Press-relizlər / 19.02.2020 / 14:38
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, eləcə də şəhid ailələrinin üzvləri və gənc könüllülər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil hücum etmiş və dinc, silahsız əhaliyə qarşı amansız qırğınlar törətmişlər. Həmin faciədən 28 il keçməsinə baxmayaraq erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəzalarını almamış, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri yerinə yetirilməmişdir. Çıxışlarda həmçinin vurğulanıb ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.
Tədbirin sonunda Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil olunmuş Xocalı soyqırımı ilə bağlı sərgi nümayiş etdirilib.