Press-relizlər / 19.02.2020 / 16:55
Fevral ayının 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu Xocəsən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri və Binəqədi Rayon Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülməmmədov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında bildirib ki, bu gün Azərbaycan bütün dünyada dövlət-din, həmçinin dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu ölkə kimi tanınır. Azərbaycan tolerant, multikultural mühitin formalaşması, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olması baxımından mükəmməl nümunə təşkil edir. Multikultural və tolerant dəyərləri öz siyasətinin tərkib hissəsinə çevirən dövlətimiz dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb və bu, hər sahədə hiss edilməkdədir. Ümummilli Lider “İslam Sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimindəki nitqində bu mərama belə diqqət çəkib: “Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir.”
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.