
Press-relizlər / 11.03.2019 / 17:32
Bakı Dövlət Universitetində (BDU) “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda konfrans keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Nazir müavini Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalandığını xatırladıb. Bu sazişin, eləcə də həyata keçirilən digər böyük layihələrin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğulayıb.
Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, ölkənin sosial-iqtisadi inkişafının daha da yüksəldiyini qeyd edib. O, ölkə rəhbərinin şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əməkhaqqının, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı sərəncamları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə gördüyü genişmiqyaslı işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikası daha da güclənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, aparılan sistemli islahatlar hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlib. Hicran Hüseynova, həmçinin ailə strategiyası layihəsi və ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilməsi və dünyada nümunə kimi qəbul edilməsindən danışıb. Eyni zamanda, Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstəyi, ölkəmizdə multikulturalizm və İslam həmrəyliyi, bütün dinlərin nümayəndələrinin sülh və tolerant şəraitdə yaşaması barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, BDU-nun professoru Nuru Məmmədov, filologiya fakültəsinin tələbəsi Əliqulu Bədirli və digər çıxış edənlər də Prezident İlham Əliyev siyasətinin əhəmiyyətindən, respublikamızda gənclərə, onların təhsilinə göstərilən diqqət və qayğıdan danışıblar.