gələn Məhərrəm ayında, habelə yas mərasimlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi riayət olunmalıdır.
Dini icmalara və dindarlara karantin rejiminin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tapşırıq və tövsiyələr verilib.