Press-relizlər / 31.10.2018 / 17:14
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir Qəbələ şəhər Mərkəzi Cümə məscidində “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ şəhər Yeni məscidinin imamı Laçın Ağalarov, dini icma üzvləri və ziyalılar iştirak ediblər.
Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Z. Şirinov çıxış edərək bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.
Qəbələ şəhər Yeni məscidinin imamı L. Ağalarov çıxışında yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyini diqqətə çatdırıb, eyni zamanda, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Oktyabrın 31-də “Uşaq hüquqları aylığı” çərçivəsində Saatlı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə isə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Saatlı şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva açaraq bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr- 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov öz çıxışında gənclərin zərərli vərdişlərdən qorunmasının zəruriliyindən danışıb.
Tədbir disskusiya şəkildə davam edib.
***
Oktyabrın 31-də Qax rayonunun 4 nömrəli tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin müəllimləri və şagirdlərlə birgə tədbir keçirilib. Qax Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Qax rayonunun 4 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aynurə Rəhimova, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir Qax rayonunun 4 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavininin çıxışı ilə başlayıb. Daha sonra məktəbin şagirdləri mövzu ilə əlaqədar çıxış edərək öz bilik və bacarıqlarını nümayiş ediblər.
Tədbirin sonunda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat verilib.
***
“Uşaq hüquqları aylığı” çərçivəsində daha bir tədbir oktyabrın 31-də Astara Rayon Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonu Artupa kənd Yaqub Ağayev adına tam orta məktəbdə keçirilib.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan bəhs edib. R.Həsənov ölkəmizdə uşaqların hüquqlarının qorunduğunu və bu sahədə mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında yeniyetmə və gəncləri zərərli vərdişlərin, dini fanatizm və dini radikalizmin təsirindən qorumaq üçün ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. T.Həsənzadə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm rolu olduğunu bildirib.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaqların hüquq və vəzifələri haqqında ətraflı danışaraq, ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyini və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyini vurğulayıb.
Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsinin rəhbəri Asif Hüseynquliyev ölkəmizdə elmə, təhsilə böyük qayğının olduğunu, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.
Astara rayonu Artupa kənd Yaqub Ağayev adına tam orta məktəbin direktoru Zaur Hüseynov gələn qonaqlara iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirib. Z.Hüseynov keçirilən bu kimi tədbirlərin məktəblilərin dünyagörüşünün formalaşmasında böyük rol oynadığını bildirib.