Press-relizlər / 20.07.2018 / 09:39
İyulun 19-da Zərdab Rayon İcra Hakimiyyətində (RİH) RİH və hüquq-mühafizə orqanları rəhbərlərinin də iştirakı ilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Lütvəli Babayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Çıxışında 3 və 10 iyul tarixlərində Gəncədə baş verən terror hadisələrinə də toxunan natiq iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasa diqqət çəkib. Törədilmiş qanlı cinayətlərin dövlətçiliyimizə qarşı törədilmiş terror kimi qiymətləndirildiyini, bunun özlüyündə sülh və mərhəmət dini olan İslam dininə qarşı ən böyük cinayət olduğunu vurğulayıb. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini qeyd edən Lütvəli Babayev Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını vurğulayıb.
Tədbirdə Rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab şəhər “Cümə” məscidinin din xadimləri Feyzulla Tağıiyev və Şahsuvar Əmiraslanov da çıxış edərək İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirərək bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildiriblər.
Görüşdə ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğu vurğulanıb, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin edilməsi müsbət hal kimi qiymətləndirib.