
Açıqlama / 18.05.2015 / 18:01
“Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsinə baxılır və müzakirə olunur. Nazirlər Kabineti bunu ayrıca qərar və yaxud qanun kimi də verə bilər”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, hər halda layihə var və müzakirə olunur: “Hazırda məzarlıqların, qəbiristanlıqların idarəçiliyi məsələləri müəyyən qərarla reqlamentləşdirilib. Yəni, bu var. Sadəcə olaraq ora yeniliklər əlavə olunub. Təbii ki, yeniliklərə uyğun olaraq da bunun üzərində iş gedir. Əgər münasib bilinsə bu layihə qanun kimi göndərilə bilər”.
M.Qurbanlı idarəçilik məsələsinə də toxunaraq deyib ki, nəzərdə tutulur ki, bu yerli icra strukturları və bələdiyyələrin ixtiyarına verilsin: “Bələdiyyədə məxsusi olaraq bununla bağlı şura yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, qərar və yaxud qanun qəbul olunandan sonra bu tam öz əskini tapacaq. Ona görə də müzakirələr gedir. İndikindən fərqli şeylər odur ki, qəbiristanlıqların, qəbir yerlərinin yeri və qəbir daşlarının eyni olması məsələsi qəti şəkildə layihədə öz əksini tapır. Bəzən görürsən ki, adamlar əvvəlcədən yer götürürlər və s. Gələcəkdə bu kimi hallara yol verilməyəcək. Əgər bu qərar qəbul olunsa, gələcəkdə qəbiristanlıqda istisna hal yalnız o ola bilər ki, ər istədikdə xanımının yanında dəfn olunmasını göstərə bilər. Bu zaman yer saxlanıla bilər. Qalan hallarda heç bir yerin saxlanılmasına icazə verilmir”.
Komitə sədri qeyd edib ki, qəbiristanlıqla yaşayış məskəni arasında məsafə minimum 100 metr olmalıdır: “Eyni zamanda məzarlıqlarda dəfn mərasimləri ilə bağlı məsələdə orada xüsusi qeyd olunur. Yas ərasimləri bağlı orada heç bir şey yoxdur. Bu yalnız dəfn mərasiminə aiddir. Yas mərasimlərində yemək məsələsi adət-ənənəyə bağlı olan bir məsələdir. Biz də bilirik ki, İslamda yas mərasimlərində yemək verilməsi sonradan meydana çıxıb. Hazırda klassik bir çox İslam ölkələrində yas mərasimlərində hər hansı bir yeməkdən söhbət getmir. Bu gün Azərbaycanda yas mərasimləri 3 günlə yekunlaşır. Bir çox yerlərdə yalnız çay süfrələri açılır. İnsanlar başa düşürlər ki, yemək ehsan deyil. Yemək ehsanların sırasında bəlkə də sonuncu yerdə dayanan bir məsələdir. Ehsan anlayışı tamam geniş bir anlayışdır”.