Press-relizlər / 18.06.2019 / 15:48
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Murad Cəfərov, din xadimləri və qəsəbə dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd edib ki, dini radikalizmlə mübarizənin əsas istiqamətlərindən biri düzgün maarifləndirmədir.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov bildirib ki insanları dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Murad Cəfərov çıxış edərək Dini radikalizm və ekstremizmə qarşı mübarizə metodu kimi İslam dininin tövsiyələrindən düzgün istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğumuzu diqqətə çatdırıb.