
Press-relizlər / 19.12.2019 / 15:57
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Əli Şirinov adına Qaravəli kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin direktoru Şərif Alqayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən danışılaraq bildirilib ki, dövlətimiz tərəfindən aparılan düzgün və mütərəqqi siyasət nəticəsində cəmiyyətimizdə dini durumu gərginləşdirməyə çalışan kənar qüvvələrin göstərdiyi təşəbbüslər uğursuzluğa düçar olur. Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal qrupların internetdən, xüsusilə sosial şəbəkələrdən geniş yararlanaraq təbliğat aparmaları haqqında ətraflı məlumat verilib, bu kimi təhlükələrə qarşı gənclərin milli-mənəvi dəyərlər və adət-ənənələri özündə ehtiva edən prinsiplər əsasında tərbiyə olunmasının vacibliyi vurğulanıb. Sosial platformalarda radikal və ekstremist çağırışları, din pərdəsi altında zərərli ideologiyaları, xurafatı, cəhaləti təbliğ etməyə cəhd göstərən qüvvələrə qarşı mübarizədə gənc nəslin aktiv olmasının və vətəndaşlıq mövqeyinin göstərilməsinin önəmi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilmiş maarifləndirici ədəbiyyat paylanıb.