
Press-relizlər / 24.10.2019 / 14:30
Oktyabrın 23-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə “Dövlət və din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın əməkdaşı Amal Məlikov, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev vurğulayıb ki, inanclı, dindar insanların dövlətin qanunlarına, digər dinlərə hörmət etməsi və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, dövlət-din münasibətlərini özündə əks etdirən müddəalar barədə danışaraq bildirib ki, bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradılıb. Bildirib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.
Daha sonra çıxış edən Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini qeyd edib, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildirib.
Tədbirdə “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirilib.