
Press-relizlər / 09.12.2019 / 11:49
Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Akos Naqi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Dünya Dini Liderlərinin 2-ci Sammitinin yüksək səviyyədə təşkilinə görə təşəkkür məktubu ünvanlayıb.
Məktubda 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı zirvə görüşünün əhəmiyyəti, sammitin dinlərarası dialoqun möhkəmləndiriməsinə verdiyi töhfələr, toplantının bu istiqamətdə mədəni əməkdaşlığa yaxşı imkanlar açdığı vurğulanıb. Sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirlərinin müzakirələri aparılan Zirvə görüşünün din xadimlərinin dünyaya öz mesajını çatdırması üçün ünikal platforma kimi çıxış etdiyi qeyd olunub.
Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Akos Naqi, eyni zamanda müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbirin dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə öz layiqli töhfəsini verdiyini yazıb. Akos Naqi Sammit çərçivəsində müxtəlif dinlərin, məzhəblərin lider və nümayəndələrinin bir araya gəlməsini, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu din və ictimai xadimlərin iştirakı ilə müzakirəsini yüksək qiymətləndirib və əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.