Press-relizlər / 18.02.2020 / 15:33
Fevralın 18-də Masallı rayonu Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda seminar-treninq keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nizami Məmmədov, tam orta məktəbin direktoru Elmira Zeynalova, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları çıxışlarında narkomaniyanın ümumilikdə cəmiyyətin problemi olmasından, onun bir qayda olaraq birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir etməsindən söz açıblar. Vurğulanıb ki, bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi prioritet məsələdir və gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsidir. Tədbirdə eyni zamanda, narkomaniyanın törətdiyi fəsadların qarşısının alınması və bu sahədə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.